Onlayn ictimai-siyasi qəzet
Okeanın o tayındakı görüş nəticəsiz bitdi; Paşinyan vaxtı uzatmaqla ölkəsini dalanda saxlamaq istəyir? “Blinken və komandası sülhdən danışarkən vaxt üzərində yox, fakt üzərində fokuslanmalıdır”
İyulun 10-unda, Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. NATO sammiti çərçivəsində baş tutan görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub. Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Entoni Blinkenin təşəbbüsü ilə keçirilib.
Görüşdən sonra verilən açıqlamada bildirilib ki, Blinken Bayramov və Mirzoyanla sabit və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişləri müzakirə edib və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib. Dövlət katibi həmçinin regional əlaqələrin təşviqi istiqamətində sülhün vacibliyini vurğulayıb, onun sözlərinə görə, bu, bütün Cənubi Qafqazın maraqlarına cavab verir (Modern.az).
Siyasi ekspertlər isə deyirlər ki, nə qədər ki, Ermənistan konstitusiyasında dəyişiklik həyata keçirilməyib, sülh sazişinin imzalanması mümkün deyil. Amma tərəflər ümumi niyyətləri ifadə edən çərçivə sazişini ilin sonuna qədər imzalaya bilərlər. Vaşinqtonun çalışdığı da məhz budur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə bildirib ki, rəsmi İrəvanın Azərbaycanla ən qısa müddətdə Cənubi Qafqaza sabitlik gətirəcək sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var.
Görüşdə sürpriz qərarların qəbul olunmayacağı, fövqəladə hadisənin baş verməyəcəyi əvvəldən bəlli idi. Hətta son günədək nazirlərin görüşünün keçirilməsi də sual altında idi. Heç şübhəsiz ki, burada Ermənistanın destruktiv mövqeyi əsas səbəblərdən biridir. Həmçinin rəsmi İrəvan sülh prosesini pozmaqdan, yekun razılaşmanı imzalamamaqdan ötrü hər cür fitnəyə əl atmaq iqtidarındadır.
Yeri gəlmişkən, ötən il Vaşinqton prosesi çərçivəsində görüşlər keçirilsə də, davamı gəlmədi. Sonrakı dönəmlərdə Rusiyanın da Vaşinqtonun moderatorluq etdiyi danışıqlara əsəbi reaksiyasını müşahidə etdik. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, danışıqların ikitərəfli qaydada aparılması yeganə uğurlu formuladır. Üstəlik, bu təşəbbüs özünü doğruldub, tarixdə ilk dəfə olaraq ikitərəfli danışıqların nəticəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasına başlanılıb. Belə olduğu halda, ziddiyyətləri tətikləyən vasitəçiyə niyə ehtiyac olmalıdır ki?
Bu arada ABŞ dövlət katibi Entoni Blinken almaniyalı həmkarı Annalena Berbokla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ətrafında fikir mübadiləsi aparıb. Musavat.com Report-a istinadla xəbər verir ki, bu barədə amerikalı diplomat sosial şəbəkədə yazıb. “Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşərək Ukraynaya dəstək, Qəzza zolağında atəşkəsin təmin edilməsi və Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsində irəliləyişi müzakirə etdik”, - ABŞ-ın baş diplomatı qeyd edib. Göründüyü kimi, ABŞ ilin əvvəlindən Türkiyə ilə müştərək qaydada prosesə dəstək vermək niyyətini digər platformalarda da xatırladır.
Bəs ümumiyyətlə, budəfəki ABŞ masası nə vəd edir? Sülh prosesi yeni stimul qazanacaq, yoxsa sadəcə, “ağ qoşa” qoyulacaq? O zaman belə görüşə nə lüzum? Yoxsa Amerika Ermənistanın “əlindən” tutmaq istəyir? Danışıqların növbəti raundu harada keçirilə bilər? Bundan əlavə, Vaşinqton danışıqlarına Rusiyanın qıcıqlı reaksiyası ola bilərmi?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistanla ikitərəfli format xaricində heç bir danışıq aparmır və aparmayacaq: “Bu baxımdan götürdükdə ABŞ dövlət katibi Entoni Blinkenin iyulun 10-da Vaşinqtonda təşkil etdiyi üçlü görüş sülh danışığı yox, sadəcə, Vaşinqtonun bu yöndə səy göstərdiyinin sərgilənməsi idi. Siz Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqton səfərlərinin nəticəsi olaraq Blinkenə nə üçün təşəkkür etdiklərinə diqqət yetirsəniz, bizim də, qarşı tərəfin də bu görüşü necə qiymətləndirdiyini açıq-aydın görəcəksiniz. Azərbaycanın xarici işlər naziri X-də NATO-nun Vaşinqton sammitində özünə və heyətinə göstərilən qonaqpərvərliyə, Ararat Mirzoyan isə üçlü görüşün təşkilinə görə Blinkenə təşəkkür etdiklərini bildirir. Demək ki, bir daha vurğulayıram, Azərbaycan Ermənistanla ancaq ikitərəfli format çərçivəsində danışıqlara üstünlük verir və bu baxımdan həmin üçlü görüşdən heç bir gözləntisi yox idi”.
S.Alıyev qeyd etdi ki, irəvandakılar bu görüşə Ermənistan konstitusiyasına dəyişiklik edilmədən, havadarlarının yardımı ilə tez-tələsik bir çərçivə sənədinin imzalanması üçün növbəti fürsət olaraq yanaşırdılar: “Haylar, onlardan da çox havadarları hətta orada Qarabağı tərk edənlərin geri qaytarılması məsələsinin də əksini tapmasına çalışırlar. Bununla bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə açıqlanıb və kimin nə istəməsindən, payızda nəyə hazırlaşmasından asılı olmayaraq biz Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası aradan qaldırılmayınca, hətta çərçivə sənədi belə imzalamaq niyyətində deyilik.
Azərbaycanlıların indi Ermənistan adlanan torpaqlardakı yurd yerlərinə dönüşünə izn verilmədiyi təqdirdə Qarabağı tərk edib gedən hayların da geri qayıtmaları mümkünsüzdür. Ona görə də Blinken və komandasındakılar Azərbaycanla Ermənistan arasında sülhdən danışarkən vaxt üzərində yox, fakt üzərində fokuslanmalıdırlar. Yəni deməli və dedirtməli deyillər ki, iki ölkə arasında sülh bir aya mümkündür. Deməlidirlər ki, Azərbaycanla Ermənistan arasında sülhə qarşı bircə əngəl qalıb, o da ikincinin öz konstitusiyasına dəyişiklik etməsi ilə aradan qalxa bilər".
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə bildirdi ki, Azərbaycan Ermənistanla bütün platformalarda sülh proseslərini və sülh müqaviləsinin bağlanmasını müzakirə etməkdən imtina etməyib: “İstisna Fransa prezidentinin iştirak etmək istədiyi və Avropa İttifaqının təşkil etmək istədiyi görüş olub. Onun da səbəbləri məlumdur. Vaşınqtonda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində ABŞ dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüş də belə görüşlərdəndir. Əlbəttə, dialoq hər zaman vacibdir. Amma mən bu görüşün sülh müqaviləsi imzalanması istiqamətindəki səylərə əsaslı təsir edəcəyini düşünmürəm”.
S.Məmmədov bildirdi ki, əslində Qazaxıstandakı (may, 2024 - red.) görüş daha səmərəli idi: “Hazırda sülh müqaviləsinin imzalanmasına gedən yolda mövcud olan ciddi problemlər qalmaqdadır. Bu, ilk növbədə Ermənistanın Azərbaycana və Türkiyəyə olan ərazi iddiasının Ermənistanın Müstəqillik Bəyannaməsi və konstitusiyasında qalması ilə bağlıdır. Ermənistanın ali qanununda ölkəmizə qarşı ərazi iddiasının qalması sülh müqaviləsinin əhəmiyyətini heçə endirir. Sülh müqaviləsi beynəlxalq razılaşma kimi statusuna görə konstitusiyadan aşağı statuslu sənəddir. Bu baxımdan müstəqillik bəyannaməsi və konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qaldıqca əhatəli və tam sülh müqaviləsinin bağlanması mümkün olmayacaq. Çərçivə sənədi ola bilər, hansısa məsələlər açıq qalmaqla bir sənəd də imzalana bilər. Amma bu, son sənəd olmayacaq”.
Ekspert əlavə etdi ki, ikinci məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır: “Bu proses başlansa da müəyyən mərhələdə çətinliklər yaranacaq. Ermənistanın bəzi hissələrdə mübahisə yaradacağı gözlənilir. Nəhayət, Zəngəzur dəhlizi məsələsi. Əslində sonuncu məsələ o qədər də mürəkkəb deyil. Ermənistan heç nə itirmir, əksinə, qazanır. Vaşınqton görüşü ABŞ üçün daha vacib idi. Onlar özlərini sülhpərvər, sülh müqaviləsinin bağlanmasında maraqlı tərəf kimi göstərmək istəyir. Digər tərəfdən, Cənub Qafqazda məsələlərin həllində əhəmiyyətli rola malik olmalarını göstərməyə cəhd edirlər. Gürcüstanla ABŞ və Avropa İttifaqı arasında yaranan gərginlikdən sonra Qərbin Cənubi Qafqazda forpostu rolunu Ermənistanın oynayacağına ümid edirlər. Amma bu da çətin məsələdir. Bir daha qeyd edim ki, belə görüşlərin olması normaldır və yəqin ki, başqa platformalarda və ya ikitərəfli qaydada təmaslar davam edəcək. Amma əsas məsələ odur ki, istənilən sülh prosesi ilk növbədə Azərbaycanın və Ermənistanın maraqlarına uyğun bağlanmalıdır. Üçüncü tərəflərin maraqları isə hələ ki prosesə töhfədən çox ziyan vurmaqdadır”.
Bu arada, Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatı yazır ki, baş nazir Nikol Paşinyan bu yaxınlarda tamamilə yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalayıb. Yəni Paşinyan konstitusiyaya düzəlişlər etmək niyyətində deyil, yenisini hazırlamaq istəyir. Erməni politoloqlar deyirlər ki, Paşinyan parlamentin hazırkı komitəsinin iki ilə yaxındır davam edən konstitusiya islahatı cəhdlərini ləğv edib. Paşinyanın yaratdığı digər problem odur ki, o, sözügedən komitəyə yeni konstitusiya layihəsi hazırlamaq üçün 2026-cı ilin sonuna qədər möhlət verib. Haqlı olaraq bildirilir ki, Paşinyanın mövqeyi daha iki il yarım ərzində Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamayacağı anlamına gəlməyə əsas yaradır. Görünür, Paşinyan həm vaxt qazanır, həm də...
Beləcə, okeanın o tayında keçirilən daha bir görüş nəticəsiz bitdi. Əslində sülhün açarı Azərbaycan Prezidentinin təqdim etdiyi ünvandadır - konstitusiya dəyişiklikləri ilkin addım olmalıdır. Paşinyan bu istiqamətdə addımların anonsunu verib, amma prosesi uzatmaq heç də onun xeyrinə olmaya bilər, çünki reytinqi günbəgün azalır. Kim bilir, bəlkə ölkəsinin dalanda qalmasından məmnundur.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ