Onlayn ictimai-siyasi qəzet
Bu gedişlə Donald Tramp Kamala Harrisə uduzacaq.
Hazırkı prezident Cozef Baydenin Amerika demokratlarının və onların təəssübkeşlərinin təzyiqi ilə prezidentliynə namizədliyini geri götürməsindən sonra Trampın sürət qatarının stop-kranı çəkilmiş kimi görünür.
Sanki bu iki qocanın siyasi karyerası şəxsi intriqaları ilə bir-birinə bağlıymış: biri varsa, o biri də var. O biri dayanıbsa, bu da dayanmağa məhkumdur.
Vitse-prezident Kamala Harrisin gözlənilmədən aktivləşməsi, heç vaxt olmadığı qədər tərəfdar, nüfuz və vəsait toplaması, bu tendensiyanın yüksələn xətt üzrə davam etməsi göstərir ki, o, gerçək potensialını indi-indi göstərməyə başlayıb.
60 yaşlı bu qadın keçmişdə ştat baş prokuroru olsa da, vitse-prezident postunda olduqca boz fiqur idi, daima Baydenin kölgəsində qalırdı. İndi vəziyyət dəyişib.
Əslində Baydeni ölkənin və dünyanın gündəmində saxlayan əsas amil onun sıradışı hərəkətləri, huşunun gedib-gəlməsi, çıxışları zaman yol verdiyi yanlışlıqlar, tarixləri, insanları səhv salması, özünü gülüş hədəfinə çevirməsi idi.
Trampın belə populyarlaşmasının əsas səbəbi də Baydenlə müqayisədə səlis və hikkəli danışması, qıvraq və qətiyyətli görünməsiydi. Bütün ölkələr kimi, amerikalılar da istəyirlər ki, rəhbərləri güclü olsun, başqa dövlətlərin problemləri ilə məşğul olmağı buraxsın, öz xalqını xoşbəxt etməyə çalışsın.
Tramp xalqın bu incə damarını yaxşı tutub. O bilir ki, amerikalılara Ukraynanın müstəqil dövlət olaraq qalıb-qalmaması, İranın nüvə silahı əldə edib-etməməsi, Venesuelanın demokratik relsə oturub-oturmaması, Yəməndəki vətəndaş müharibəsində hansı qüvvənin qalib gəlməsi kimi məsələlər lazım deyil, onlara rahat və firavan güzəran, təhlükəsiz həyat lazımdır.
Tramp məhz buna görə xalqa verdiyi mesajlarda Rusiya ilə qarşıdurmanı dayandırmaq, Ukraynanı müdafiə etməkdən əl çəkmək, ABŞ-də kriminogen durumu və sosial vəziyyəti ağırlaşdıran miqrantların köçünün qarşısını almaq və çoxunu deportasiya etmək kimi məsələlərə vurğu edir və bu xalqın xoşuna gəlir.
İndi Kamala Harris də aşağı-yuxarı eyni problemlərdən danışır və Trampdan fərqli olaraq bu problemlərin həllini radikal və avantürist tədbirlərlə yox, qayda-qanunlar, humanizm prinsipləri əsasında həyata keçirəcəyini vəd edir.
Trampın yeni rəqibi qarşısında çaşqın vəziyyətə düşməsi artıq ölkə seçicisinin də, dünya ictimaiyyətinin də diqqətini cəlb edib. (Onu da qeyd edək ki, dünyada bu seçkiylə maraqlanmayan ölkə, toplum yoxdur).
Bir müddət əvvəl Tramp Baydenə şəxsi planda hücum edərək onun əqli qabiliyyətini, savadını tənqid hədəfi etdiyi kimi, Harrisə də eyni taktika ilə həmlə edir, onu savadsız, “iki cümləni ard-arda düzüb danışa bilməyən” biri kimi tanıtmağa çalışır.
K.Harris isə o dediyi qədər də intellektsiz deyil. Dominant olmayan irq və millətlərin qarışığından “yoğrulmuş” bu qadın ABŞ kimi ölkədə ştat baş prokuroru və vitse-prezident kimi vəzifələr tutmağa qədər yol keçib gəlibsə, onu savadsız və nitq qabiliyyəti olmayan biri kimi xarakterizə etmək seçiciyə haqsız iddia kimi görünə bilər.
Trampın Harris qarşısında daha bir səhvi onunla debatdan imtina etməsidir. Bu detal həlledici amil ola bilər. Bu, təkrar olunsa, ABŞ seçicisi bunu dueldən qaçmaq cəhdi kimi başa düşəcək. Ortaya suallar çıxacaq: Tramp Baydendən üstün olduğunu bir debatdaca sübut edərək populyarlığını artırmışdısa, nədən eyni şeyi “savadsız” saydığı Harrislə debatda da etmir? Cüdoda rəqiblə təmasdan yayınana şido xalı verirlər. 3 şido məğlubiyyət deməkdir. Trampın artıq 1 şidosu var.
Görünür, Tramp Harrisin prokuror keçmişindən, hüquqi savadından və ittihamnamə ustası olduğundan yaxşı xəbərdardır və ona görə də qorxur ki, Harris öz məntiqi ilə ondan üstün görünəcək.
Əslində dövlət mənafeyimizi nəzərə alsaq, Tramp bizim üçün Harrisdən daha münasib prezident ola bilər. Çünki o, ermənilərə açıq-aşkar qahmar çıxan Bayden administrasiyasından fərqli olaraq, xarici siyasətdə indikindən artıq hegemon rola iddia etmir. Kamala Harris isə birmənalı olaraq ermənipərəstdir və komandasında kifayət qədər erməni mənşəli kadr var.
Ancaq gerçəklik budur ki, Trampın prezident seçilməsi dünyaya təhlükə vəd edir. ABŞ dünya hegemonu mövqeyini itirsə, onun yerini daha aqressiv, daha mürtəce dövlətlər tutacaq və bu zaman dünya düzəni pozulacaq, planetin hər yerində sərhədlərin dəyişdirilməsi, dünyanın yenidən bölüşdürülməsi prosesi başlayacaq, güclülər zəifləri “yeyəcək”.
Ona görə də hazırda Amerika, Asiya və Avropa qitələrində yerləşən dövlətlərin böyük əksəriyyəti onun prezident seçilməsinə qarşıdır. Afrika xalqları üçün çox da fərqi yoxdur. Trampın seçilməsini isə ən çox Rusiya dövləti və xalqı istəyir, çünki bu dövlət saplandığı Ukrayna bataqlığından üzüağ və qalib çıxmağın yeganə yolunu onda, Trampın vədlərində görür.
P.S. Bu mövzuda yayılan son xəbər belədir ki, indi Tramp debata razıdır, bu dəfə Kamala Harris Trampla debatdan imtina edib. Demək, o da qorxur.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ