İnsanlara hürriyət, millətlərə istiqlal!

Dələduz Daşkəsəndə də dələduzdur, Daşkənddə də – köşə-reportaj

Bütün postsovet məkanında olduğu kimi, kiberdələduzluq Özbəkistanda da getdikcə aktual problemə çevrilir. Gün keçmir ki, internetdə fırıldaqçılar tərəfindən aldadılıb pulunu itirən sadəlövh vətəndaşlar barədə xəbər çıxmasın.

Ölkənin Daxili İşlər Nazirliyinin kibertəhlükəsizlik mərkəzinin yaydığı xəbərə görə, onlayn istifadəçilərin artması səbəbindən dələduzluq hallarının sayı da xeyli artıb. Bir çox Özbəkistan vətəndaşlarını kiberfırıldaqçılığa qarşı həssas edən onların rəqəmsal savadının olmamasıdır.

“Problem həqiqətən mövcuddur və daha çox diqqət tələb edir, naməlum linklərə klikləməklə, şəxs istəmədən fırıldaqçılara öz şəxsi məlumatlarına tam giriş imkanı verə bilər”, - DİN-in təmsilçisi bildirib.

Bu xüsusda Özbəkistan Azərbaycandan çox da fərqlənmir. Bizdə, bildiyiniz kimi, DİN-in ictimaiyyətlə əlaqələr departamenti, demək olar ki, hər gün kiberdələduzların tələsinə düşən şəxslərlə bağlı hesabat yayır, əhalini diqqətli olmağa çağırır.

Özbəkistanda da əhalini ayıq-sayıq olmağa çağırır, “müftə pendirin yalnız sişam tələsində olduğu” barədə xəbərdarlıq edirlər. DİN-in sözügedən şöbəsi ötən ay ölkə üzrə tematik aylıq keçirib. Tədbir çərçivəsində idarələrdə, təşkilatlarda, idarələrdə, kommersiya banklarında, məhəllələrdə, bazarlarda maarifləndirici söhbətlər aparılıb.

Ancaq hələlik bu tədbirlərin elə bir effekti yoxdur. Sanki hər kəs bir dəfə aldanmalıdır ki, sonrakı dəfələrdə ayıq olsunlar. Kiber fırıldaqçılar da boş oturmur, yeni və getdikcə daha təkmilləşən aldatma üsulları ilə çıxış edirlər. Ekspertin sözlərinə görə, iki-üç il əvvəl dələduzluğun 95%-i SMS tələ-mesajları, mükafat vədləri, hakerliklə məlumat oğurluğu yoluyla baş verib.

Hazırda isə adamları aldatmağın bir çox başqa yolu “icad edilib”. Onlardan bəzilərində kompüter və internet texnologiyalarından istifadə edilir.

Məsələn, dələduzlar yaşlı adamlara zəng edərək özlərini övlad, və ya digər yaxın qohum kimi təqdim edir, çətin vəziyyətdə (girovluqda, qəzadan sonra xəstəxanada və ya polis şöbəsində) olduqlarını bildirir, banditlərə xərac, həkimlərə əməliiyat pulu, polislərə rüşvət vermək üçün pul istəyirlər.

Bu zaman onlar əsl aktyorlar kimi inandırıcı danışırlar, üstəlik, müasir texnologiyalardan istifadə edərək səslərinin “zəng edən qohum”un səsinin eynisi olmasını təşkil edirlər. Bu tələyə neçə-neçə adam düşüb. (Xoşbəxtlikdən, bu fırıldaq növü hələ ölkəmizə gəlib çıxmayıb).

Onlayn ticarət platformaları da kiberdələduzların sevimli məkanıdır. Bəzi saytlarda yerləşdirilən elan və reklamlar fırıldaqçılar üçün yem ola bilər. Onlar məhsulla maraqlanırlar, sövdələşməyə razılaşırlar, amma sonda sual verirlər: “Hansı şəhərdəsən?”. Fırıldaqçı həmişə başqa bir şəhərdə "olur" və məhsulu çatdırmğı təşkil edə biləcəyini deyir. Satıcı saxta rekvizitlər və ödəniş qəbzi olan bir link alır. Bundan sonra şəxsi kart məlumatlarını həmin linkdə göstərilən qrafalara daxil edən alıcı daha sonra kartındakı pulun çıxarıldığını görür. (Bu, ölkəmizdə daha çox yayılmış kiberdələduzluq növüdür).

Fırıldaqçılar müxtəlif tanınmış kriptovalyuta birjalarının adından istifadə edərək “qurban”larına “pul qazandırır”, etimad qazanır, daha sonra onların kartlarını silib-süpürürlər.

Heç demə, 15 ildən çoxdur ölkəmizdə elektron poçtu, sosial şəbəkə hesabı olan hər kəsin zəhləsini tökən “nigeriyalı vəkillər (son vaxtlar onları ölkələrini dəyişib, qanalı, senaqallı, ekvadorlu, indoneziyalı olublar) özbək qardaşlarımızı da rahat buraxmırlar. Özbəkistan vətəndaşları da tez-tez hansısa Afrika ölkəsində varlı bir uzaq qohumun avtomobil qəzasında öldüyü, sərvətinin ortalıqda qaldığı barədə mesajlar alırlar. Özlərini qəfil ölən qohumun vəkili kimi təqdim edən dələduzlar mirası almaq üçün müəyyən məbləğdə rüsum ödəmək, məmurlara rüşvət vermək lazım olduğunu yazır, bu pulu durduğu yerdə “milyonçu” olmuş qohuumdan istəyirlər.

Şirzod adlı həmsöhbətimin dediyinə görə, az-az olsa da, bu tələyə düşənlər hələ də var. Əksəriyyətin arasında isə bu mövzu artıq zarafat mövzusuna dönüb.

Oxşar məktublar və mesajlar evdar qadınlara iş vəd edən və ya sadəcə ehtiyacı olanlara pul köçürən müxtəlif “fondlardan” və “nazirliklə”rdən də gəlir. Bundan ötrü də müəyyən prosedurlardan keçmək lazımdır. Proses şəxsi məlumatların dələduzlara ötürülməsinə qədər davam edir.

Bizdə sosial şəbəkələrdə dəbdə olan fırıldaq növlərindən biri Özbəkistanda da geniş yayılıb. Fırıldaqçılar saxta, lakin inandırıcı video və audio yazılarla, məşhur insanların şəkil və səslərindən istifadə etməklə fakeslər yaradırlar. Süni intellekt texnologiyaları buna imkan yaradır. Məsələn, Özbəkistanda məşhur simalar olan Zəfər Hoşimov, Jahongir Artıxocayev və Əlişir Usmanov kimi adamların iştirakı ilə əmələ gətirlən videoçarxlarda “onlar” “sadə insanların böyük pul qazanması üçün” investisiya platformalarına giriş açacaqlarına söz verirlər. İdmançı Rövşən İrmatov və müğənni Sevarə Nəzərxan onların sayəsində varlanan tanışları haqqında insanlara “məsləhət” verirlər. Baş nazir Abdulla Aripov və prezident Şavkat Mirziyoyev fırıldaqçılar tərəfindən oğurlanan pulları geri qaytaracaqlarına və ya müəyyən müavinətlər verəcəklərinə söz verirlər. Belə videolar sosial şəbəkə kanallarında və ani messencerlərdə, oyunlarda və mobil proqramlarda yayılır.

Sosial şəbəkələrdən və tanışlıq proqramlarından istifadə edən fırıldaqçılar aşiq sadəlövh oğlan və qızların etibarını qazanır, bir müddət sonra virtual aşiq başqa şəhərdən və ya ölkədən yaşamaq üçün “qurbanı”nın yaşadığı məkana köçmək üçün kömək istəyir. Təbii ki, fırıldaqçıya bunun üçün vəsait lazımdır. Buna da inananlar olur. Daston adlı volontyor deyir ki, az qalıbmış bir qızın dilinə aldansın, son anda ayılıb.

Bütün hallarda fırıldaqçıların qurbanları cəmiyyətin orta və aşağı təbəqəsindən olan, çox pul qazanmaq istəyən, pula, işə, yardıma çox ehtiyacı olan insanlardır. Dələduzların ürəyi hem kəsə yanmır, onlar təqaüdçünün sonuncu dərman puluna tamah salacaq qədər qəddardırlar.

Uzun sözün kəsəsi, dələduz Daşkəsəndə və Daşkənddə olmasından asılı olmayaraq dələduzdur, canidir.

Xalid Kazımlı, Daşkənd

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR