İnsanlara hürriyət, millətlərə istiqlal!

Sonuncu gülləni istifadə etməyənlər – Əsirlərin məzlum halı

Həyatda bir gün görməyən milyonlarla gəncin canını alan, iki o qədərini şikəst edən müharibələrin bir qurbanı da var: əsirlər.

Əsirlik həlak olmaqdan və ağır yaralanmaqdan daha dəhşətli tale sayılır. “Sonuncu gülləni özünə saxlamaq” söhbətinin qaynağı budur. Bir çox hallarda döyüşçülər əsir düşməkdənsə, özlərini öldürməyi üstün tuturlar.

Çünki onlar məruz qalacaqları işgəncəyə, ləyaqətlərinin alçaldılmasına tab etməyəcəklərini düşünür, bunu öz şəxsi mənliklərinə sığışdıra bilmirlər.

İkinci aqibət xüsusilə də qorxuncdur. Bir döyüşçü döyülməkdən, xurd-xəşil edilməkdən qorxmaz, amma əl-ayaq öpdürülməkdən, zorlanmaqdan, yalvardılmaqdan qorxar.

Beynəlxalq qanunlar, konvensiyalar əsir düşən hərbçilərin hüquqlarını nə qədər qorusalar da, acı gerçəklik budur ki, müharibələrdə belə şeylərə baxan ya olmur, ya da çox az olur.

Qırmızı Xaç Komitəsinin nümayəndələri əsirlərin yanına gələnə qədər iş-işdən keçir, onlar lazımi qədər təhqir və işgəncə dadırlar. Bu, qaçılmazdır. Bunu müharibə psixozu tələb edir.

Yarım saat əvvəl qucağında can verən dostunu öldürmüş adamlar indi nə qədər məzlum halda diz çökmüş olsalar da, döyüş stressi yaşayan, ölüm şoku keçirən döyüşçüyə “bunlara toxunmaq olmaz, beynəlxalq konvensiyalar var” sözü kar etməyəcək.

Ancaq yenə də mərhəmət deyilən bir şey var. Adam soyuq başla fikirləşəndə anlayır ki, 18 yaşlı qolubağlı əsirlər heç də öz iradələri ilə döyüşə, adam öldürməyə gəlməyiblər, onları səngərə zorla göndəriblər və bu tifillər də bir yazıq ananın övladıdır. Azərbaycanlı döyüşçülərdə olan mərhəmət hissi yüzlərlə düşmən əsgərinin həyatını xilas edib.

Amma baxaq, görək, ermənilər bizdən əsir götürdükləri adamlarla mərhəmətli davranıblarmı. Hələ hərbçiləri demirəm, N qədər əsir götürülmüş mülki şəxslərdən bu gün də xəbər yoxdur.

I Qarabağ müharibəsində əsir götürülmüş 4 min civarında vətəndaşımızın taleləri hələ indi-indi və yavaş-yavaş bəlli olur. Qarabağ ərazisindəki toplu məzarlıqlarda onların cəsədlərinin qalıqları tapılır. Yəqin bir yarısının qalıqları da Ermənistan ərazisindədir.

Əsirlərin güllələnməsi və ya başqa üsullarla öldürülməsi hərbi cinayətdir və Ermənistan dövləti belə bir cinayətə qol qoyub. Özü də ermənilər bunu Qırmızı Xaç Komitəsinin gözü qabağında ediblər. Amma bu və digər beynəlxalq təşkilatlar bu cinayətə görə ermənilərə güldən ağır söz deməyiblər, hətta cinayətin izlərini ört-basdır ediblər.

Əsirlərimizlə necə davranıldığını göstərən bir neçə video və şəkillər var. Milli qəhrəman Natiq Qasımovun sorğu-sual edildiyini göstərən şəkili italiyalı jurnalist çəkib. Natiq sağ-salamat halda bir otaqda, stulda oturub və ifadə verir. Komandir Vitali Balasanyan da sorğu-sualda iştirak edir. Bundan sonrası qaranlıqdır. Hərbi əsiri nə deyib güllələyiblər? Nədən onu bizdəki əsirlərlə dəyişmək istəməyiblər?

Təkcə bu fakt bəs edir ki, şəkildə görünənlərin hamısı hərbi cani kimi mühakimə edilsin. Görünür, V.Balasanyan məhz ona görə 7-8 il öncə verdiyi müsahibədə şəkildəki adamın özü olmadığını bəyan etdi. Adam can qorxusundan özünü qızıl-qırmızıca dandı.

Budur, bir qrup çeçen döyüşçü Kursk əməliyyatı zamanı Ukrayna ordusuna əsir düşüb. Onların əsirliyini əks etdirən videolara baxanda istər-istəməz adamın bu əli-qolu bağlanmış, başlarına torba keçirilmiş, skotçlanmış adamlara yazığı gəlir. Bir neçə ay əvvəl onların özlərinin əsirlərlə necə davrandığıdan təfsilatlı şəkildə xəbərdar olanlarda, təbii ki, mərhəmət hiss olmayacaq.

Üstəlik, çeçen komandirlər əvvəlcə “heç bir çeçen döyüşçü əsir düşməyib” desələr də, sonradan fakt qarşısında qalaraq, 5 çeçeinin əsir alındığını etiraf edir və bildirirlər ki, əsl çeçen əsir düşməməlidir.

Bu, artıq əsirlərdən imtina deməkdir. Onları hesabdan silirlər. Hətta sabah Ukrayna tərəfi əsir çeçenləri geri qaytarsa, mübadilə etsə, Kadırov və adamları onları “millətin adını batırdıqlarına görə” cəzalandıracaq.

Vaxtilə Stalin də belə edib, Vermaxt qoşunlarına əsir düşən, müharibədən sonra geri alınan milyonlarla sabiq düyüşçü-əsiri uzunmüddətli həbs cəzasına məhkum edərək Sibir çöllərindəki düşərgələrə göndəriblər.

Halbuki sovet generallarının, polkovniklərinin, mayorlarlarının hitlerçilərlə danışıqlara gedərək diviziyaları, alayları bütöv şəkildə düşmənə təslim etdikləri vaxt adi əsgər nə edə bilərdi? Onun yalnız “sonuncu güllə” variantı vardı, o da hər adamın işi deyil, can şirindir, əksər adamlar bir dəfə verilmiş həyatı itirməmək üçün işgəncələrə, təhqirə dözməyi üstün tuturlar.

Beləcə, Rusiyanın başlatdığı bu mənasız müharibə indiyədək bir neçə yüz min cavan məhv etdiyi kimi, bundan sonra da bədbəxt edə-edə gedəcək. Çünki bu müharibəni öz ambisiyasının, hirs-hikkəsinin əsiri olan adamlar aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR