Onlayn ictimai-siyasi qəzet
İndi çox şey adama adi, sıradan bir şey kimi görünür: Xankəndiyə səfər edənlər, şəhərin mərkəzi hissəsində, görməli yerlərində şəkil çəkdirib paylaşanlar, paradlar, sözügedən şəhərdə təhsil alan universitet tələbələrinin kütləvi gəzintisi, şəhərin panoramı və sair və ilaxır.
Ötən il bu gün isə Xankəndi şəhəri əlçatmaz, quşqonmaz idi. Bu şəhər öz ölkəsinə, mahalına asi çıxmış, qiyam qaldırmış, minlərlə günahsız insanın ölümünə bais olmuş separatçı hərbi canilərin əlindəydi.
Onlar 44 günlük müharibədən qol-qanadı qırılmış, ağzı-burnu əzilmiş, gözünün odu alınmış, bir sözlə, zora məruz qalmış halda çıxmışdılar, amma ümidlərini üzmürdülər, həmişə olduğu kimi, yadellilərin, yaxın-uzaq ölkələrdəki himayədarların sayəsində Qarabağın dağlıq hissəsini öz vahələrinə çevirib saxlayacaqlarını düşünürdülər.
Şərtlər separatçıların xeyrinə deyildi, onların dövranı dönmüşdü, obrazlı desək, Odlar yurdunun 30 il boyunca şüşədə əsir olmuş “döyüşkən cin”i şüşədən çıxmış və artıq Şuşaya çıxmışdı. Şuşanın ayağının altındakı Xankəndiyə sığınanların artıq ötkəm-ötkəm danışmaq, şərt irəli sürmək, danışıqları pozmaq imkanları yox idi.
Onların yeganə yolu Azərbaycan dövlətinin qanunlarına tabe olmaq, onun vətəndaşlığını qəbul etmək, ölkədə yaşayan digər etnik azlıqları kimi yaşamaq idi. Ancaq öz iddialarına görə, 100 mindən bir qədər çox olan yerli əhalini idarə edənlər belə bir ehtimalı yaxın qoymurdular. Həmişəki kimi, irrasional erməni maksimalistliyi sağlam düşüncəni üstələyirdi.
Bəlkə də dinc xalqa qalsa, əksəriyyəti Azərbaycan dövlətinin qanunlarına tabe olaraq öz evlərində qalıb yaşamağı üstün tutacaqdı. Amma ermənilərin başbilənləri onlara bu imkanı tanımadı və hamısını köçə zorladı, səfərbər etdi və özləri ilə məchulluğa apardı. Qalanlar, ələ keçənlər də oldu. Bu barədə bir az sonra bəhs edərik.
Erməni icmasının rəhbərləri yadellillərə güvənməklə yanaşı, 44 günlük müharibədən 10 noyabr üçtərəfli sazişinin hesabına qoruyub saxlaya bildikləri hərbi birləşmələrə də güvənirdilər. Elə bilirdilər ki, 30 il boyunca barələrində “qəhrəman zinvorlar”, “igid fədailər” dastanları bağladıqları əsgərlər bu dəfə toparlanaraq “düşmənə layiqli cavab” verə biləcəklər.
Bizim döyüşçülərin komandanları isə tamamilə başqa və qəti fikirdəydilər ki, son döyüş çox çəksə, bir sutka çəkəcək. Fəqət Qarabağ ermənilərinin liderləri bu xəbərdarlıqlara məhəl qoymadılar, hətta əksinə, 44 günlük müharibənin acılarını unudaraq, yenidən dirçəlməyə cəhd etdilər. Bunun nəticəsi ağır oldu, separatçı quruma qarşı başladılan lokal hərbi əməliyyat, planlaşdırıldığı kimi, heç 1 sutka da çəkmədi, 23 saatın tamamında Xankəndidə ağ bayraqlar göründü. Söhbət bağlandı.
İndi bəzi ölkələrdə işğaldan-filandan danışırlar. Ancaq əminliklə və cürətlə demək olar: dünya tarixində belə bir fakt yoxdur ki, uzun illər boyunca üsyan, qan-qada, təhlükə ocağı olan, alınmaz qala hesab edilən bir şəhərin müqaviməti qırılsın, amma oraya daxil olan hərbçilər bir insanı belə incitməsinlər. Bu, ötən ilin bu günləri məhz Xankəndidə oldu.
Ondan əvvəl fəth olunan qalalarda müqavimət göstərənlərin kəlləsindən qüllə tikilməsi, təslim olmaq istəməyən şəhərin darmadağın və qarət edilməsi, sakinlərin kişi qisminin ya öldürülüb-əsir götürülməsi, qadınların kütləvi şəkildə zorlanması kimi minlərlə fakt olub. II dünya müharibəsində Berlinin tutulması zamanı baş verənlərdən hələ də danışılır və onun ümumi rezümesi belədir: “Jukov Berlini 3 günlüyə əsgərlərə verdi”. Ona görə də sovet əsgərləri vətənə böyük “hərbi qənimət”lərlə qayıtmışdılar.
Xankəndiyə isə toxunan olmadı – nə şəhərin özünə, nə keçmiş sakinlərin özlərinə, nə də onların ev-eşiklərinə.
Hətta Azərbaycan rəhbərliyi can qorxusundan şəhəri tərk etmək istəyənlərə “getməyin, qalın” çağırışı etdi. Ancaq əmr yuxarı yerdən gəlmişdi, qalmaq istəyənləri də qorxudub köçə vadar etdilər. Ona görə də azərbaycanlı hərbçiləri getmək istəyənləri çörək və su ilə yola saldılar. Onlara nə gül atıldı, nə də güllə.
Vaxtilə Xankəndidəki geniş və işıqlı kabinetlərdə oturub Bakıya doğru hədə biçən, İrəvandan və digər yerlərdən göndərilən milyonları xərcləyə-xərcləyə bu büsatın əbədi olacağına inanan “lider”lər isə gedə bilmədilər. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları onları satlıq beçə kimi cələkləyib Bakıya gətirdi və ədalət mühakiməsinə təhvil verdi. İndi onlar “bəli, Qarabağı biz tutduq”, “Asudə yaşadığınız DQR-i biz qurmuşuq”, “Gəncə mənim əmrimlə vurulub”, “Ermənilər Azərbaycanın vətəndaşı olmayacaqlar” demirlər, tamam əksini demək istəyirlər - əlbəttə ki, xirtdəklərini əldən çıxarmaq, canlarını qurtarmaq üçün.
İndi onların nə deyəcəklərinin əhəmiyyəti yoxdur. 30 il boyunca xalqımıza etdikləri zülmə görə cavab verəcəklər – udquna-udquna olsa da.
Xankəndidə isə çoxu gənclər olan azərbaycanlılar yeni həyata başlayırlar, gələcək qurmaq istəyirlər. Bu şəhərdə müxtəlif millətlərin bir arada, iç-içə, qaynayıb-qarışaraq yaşaması çox gözəl olardı. Fəqət iç-içə yaşamaq bacarığı və həvəsi olmayanlarla bir şəhərdə yaşamaq çox çətindir.
Sonda 33 il boyunca qan-qada ocağı olan Xankəndini salamat şəkildə, mülki insanların qanını tökmədən azad edən ordumuzu sərkərdə, zabit və əsgərlərinə əbədi minnətdarlığımızı ifadə etmək boynumuzun borcudur.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ