İnsanlara hürriyət, millətlərə istiqlal!

Əzizağa müəllimin seçimi

 

Neçə vaxtdır ki, Qarabağ Universiteti ilə bağlı yaxşı xəbərlər gəlir. Dünən də bu mövzuda belə bir xəbər vardı ki, universitetə artıq 1104 tələbə qəbul olub.

Ondan əvvəl isə 600-dan çox bal toplayan xeyli ələbənin məhz Qarabağ Universitetini seçdiyi barədə informasiya vardı.

Bir sözlə, Xankəndi şəhəri bundan belə qələbəlik olacaq və tələbə şəhərciyini xatırladacaq.

Ancaq bu şəhərdə təkcə tələbələr yox, həm də müəllimlər yaşayacaq, işləyəcək. Maraqlıdır, paytaxtda və digər şəhərlərdə öz həyatını qurmuş alimlər hələ infrastrukturunun yerbəyer olmadığı şəhərdə yaşamaq-işləmək üçün nə dərəcədə həvəs göstəriblər.

Ötən ildən tanıdığım filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə ilə Daşkənddə ordan-burdan söhbət edərkən, söz Qarabağ Universitetinin üstünə, bu ali məktəbin tələbə və müəllimlərinə gəldi və Əzizağa müəllim dedi ki, o müəllimlərin biri də mənəm.

Əzizağa Nəcəfzadənin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitununda işlədiyini, direktor müavini olduğunu bilirdim. Heç demə, artıq yenilik varmış.

Ötən il doktorluq dissertasiyası müdafiə etmiş alim deyir ki, o vaxtilə (2002-2014-cü illərdə) Naxçıvanski adına Hərbi Liseydə kursantlara dərs keçirmiş və həmişə yarızarafat-yarıciddi deyirmiş ki, gün gələcək, siz Qarabağı, Xankəndini alacaqsınız, müəlliminiz də gedib orada dərs deyəcək.

İş elə gətirib ki, azad Xankəndidə Qarabağ Universiteti yaradılanda müəllim kimi işə dəvət olunanlardan biri də Əzizağa Nəcəfzadə olub. O deyir ki, dəvət olmasa da, özü müraciət edəcəkmiş.

İndi o, Qarabağ Universitetində kafedra müdiridir.

Əzizağa müəllim sırf bakılıdır, dədə-babası Bakının Novxanı kəndinin sakinləri olub, özü də şəhərdə doğulub, böyüyüb, təhsil alıb, işləyib. Ancaq o, indi iş yerini də dəyişir, yaayış yerini də, bütövlükdə həyatını da. Təbii ki, elmi rütbəsi də dəyişəcək, 45 yaşlı alim Qarabağ Universitetinin ilk professorlarından biri olacaq.

Onun həyat yoldaşı da ali məktəb müəllimidir. Onların hər ikisi bir universitetdə çalışacaqlar. Xankəndidə onlara mənzil verilib, tədris ilinin başlanmasından öncə, daha dəqiqi, bir həftəyə, on günə müəllimlər ailəsi Xankəndiyə daşınacaq. Ailənin kiçik övladı da onlarla gedəcək və təhsilini Şuşada davam etdirəcək. Buraxılış sinfinin şagirdi olan böyük övlad isə Bakıda qalmalı olacaq.

Biildiyiniz kimi, Qarabağ Universitetində 6 fakültədə, 25 ixtisas üzrə tədris aparılacaq. Bu ali məktəbdə müəllimlər də hazırlanacaq, mühəndislər də, hüquqşünaslar, psixoloqlar, turizmçilər də. Bir sözlə, Əzizağa müəllim və onun həmkarları universitetdə müasir həyatın tələblərinə uyğun kadrların yetişdirilməsi ilə məşğul olacaqlar.

Qarabağ Universitetinin tələbələri başqa ali məktəblərin tələbələri ilə müqayisədə bir çox üstünlüklər əldə edirlər. Universitetdə təhsil ödənişsizdir. Bütün tələbələr dövlət hesabına yataqxana ilə təmin ediləcəklər. Hər bir tələbəyə təqaüd veriləcək. Onlara məşğələləri peşəkar yerli və xarici müəllimlər keçəcəklər. Bütün tələbələr fərdi kompüterlə təmin olunacaqlar və sair və ilaxır.

Əzizağa müəllimin sözlərinə görə, tələbələrin sosial həyatının, dərsdən sonrakı məşğuliyyətlərinin səmərəli olması da düşünülüb. Onlar idman zalları ilə təmin edilib, dərnəklərdə birləşə biləcəklər, bir sözlə, tələbə həyatının gözəlliklərini yaşayacaqlar.

Bu, hələ başlanğıcdır. Gələn il universitetdə artıq tələbələrin sayı iki bu qədər olacaq, ondan sonrakı illər tələbə və müəllimlər daha da çoxalacaqlar, nəhayət, Qarabağ Universiteti ilk məzunlarını buraxanda ali məktəb tam komplektləşmiş olacaq.

Gələcək işi barədə həvəslə danışan Əzizağa müəllim hesab edir ki, bu nailiyyət üçün bütün ölkə 1988-ci ildən ta ötən il sentyabrına qədər vətən torpaqlarının qorunması yolunda canından keçən şəhidlərə, qazilərə, döyüşçülərə borcludur. Onların arasında Əzizağa müəllimin tələbələri də var. İndiki tələbələr ilik növbədə onu da anlayacaqlar ki, onların təhsil aldığı bu məktəb elə-belə ərsəyə gəlməyib.

Söhbətimizin sonunda zarafatla Əzizağa müəllimə sovet dövrünün təhsil sferasındakı bir detalı xatırladıram, deyirəm ki, işdir, birdən dost-tanışın sizin universitetdə təhsil alan övladlarının problemi olsa, onz zəng edib kimisə tapşıra bilərəmmi. Müəllim sözümün zarafatla deyildiyini anlayır, amma ciddi cavab verir: “Güman etmirəm ki, bizim universitetdə tapşırığa ehtiyacı olan tələbələr olsun. Çünki hamısı yüksək bal toplamış və şüurlu şəkildə Qarabağ Universitetini seçmiş gənclərdir. Əksinə, biz gələcəyimizi onlara tapşıracağıq”.

Uğurlar olsun!. Gerçəkdən də azad Qarabağda yaşamaq, işləmək, oxumaq imkanı qazanan adamlar çox şanslıdır.

azz-2.jpg (91 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR