İnsanlara hürriyət, millətlərə istiqlal!

1 milyonluq qan pulu işi – ŞOK DETALLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, iş üzrə 36 nəfər zərərçəkən var.

Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən ölən körpələr də var.

Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib. Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir. Son proses də zərərçəkmişlərin dindirilməsi ilə davam etdirilib.

Xatırladaq ki, bundan əvvəlki prosesdə zərərçəkən Ramin Dadaşov ifadə vermişdi. Demişdi ki, bir övladı talassemiya xəstəliyindən dünyasını dəyişib:

"Daha sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiya tapıldı. Aysel Məmmədova ilə danışıb vəziyyəti izah etdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsait lazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdim ki, Nuridəyə versin. O, 30 min dollar pulu Toğrulun yanında Nuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdən Nuridəgili tanıyırdı. Daha sonra talassemiya qrupunda Nuridənin ölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda dedi ki, Nuridə həbs olunub. Aysel Məmmədovanın dayısı mənə 15 min manat qaytarıb. Hazırda hər iki şəxsdən qalan 36 min manatı tələb edirəm".

Zərərçəkən Kəmalə Nuriyeva isə deyib ki, xəstə övladını Talassemiya Mərkəzində qan köçürməyə apararkən yardım edən şirkətlə bağlı xəbərlər eşidib və orada Aynur Bayramova ilə tanış olub:

"Aynur Bayramova mənə yardım edəcəyini söylədi. Bir müddət sonra zəng edib donorun tapıldığını söyləyib məni o qədər sevindirdi ki, elə bildim yenidən dünyaya gəlmişəm. Düşünürdüm ki, o, bir mələkdir. Dedi ki, 93 min dollar donorun qiymətidir. Lakin aksiya var, 20 min dollar versəm kifayətdir. Nəyim varsa satdım. Tək anayam və o, tək övladımdır deyə bütün qohumlarım mənə pul göndərdilər. Mən hazırda bu pulu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edirəm".

Zərərçəkən Solmaz Eyvazova bildirib ki, o, xəstə nəvəsinə donor axtarılması üçün Aysel Məmmədovaya 6800 manat pul ödəyib. Bir müddət sonra isə uşaqların müalicə üçün göndərilməsi ilə məşğul olduğunu iddia edən Aynur Bayramova ilə tanış olub:

"İttiham olunan hər üç şəxslə bu məsələni danışdım. Aysel Məmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15 min dolların kifayət edəcəyini dedi. Mən 25 min 500 manatı Nuridə Seyidovaya verdim. Yan otaqdan bir oğlan gəlib saydı. Mən 15 min dolları Nuridə Seyidovadan, 6 min 800 manatı Aysel Məmmədovadan tələb edirəm".

Nuridə Seyidova pulu aldığını etiraf edib, lakin pulu Aynur Bayramovaya verdiyini deyib. Aynur Bayramova isə həmin vaxt Türkiyədə olduğunu bildirib.

Digər zərərçəkən Ceyran Musayeva nəvəsinin talassemiya xəstəsi olduğunu açıqlayıb. O da Aynur Bayramova ilə Talassemiya Mərkəzində tanış olduğunu deyib:

"Aynur Bayramova və onun vasitəsilə tanış olduğum Nuridə Seyidova ilə kafedə oturmuşduq. Onlara əlimdə olan 20 min manat pulu verdim. Aynur Bayramova da dedi ki, gətir, 300 dollar da ver, nəvənin qanını götürüm, gedim donor axtarım. Daha sonra dedi ki, donor Polşadan tapılıb. Qızım o zaman hamilə idi. Onun övladı dünyaya gəldikdən sonra bunlardan səs çıxmadı. Qızım da kürəkənimlə birgə Samsuna getdilər. Orada öyrəndilər ki, adımıza pul köçürülməyib. Orada da çox xərcimiz çıxdı. Hazırda 20 mini və Samsunda xərclədiyim 13 mini Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Zərərçəkən Faiq Nəcəfov demişdi ki, övladı talassemiya xəstəsidir, eşidib ki, bu xəstələri müalicəyə göndərən şirkət var:

"Aynur xanımın nömrəsini verdilər, dedilər ki, onunla əlaqə saxla. Nömrəni yoldaşıma verdim, o da danışdı. Aynur xanım dedi ki, yaxşı həkimlər var, müalicə edilər. Bizə hesab göndərdilər. Dedilər ki, müalicə üçün 10 min dollar pul lazımdır. Bunu bizə Aynur xanım dedi. Əvvəlcə 3 min manatı "Çinar Plaza"da verdik. Nuridə xanımı oarada gördüm. Dedilər, şirkətin rəhbəridir. Biz 3 min manat verdik. Qalan 7 min dolları sponsor ödəyəcəkdi. Amma sponsorun adını demədilər, dedilər ki, xeyirxah işlər görür. Sonra 2500 manat verdim. Pulu Nuridə aparatda saydı, götürdü".

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin dekabrın 7-də uşağı Türkiyəyə müalicəyə göndərəcəkdilər:

"Amma sonra səs çıxmadı. Gördük ki, bunlar işi uzadırlar. Mən Aynur xanımla əlaqə saxladım. Dedi ki, Nuridədən ayrılıb, onunla əlaqəsi yoxdur. Mənə dedilər ki, şikayətçi çoxdur. Mən də Nərimanovda ofisdə ərizə yazdım, vəd verdilər ki, 15 iş gününə pul qayıdacaq. Nuridə xanım dedi ki, ərizə yaz, pulunu geri qaytaracaqlar. Mən də ofisdə Aysel xanımın yanında ərizə yazmışdım. Sonra eşitdim ki, Nuridə həbs olunub. Mən şikayətçi kimi istintaqa cəlb olundum".

Zərərçəkmiş bildirib ki, pulun ödənilməsi ilə bağlı ona müqavilə verilib, amma pulun ödəndiyini təsdiq edən çek verilməyib.

Zərərçəkmiş deyib ki, Aynur Bayramova ona köməklik göstərəcəyini vəd edib. Pulu Nuridə və Aynurun yanında stolun üstünə qoyub. Daha sonra zərərçəkmiş Kamil Əhmədov ifadə verib. O bildirib ki, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.

Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. Hər 3 müttəhimə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi fevralın 12-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR