İnsanlara hürriyət, millətlərə istiqlal!

Qədri ölümündən sonra bilinənlərdən daha biri... – Meh kimi əsdi, keçdi

 

Vaxtilə yaxın ünsiyyətdə olduğun, yoldaşlıq, dostluq etdiyin, oturub-durduğun birinin qəfildən həyatını itirməsi gerçəkdən də adamı sarsıdır. Hələ o adam şəxsiyyətinə hörmət, istedadına qibtə etdiyin biridirsə, sarsıntı daha ağır olur.

Nəsiman Yaqublu o cür insanlardan idi. Onun aramızdan getməsi hamının yadına Vurğun Əyyubun, Hikmət Hacızadənin, Tofiq Qasımovun, İbrahim İbrahimlinin, onlarca başqa hərəkatçının vəfatını saldı. Onlara da üzülmüşdük.

Onlar həyatlarını Azərbaycan xalqının milli azadlıq mücadiləsinə həsr etmiş, ölkənin azad, xalqın firavan, vətənin bütöv yaşaması uğrunda özlərini oda-alova atmış insanlar idi. Bu şəxslər həyatlarının əsas arzusuna çatmışdılar – ölkənin müstəqilliyini görmüşdülər, bəziləri Qarabağın azadlığını da gördü.

Onlar üçün şəxsi planda uğurlu olmaq, böyük vəzifələr tutmaq, sərvət toplamaq kimi bir dərd-sər yox idi və bu, keçmiş hərəkatçıları dəyərli edən ən vacib məqamdır.

Nəsiman Yaqublu sabit qədəm idi, üzvü olduğu təşkilatda da heç vaxt intriqalara, qruplara qoşulmadı, hər zaman öz yolu oldu. O, əsas enerjisini Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin, eləcə də onun silahdaşlarının ömür yolu və düşüncələri ilə bağlı yüzlərlə sənəd tapıb çıxarmağa, kitab yazmağa, bütöv bir dövrün gerçəklərini işıqlandırmağa sərf edirdi.

Nəsimanın hələ nə qədər yazmadığı, amma dost-tanışlarına danışdığı, bəlkə də nə vaxtsa yazacağı hadisələr, faktlar vardı. Sözü-söhbəti Rəsulzadəydi rəhmətliyin. Bir dəfə İstanbul hava limanındakı gözləmə zalında o, göz həkimi, şair Paşa Qəlbinurla mənə Rəsulzadə haqqında belə bir əhvalat danışdı: “Ötən əsrin ortalarında Krımda sovet gənclərinin, yəni komsomolçuların böyük bir toplantısı keçirilirmiş. Tədbirdə Stalin də iştirak edir və növbə ilə müttəfiq respublilardan, ölkənin hər yanından gəlmiş komsomolçuların toplaşdığı pavilyonları gəzir, bir neçə dəqiqə söhbət edirmiş. Növbə azərbaycanlı komsomolçulara çatanda Stalin onlara yaxınlaşır və soruşur ki, günəşli Azərbaycanda nə var, nə yox. Azərbaycan gənclərinin lideri (Nəsiman bəy həmin gəncin ad-soyadını da demişdi, yadımda qalmayıb) dövrün konyukturasına uyğun olaraq pafosla deyir ki, yoldaş Stalin, Azərbaycan gəncləri Rəsulzadə kimi xalq düşmənlərinin tör-töküntüləri ilə amansız mübarizə aparırlar. Stalin gəncə diqqətlə baxır, sonra astadan deyir ki, yaxşı tanımadağın şəxs haqqında belə danışma. Və aralanıb gedir”.

O, bu detalı hansısa arxiv sənədlərindən araşdırıb tapmışdı. Ola bilər, kitablarının hansındasa qeyd edib. Belə faktlar onda yüzlərlə idi.

Mehriban, ünsiyyətcil adam idi rəhmətlik. Elə böyük siyasi iddiaları yox idi, amma seçkilərə qatılmağı özünə borc bilirdi, hesab edirdi ki, uğur qazanmağın yolu siyasi qüvvələrin konsolidasıyasından, anlaşmasından, seçkilərdən, hər partiyanın öz nüfuzuna uyğun olaraq səs qazanmasından keçir O, hələ 2005-ci il seçkilərində iştirak etmiş, namizədliyini Sumqayıtdan vermişdi. Bir dəfə rəhmətlik publisist Mürşüd Məmmədli, Rəis Rəsulzadə ilə birlikdə onun seçicilərlə görüşündə iştirak etmişdik. Rəsulzadənin nəvəsi onu çox istəyirdi. Bu, təkcə Nəsimanın onun babasının irsini xalqa çatdırmasına görə deyildi, Rəis bəy onda ziya görürdü, hesab edirdi ki, belə adamın deputat seçilməsi xalqın faydasına olar.

Gerçəkdən də elə olardı. O, zəhmətkeş araşdırmaçı olduğu kimi, xalqının, seçicilərinin xidmətində can-başla duran deputat ola bilərdi. Professor rütbəsini dişiylə, dırnağıyla, zəhmətiylə qazanmış adam idi.

Ona təkcə öz partiyasında yox, başqa partiyalarda, hətta rəqib düşərgədə də, eləcə də elmi dairələrdə də hörmət qoyurdular. Hər kəs onun təhqiqatçı kimi əməyini, mötədil siyasi xəttini, intellektini qiymətləndirirdi. Məhz ona görə də üç gündür sosial şəbəkə hesablarında Nəsiman Yaqublunun vəfatı ilə bağlı yüzlərlə, minlərlə təəssüf dolu qeydlər var. Hamısı da səmimidir. Hər kəs onun vəfatını Azərbaycan xalqı üçün itki hesab edir.

Belə yerdə adamın yadına həmişə böyük şair Səməd Vurğunun dahi bəstəkar Üzeyir Hacıbəliyinin vəfatına yazdığı məşhur misralar düşür:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
Elə qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Nəsiman adı “bahar mehi” mənasını verir. O, bizim həyatımızdan könül oxşayan meh kimi əsdi, keçdi. İşıqlı xatirəsi daima bizimlə yaşayacaq. Yeri görünəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR