İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzurçular” damğası – amerikaçı, avropaçı həmvətənlərimiz dəhliz layihəsini vururlar

 

34 illik qovğa-mərəkədən sonra başımıza yeni bir töhmət kəsilib: “Zəngəzurçular”.

Bunu edənlər nə ermənilərdir, nə iranlılar, nə amerikalılar, nə də avropalılar. Bu damğanın müəllifi özümüzünkülərdir, azərbaycanlılar.

Onlar “zəngəzurçular” deyərkən Ermənistanın Mehri rayonundan Naxçıvana keçən, Türkiyə ilə Azərbaycanı birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılmasını istəyənləri nəzərdə tuturlar.

Bu xüsusda bir çarpıtma da var. Bəzən elə qələmə verirlər ki, guya “zəngəzurçular” bütövlükdə Zəngəzurun Ermənistandan qoparılıb Azərbaycana birləşdirilməsini tələb edirlər.

Əslində isə elə deyil. “Zəngəzurçular” Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu dilə gətirsələr də, əsas və ciddi niyyət Ermənistandan dəhliz, el dilində desək, yolağa almaqdır və bu yolun təhlükəsizlik təminatı olmalıdır.

Elə olmalıdır ki, 3-5 erməninin başı çönəndə (bu, onlarda tez-tez olur) gəlib magistralın kənarında pusquya durub Naxçıvana gedib-gələn maşınlara, avtobuslara, qatarlara daş və güllə atmasınlar.

Hazırda Ermənistan əhalisi vahid orqanizm kimi bu layihəyə qarşıdır. Onlar bunu “torpaqdan pay olmaz” şüarı ilə qarşılayır, “namus-qeyrət məsələsi” sayırlar. Bunu o xalq edir ki, dünənə qədər başqa bir ölkənin, xalqın torpağının 20 faizini qamarlamışdı.

İran da “Zəngəzur dəhlizi”nə qarşıdır və artıq nəyə görə buni istəmədiyi sirri deyil, hər kəsə əyandır. Zəngəzurdan keçən yol türk dünyasını birləşdirəcək, bu isə İrana sərf etmir.

ABŞ-ın və Avropanın (əsasən də Fransanın) bu dəhlizə qarşı olması Rusiyanı bölgədən sıxışdırmaq niyyəti güdür. Qərb “Zəngəzur dəhlizi”ni Rusiyanın layihəsi sayır. Hərçənd Rusiyanın bu dəhlizdən götürəcəyi mənfəət hər halda Türkiyənin, Azərbaycanın və Ermənistanın özünün qazancından çox deyil.

Bir də bizimkilər... Məhz onlar artıq “zəngəzurçular” istilahını dövriyyəyə buraxaraq, bu ideyanı “vururlar”. Niyə? Nədən? Məgər bizimkilər istəmirlər ki, naxçıvanlılar, iqdırlılar Bakıya, bizimkilər də Naxçıvana, ordan da Türkiyəyə quru yolla və kəsədən gedib-gəlsinlər?

Belə görünür ki, istəmirlər. Ya da bunu istəməyənlərin əlinə oynayırlar.

“Zəngəzurçular” damğasını tirajlayanların içində bir xeyli demokratik düşüncəli insanlar da var. Onlar bu hakimiyyətə qarşı müxalifə ovqatdadırlar, fəqət “Zəngəzur dəhlizi”nə qarşı olmaq, iqtidara müxaliflik deyil, dövlətə, xalqa müxaliflikdir.

Görünür, bu şəxslər bu və ya digər şəkildə bağlı olduqları Qərb mərkəzlərinin məsələyə münasibətini bilirlər, ona görə də birbaşa sifariş (“bu layihəni vurun, gözdən salın, Azərbaycanı haqsız duruma salın”) olmasa da (hərçənd ola bilər) , bu mövqenin ABŞ-dakı milyarder QHT-lərə, Avropadakı fondlara xoş gələcəyini anlayırlar.

İndi necə olsun? Ermənistanda yaşayan ermənilər Qarabağda yaşayan soydaşları ilə sərbəst gediş-gəliş yoluna malik olsunlar, amma biz 44 kilometrlik kəsə yolu qoyub Türkiyəyə 400 kilometr o tərəfdən, Gürcüstandan, Naxçıvana isə İrandan keçək gedək?

Bu nə dərəcədə ədalətli ola bilər? Bizim torpağımızdan dəhliz keçə bilər, amma Ermənistanın torpağından bizə yol verilə bilməz? Biz ermənilərə yol verməliyik, dost əlimizi uzatmalıyıq, amma onlar bizim yolumuzu kəsməli, düşmənçiliklərini davam etdirməlidirlər?

Belə ədalət, belə qonşuluq ola bilməz. Ermənilər özlərini sona qədər bu cür arxalı ərköyün, havadarlı dəymədüşər rolunda apara bilməzlər.

Zatən, onlar bu xasiyyətləri ilə özlərini regional kommunikasiya xətlərindən, transmilli layihələrdən kənarda qoyublar, sonra da blokadadan danışırlar. “Zəngəzur dəhlizi”nə münasibətdə tutduqları mövqe göstərir ki, həmin siyasi kursu davam etdirmək, üzlərinə açılan daha bir qapını bağlamaq istəyirlər. Bu, bir millətin kütləvi halda paranoik durumda olmasının bariz göstəricisidir.

Bizimkilərin də onlara, “Zəngəzur dəhlizi” kimi həyat əhəmiyyətli layihəyə qarşı olması, bunu ələ salmaları, dəyərsiz bir şeymiş kimi təlqin etmələri ağrıdıcıdır.

2016-cı ildə “Lələtəpə əməliyyatı”na münasibətdə də bənzər kampaniya gedirdi. O vaxt amerikaçılar, avropaçılar fəallıq göstərir, Lələtəpə yüksəkliyinin götürülməsini əhəmiyyətsiz bir şey kimi qələmə verir, bu istiqamətdə aparılan rəsmi təbliğatı ələ salırdılar. Ancaq sonradan bəlli oldu ki, Lələtəpə yüksəkliyinin götürülməsi ilə bir şəhər (Horadiz) və 4 kənd (Cocuq Mərcanlı, Mirzənağılı, Qazaxlar və Əhmədalılar) düşmən artilleriyasının hədəfi olmaqdan qurtulub. Üstəlik, 2020-ci ilin 27 avqustunda cəbhə xətti ilk olaraq məhz Lələtəpə istiqamətindən yarıldı.

Uzun sözün kəsəsi, qoy bizim ictimai-siyasi fəallar bilərkdən və ya bilməzlikdən, ölkəmizə qarşı olanlara qoşulmasınlar, onların ritorikasını təkrar etməsinlər, ayaqlarına top ötürməsi, əllərinə kozır verməsinlər.

Heç kim də narahat olmasın, məqsəd Zəngəzurun ilhaqı deyil. Necə ki bir vaxtlar ermənilər bizi Gəncəni işğal edəcəkləri ilə hədələyirdilər, indi Zəngəzurla təhdid olunmaq növbəsi onlarındır. Bu, onlar üçün ağıl-kamala dəvətnamədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

16 Sentyabr 2024

13 Sentyabr 2024

11 Sentyabr 2024

09 Sentyabr 2024

07 Sentyabr 2024

05 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

27 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

24 Avqust 2024

23 Avqust 2024

21 Avqust 2024

19 Avqust 2024

17 Avqust 2024

15 Avqust 2024

14 Avqust 2024

13 Avqust 2024

12 Avqust 2024

10 Avqust 2024

08 Avqust 2024

06 Avqust 2024

04 Avqust 2024

02 Avqust 2024