İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri bu xanım oldu-qəbuldan reportaj və fotolar  

Artıq üç həftədir ki, ABŞ-nin Azərbaycandakı səfirliyində yeni mətbuat müşaviri, səfirin sözçüsü fəaliyyətə başlayıb.

Ötən gün diplomatik missiya rəhbərinin müavini Huqo Qevaranın iqamətgahında ABŞ səfirliyinin yeni sözçüsü xanım Erin Robertsonun mətbuat məsələləri üzr müşavir təyin olunması və işə başlaması ilə bağlı qəbul keçirildi. Qəbulda ABŞ səfirliyinin təmsilçiləri ilə yanaşı, mətbuat nümayəndələri, sosial mediada çalışan şəxslər iştirak edirdilər.

Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bill Murad tədbirdə giriş nitqi ilə çıxış edərək hər kəsi salamladı.

Missiya rəhbərinin müavini Huqo Qevara bildirdi ki, səfirliyimizin yeni sözçüsü  Erin Robertsonun şərəfinə qəbula həsr olunmuş tədbirə ev sahibliyi etmək çox xoşdur: “Erin komandamıza qoşulduğu üçün xoşbəxtik. O, bizim əsas interfeysimiz olacaq”.

Huqo Qevara qeyd etdi ki, xanım Erin Robertson əvvəllər Vyanadakı səfirlikdə ictimaiyyətlə əlaqələr üzrə müdir müavini vəzifəsində çalışıb. Həmçinin Kabil və Qahirədə xidmət keçib. Eyni zamanda Dövlət Departamentində özəl sektorda rabitə sahəsində işləyib. Daha sonra isə Ukraynada Sülh Korpusunda xidmət edib. Karyerası ərzində o, rus, norveç, fransız, ərəb və ispan dillərini öyrənib. Diplomat bildirdi ki, həmkarının Azərbaycan dilini də öyrənəcəyinə ümid edir.

“Təcrübəli, konstruktivliyimizi daha da artıracağına inana biləcəyimiz peşəkar bir diplomat olduğuna görə biz Erinə xüsusilə minnətdarıq”.

Səfir müavini qeyd etdi ki, ABŞ-Azərbaycan münasibətlərində mühüm dövrdür. Media təmsilçilərinə xitab edən diplomat “İllər ərzində bir çoxunuzu mühüm hadisələri işıqlandırmaq üçün dəvət etmişik. Xalqlarımız arasında anlaşmaya daha çox dəstək vermək üçün missiyamızda iştirak edin”, söylədi. Bildirdi ki, COP29 yaxınlaşdıqca ABŞ rəsmiləri ilə müsahibələrin reallaşmasına köməklik göstəriləcək.

Birlikdə işləmək üçün fürsətlərin dəyərləndiriləcəyini deyən diplomat Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Beynəlxalq Ziyarətçi Liderlik Proqramı və Fulbrayt Media Savadlılığı proqramlarından bəhs edərək media savadlılığı sahəsində jurnalistlər və liderlər üçün mühüm mübadilələrin həyata keçirilməsindən bəhs etdi:

“ABŞ bütün dünyada jurnalistikanın mühüm işini dəstəkləyir və buna görə də biz müstəqil mediaya sərmayə qoymağa davam edəcəyik”. Səfir müavini Azərbaycan media sektorunun gücləndirilməsi, ABŞ və Azərbaycan jurnalistləri, media nümayəndələri arasında körpülərin qurulması istiqamətindən səylərin davam etdiriləcəyini bildirdi.

Səfirliyin mətbuat ataşesi Erin Robertson çıxışında üç həftədir Azərbaycanda olduğunu söylədi və səmimi qarşılanmaya görə təşəkkürünü bildirdi. Qoşulduğu komandanın üzvlərinə xüsusi təşəkkürünü çatdıran xanım Robertson üç həftəlik zəngin təəssüratları var, sanki Bakıda üç aydır işləyir. Mətbuat müşaviri qəbulda iştiraka vaxt ayırdığına görə media nümayəndələrinə və digər qonaqlara minnətdarlıq etdi.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR