Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən deputat Elçin Mirzəbəyli bir sıra vacib məqamlara diqqət çəkib.
Qeyd edib ki, “İcra haqqında” Qanunun 231.4-cü maddəsinə təklif edilən dəyişiklikdə “Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə biləcəyi” qeyd olunur: “Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Qənaətimə görə, burada borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.3-1-ci maddəsində qeyd olunur ki, “Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır”. Hesab edək ki, borclu şəxsin məhkəmə qərarından 1 gün sonra ailə üzvlərindən biri ölkə xaricində vəfat edib və o, doğmasının dəfnində iştirak etmək, yaxud cənazəsini ölkəyə gətirmək üçün ölkə xaricinə getməlidir. Bu halda, yəni istisna hal kimi hansı hüquqi prosedurlar və necə həyata keçirilməlidir?
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir.
Cinayət Məcəlləsinin 78-ci maddəsinə görə, şəxs ağır xəstəliyə düçar olduqda o, cəzadan azad oluna bilər. Yəni burada cinayətdə ittiham olunan, yaxud cinayət törətdiyi sübuta yetirilmiş şəxsin cəzadan azad olunmasından gedir. Düşünürəm ki, əgər cinayət törətmiş şəxsə münasibətdə humanizm nümayiş etdirilirsə, borclunun müstəsna hallarda, təcili ehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüququn fəlsəfəsinə ziddir. Qənaətimə görə, bu məsələnin həllinə “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə müvafiq əlavə etməklə nail olmaq mümkündür. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində qeyd olunur ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir”.
E. Mirzəbəyli daha sonra bildirib: “Həmin maddədə eyni zamanda bildirilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Eyni qayda icra orqanı tərəfindən borclunun müraciəti əsasında özü və yaxud xaricdəki ailə üzvü ağır xəstəliyə düçar olan və yaxud xaricdəki ailə üzvü vəfat edən borcluya münasibətdə də, təbii ki, sübutlar təqdim edilməklə məhkəmə qaydasında və təxirə salınmadan tətbiq edilə bilər. Bunun üçün daha öncə qeyd etdiyim kimi, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə istisna halları nəzərdə tutan müvafiq əlavənin edilməsi yetərlidir.
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericilik istisna halları nəzərə almalı və insanların hüquqlarını, humanitar prinsipləri qorumaq məqsədilə xüsusi hallarda operativ məhkəmə qərarı ilə şəxsin ölkəni tərk etməsinə icazə verilməlidir.
Bu yanaşma cənab Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının mahiyyətinə də tamamilə uyğun gəlir.
Təqdim etdiyim yanaşmanın qarşılığında 22 aprel 2013-cü il tarixdə Ədliyyə Nazirliyi Kollegiya qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”a istinad oluna bilər. Öncədən qeyd edim ki, bu Təlimatda da daha öncə sadaladığım hallar nəzərdə tutulmayıb. Hətta nəzərdə tutulsa da belə, “İcra haqqında” Qanunun 231.4-cü maddəsinə təklif edilən dəyişikliyi olduğu kimi qəbul edəcəyimiz təqdirdə, sözügedən Təlimatın hüquqi qüvvəsi qalmayacaq. Nəzərə alınmasını xahiş edirəm”.
E. Paşasoy,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ