Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın konyakdan başqa Qərbə verəcəyi heç nəyi yoxdur”
Almaniyanın aparıcı “Tagesschau” xəbər saytında Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub.
“Bakı-Xəbər” qəzetində dərc olunmuş məqalədə bildirilir ki, Aİ rəsmisinin Bakıdan İrəvana səfər etməməsi və bu barədə heç bir aydın səbəbin göstərilməməsi Ermənistanda narahatlıqla qarşılanıb. Kallasın Bakıya səfəri, İrəvana getməməsi erməni mediasında Azərbaycanın Avropa məsələsində Ermənistanı qabaqladığı kimi izah olunur.
Bununla bağlı Armenianreport portalı yazır: “Kallası Qarabağ uğrunda müharibə aparan ölkəyə səyahət etməyin yanlışlığı barədə xəbərdar edənlərin irəli sürdükləri arqumentlər qüsursuz idi. Lakin o, yenə də Bakıya getməyi seçdi. Üstəlik, o, nəinki Ermənistana bu qədər düşmən münasibət bəsləyən bir dövlətin paytaxtına səfər edib, həm də bu ölkəni açıq-aşkar tərifləyib və orada qaldığına görə sevincini bildirib”.
Bəs Kallas İrəvana niyə getmədi?
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Kaya Kallasın Azərbaycana səfərinin tarixi və zamanı təsadüfi seçilməyib: “Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi Kaya Kallasın gəlişinin qısa müddət çərçivəsində razılaşdırıldığını düşünürəm. Eyni zamanda hesab edirəm ki, Ermənistanla sülh müqaviləsinin bağlanması görüşdə müzakirə olunsa da, çox güman ki, səfərin əsas məqsədi bu olmayıb. Avropa İttifaqı hazırda sürətlə özünün iqtisadi və hərbi təhlükəsizliyinin formalaşdırılması üçün işlər görməyə başlayıb. İttifaqda olmayan Böyük Britaniya da bu istiqamətdə eyni siyasətin yürüdülməsi üçün danışıqlar aparır. Səbəb isə ABŞ-la strateji müttəfiqliyi saxlamaq şərti ilə Avropanın iqtisadi və hərbi müstəqilliyinə nail olmaqdır. Çünki ABŞ Prezidenti Donald Tramp ölkəsinin iqtisadi və xarici siyasət maraqlarını əsas gətirərək Avropa İttifaqı ölkələrinə bir növ iqtisadi müharibə elan edib, həmçinin Rusiya-Ukrayna müharibəsi gedişində Avropa Birliyindən fərqli siyasət yürütməklə yaxın müttəfiqlər arasında narazılıq yaradıb. Məhz bu səbəbdən Azərbaycan ittifaq üçün çox vacib olan ölkələr sırasına daxil olub. Əslində keçən il Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen Bakıya səfəri zamanı bu yöndə fikirlərini açıq söyləmişdi. Amma hazırda vəziyyət bir qədər də irəli getdiyindən yüksək rütbəli nümayəndənin səfərinə zərurət yaranıb. Çünki onlar Azərbaycanı birliyin enerji təhlükəsizliyi siyasətinin vacib qollarından biri kimi görürlər və bu sahədə davamlı və sabit əməkdaşlığın marağındadırlar”.
E.Mustafayev Kallasın İrəvana getməməsini bununla əlaqələndirir: “Əgər o, İrəvana da getsəydi, orada əsas mövzu sülh müqaviləsinin bağlanmasına mane olan səbəblər və s. müzakirə olunmalıydı. Bu da hesab edirəm ki, səfərin proqramı və mövzusu ilə üst-üstə düşməyib. Bakıda isə dediyim kimi, Cənubi Qafqazda ümumi vəziyyətə dair yəqin ki, müzakirə olub, amma əsas danışıqlar daha geniş siyasi və iqtisadi sferanı əhatə edib.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva burada, sadəcə, bir səbəb görür, o da Azərbaycana daha çox duyulan ehtiyacdır: “Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Bakıdan sonra İrəvana səfər etməməsi onu göstərir ki, indi Qərbin təhlükəsizliyinin təmin olunmasında Ermənistana yox, Azərbaycana ehtiyac var. Çünki Ermənistan Avropa Birliyi üçün "kart", Azərbaycan isə Qərb üçün ümdə oyunçudur. Özü də Bakı etibarlı və sadiq oyunçu kimi təkcə Qərbin yox, bütün qütblərin və oyunçuların rəğbətini qazanıb. İndi Ukrayna-Rusiya savaşı fonunda Avropanın Azərbaycanın qazına, neftinə böyük ehtiyacı hiss olunur. Ermənistanın Qərbə verəcəyi konyakdan başqa heç nəyi yoxdur. Qərbə isə konyak yox, şirin dil lazımdır ki, Azərbaycandan enerji təhlükəsizliyi məsələsində istədiyini ala bilsin. Məsələnin digər tərəfi isə Qərb İran, Türkiyə-İsrail münasibətlərinin tənzimlənməsi ola bilər ki, burada da Ermənistan hər hansı bir önəmə sahib deyil. Rəsmi Bakı isə əksinə, əsas açar fiqurdur. Bu baxımdan, Kaya Kallas Azərbaycandakı danışıqlardan sonra Ermənistana getməyi lazım bilməyib. Çünki ali nümayəndə axtardığı bütün suallara məhz Bakıda cavab tapıb".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ