Onlayn ictimai-siyasi qəzet
İnkişaf etmiş, zəngin ölkələrin əhalisi ölkəyə immiqrantların axınına qarşı getdikcə daha çox etiraz edir. Rəsmilər isə daha çox miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarıdırlar.
Beynəlxalq “The Economist” nəşri dünyanın inkişaf etmiş ölkələrində miqrasiya əleyhinə siyasətin səbəb və nəticələrinə dair araşdırma dərc edib. Müəlliflərin fikrincə, immiqrantlar getdikcə arzuolunmaz hala gəlir.
Amerikalıların yarıdan çoxu bütün qeyri-qanuni miqrantların vətənlərinə radikal şəkildə deportasiya edilməsini dəstəkləyir. Respublikaçıların prezidentliyə namizədi Donald Trampı sevimli edən amil budur. O, seçkilərdə qalib gələrsə, kütləvi deportasiyalar vəd edir. Co Bayden də qeyri-qanuni mühacirlərə sığınacaq verilməsini qadağan edib. ABŞ-də kimi prezident seçilməsindən asılı olmayaraq, miqrantlara qarşı siyasətin kəskin olacağı gözlənilir.
Avstraliyalıların cəmi 10%-i immiqrantların sayının artırılmasının tərəfdarıdır. Bununla yanaşı, ölkənin baş naziri açıq şəkildə bəyan edir ki, o, xalis miqrasiyanı yarıbayarı azaltmaq istəyir. (Xalis miqrasiya ölkəyə gələnlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərqdir). Bu ölkənin miqrantlara ehtiyacı var, ancaq onların yerli cəmiyyətə adaptasiyası problemtaik sayılır.
Britaniyanın yeni baş naziri Keir Starmer Britaniyanın “daha çox ingilis işçisi yetişdirməsini” və immiqrantlardan uzaqlaşmasını istəyir. Hazırda bu ölkədə anti-miqrant aksiyaları keşirilir. Səbəb isə odur ki, bir ruandalı miqrant 9 uşaq və yetkin adamı bıçaqlayıb. Bundan sonra əllərinə bəhanə düşən şovinist təşkilatlar ümumi hiddət və nifrəti miqrantlara qarşı fokuslayıblar. Sanki miqrantlar hər gün adam bıçaqlayır və ya bu ölkədə ingilislər, irlandlar, şotlandlar qətl törətmirlər.
Məlumata görə, son üç ildə inkişaf etmiş ölkələrə ən azı 15 milyon miqrant gəlib. Bu, müasir tarixdə rekorddur. Bunlar, əsasən, müharibədən əziyyət çəkən ölkələrdən gələn qaçqınlardır.
Ancaq antimiqrasiya tədbirləri bu bəxtsiz insanların mənafeyinə zərbə vurur, miqrasiya axınının azalmasına səbəb olur. İndi zəngin ölkələrdə əvvəlkindən daha az iş yeri var və qaçqın axını inzibati vasitələrlə tənzimlənir. Son iki il ərzində deportasiya və məcburi geri qaytarmaların sayı 50% artıb. Cənub sərhədindən ABŞ-a qeyri-qanuni keçidlərin sayı son üç ilin minimum səviyyəsinə düşüb.
Almaniya ən çox miqrant qəbul edən ölkə sayılsa da, son illərdə ən çox miqrant deportasiya edən ölkəyə çevrilib. Bu ölkədə miqrantları uzun müddət qaçqın düşərgələrində saxlayır, hər şeylə təmin edir, ancaq yavaş-yavaş hüquqi prosedurlardan keçirir, sonra günün birində avtobuslara doldurub aeroportlara aparır, gəldikləri ölkələrə yola salırlar. Son illərdə Azərbaycandan olan miqrantlar bir neçə partiya ilə geri göndərilib.
“The Economist” nəşri inkişaf etmiş ölkələrdə miqrantlara qarşı tədbirlərdən biri kimi saxta elmi dərəcələr verən “diplom fabrikləri”nin kütləvi şəkildə bağlanmasını göstərir. Nəticədə, inkişaf etmiş ölkələrdə universitetdə yer tapmaq çətinləşir. Məsələn, Kanadada əcnəbilər üçün təhsil yerlərinin sayı üçdə bir azalıb.
Nəşr xəbərdarlıq edir ki, miqrasiya əleyhinə tədbirlər iqtisadiyyata böyük ziyan vura bilər. Müəlliflər Trampın kütləvi deportasiya istəyinə şübhə ilə yanaşır və bütün sənayelər yeni işçilər axtarmağa məcbur olduğu üçün iqtisadi xaos proqnozlaşdırırlar. İqtisadçıların hesablamalarına görə, 7,5 milyon əməkçi miqrant deportasiya edilərsə, ABŞ ÜDM-i üç il ərzində 12% azalacaq.
Ekspertlər onu da qeyd edirlər ki, Avropa ölkələrində və ABŞ-da məşğulluq göstəriciləri bərabərləşib, bəzi yerlərdə miqrantlar yerli sakinləri üstələyir. ABŞ-da miqrantlar yerli sakinlərdən daha tez-tez və daha uzun müddət işləyirlər. Avropada isə məşğulluq səviyyəsi bərabərləşib. Miqrantların kəskin axını işçi çatışmazlığına gətirib çıxaracaq, adambaşına düşən ÜDM-in azalmasına səbəb olacaq.
Tədqiqatın sonunda müəlliflər belə qənaətə gəliblər ki, qısa müddətdə antimiqrasiya tədbirləri deputatlara dəstək gətirə bilər, lakin iqtisadi böhranla nəticələnəcək.
Rusiya hazırda miqrantlara qarşı sərt siyasət yeritməkdə hamıdan önə çıxıb. “Krokus” qətliamından sonra ruslar bunu daha çox təhlükəsizlik mülahizəsi ilə edirlər. Ancaq öz əhalisi ildən-ilə azalan və əsasən böyük şəhərlərə köçərək rahat iş tapmağa çalışan milyonlarla insanın olduğu ölkədə miqrantlara – ucuz işçi qüvvəsinə və “qara işlər”də çalışanlara böyük ehtiyac var. RF-də anti-miqrant siyasətinin bu cür davam etməsi nəticəsində iqtisadi tənəzzül proqnozlaşdıran iqtisadçılar hələlik populust siyasətçilərə və “Rusiya ruslar üçündür” mövqeyindən çıxış edən şovinistlərə uduzurlar.
Bir gerçəklik də budur ki, 100, 200, 500 il öncə həmin bu inkişaf etmiş dövlətlərin kolonistləri dünyanın dörd bir yanına ekspedisiya təşkil edib, yüzlərlə xalqı əsarət altına alıb, onları yüz illər boyunca istismara məruz qoyublar, üsyanları kütləvi qırğınlarla yatırıblar. Nəticədə metropoliyalar zənginləşib, müstəmləkələr inkişafdan qalıb, sərvətlərini itiriblər. İndi həmin zəngin ölkələrin əhalisi keçmiş kasıb müstəmləkələrdən gələnlərə qarşı üsyana qalxıb. Bu gedişlə zənginlər bu dəfə də qırğın törədəcəklər.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ