Onlayn ictimai-siyasi qəzet
Ermənilərə qahmar çıxmaq məsələsində Niderland Fransaya çatmağı və onu ötməyi planlaşdırır, deyəsən. Bu ölkənin hökumətinin kursu bunu göstərir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin bu xüsusda yaydığı bəyanatdan belə anlaşılır ki, Niderland tərəfinin bu davranışı ilk dəfə deyil, “növbəti dəfə”dir.
Niderland Krallığı anti-Azərbaycan xarakteri daşıyan mülahizələri artıq şifahi nitqlərdə səsləndirmir, sentyabrın 13-də dərc etdirdiyi hökumət proqramına salıb.
Proqramın "Beynəlxalq təhlükəsizlik" bölməsində Azərbaycan tərəfindən Dağlıq Qarabağın işğal edilməsi” kimi bir cəfəng ifadə yer alır.
XİN bu ifadəyə cavab verib, ancaq, bu məsələni daha geniş şərh etməyə ehtiyac var.
Baxaq, görək, Niderland hökuməti öz proqramında belə bir ifadə işlədərkən, heç olmasa, müəyyən qədər haqlıdırmı?
Beynəlxalq hüquqa görə, Niderland bu cür ifadəyə yol verərkən zərrə qədər də haqlı deyil.
Birincisi, belə bir ifadəni hökumət proqramına salmaq, artıq Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaq və qeyri-qanuni, separatçı rejimi legitim saymaq cəhdidir.
İkincisi, heç bir ölkəni, xüsusilə də unitar quruluşa malik dövləti öz ərazisinin bir hissəsində qanunçulu bərpa etməsini “işğal” adlandırmaq absurd söhbətdir.
Ona da diqqət edək ki, Niderland indiyə qədər separatizmlə üzləşən hansı ölkəyə qarşı belə bir iddia irəli sürüb? Məsələn, Rusiya öz federal subyekti olan Çeçenistanda yursidiksiyasını minlərlə mülki şəxsin qanı bahasına bərpa edəndə Niderland Rusiyanı Çeçenistanı işğal etməkdə qınayıbmı?
Yaxud İspaniya 5-6 il öncə sırf siyasi mübarizə ilə, seçki və referendum yoluyla müstəqil dövlətçiliyini elan etmiş Kataloniyanı ram edəndə, separatçı liderləri (Karlos Puçdemon xaric) həbsə atanda Niderland İspaniyanı işğalda suçlayıbmı?
Belə şeylər olmayıb. Krallar (İspaniya və Niderlandın taxt-tac sahibləri) bir-birini sözsüz anlayıblar və beləcə, Avropanın göbəyində öz müqəddəratını həll emək istəyən katalon xalqının azadlıq mübarizəsi dəstək qazanmayıb.
Eyni şeyi Fransa da edib. Qafqazda yaşayan və z müqəddəratını həll etmiş 3 milyondan az erməniyə ikinci dövlətin qurulmasından ötrü canfəşanlıq edən, BMT-nin sənədlərinə qarşı çıxan ölkə öz ölkəsindəki basklara heç muxtariyyat da vermək istəmir.
Ancaq işə baxın ki, bu iki dövlət Kipr probleminə yanaşmada artıq beynəlxalq sənədlərə istinad edir, adada yaşayan və soyqırım aktına, məcburi deportasiya təhdidinə məruz qaldığı üçün Türkiyənin köməyi ilə özünü müdafiə edən türkləri separatizmdə suçlayırlar və onların qurduğu ŞKTC-ni tanımaqdan imtina edirlər.
Bununla paralel, hər iki ölkə, eləcə də Avropanın digər dövlətləri Türkiyənin cənub-şərqini parçalamaq istəyən PKK separatizminə dəstək verirlər.
Yəni iki halda xristian dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən və separatizmə qarşı çıxan ölkələr digər iki halda müsəlman dövlətlərin ərazi bütövlüyünün pozulmasına çalışır, separatizmi müdafiə edirlər.
Ən pisi də odur ki, bu dövlətlər bütün hallarda özlərini haqlı sayır və öz mövqelərini əsaslandırmaq üçün demaqoji arqumentlərə əl atırlar.
Vaxtilə Qarabağın dağlıq hissəsində yaşayan ermənilər hər zaman Azərbaycanın vətəndaşı olublar və 1988-ci ildə onların başladığı qiyam silsiləvi hərbi-siyasi cinayətlərlə müşayiət olunub.
Bu separatizm hərəkatının nəticəsində 30 minə yaxın vətəndaşımız həlak olub və onların yarısı mülki insanlar idi. Bu ağırlıqda cinayətlərdə qondarma, tanınmamış, qeyri-legitim “DQR” rejiminə qulluq edən minlərlə erməni iştirak edib və hazırda onlardan çox az bir qismi həbsdədir.
Kataloniyanın rəhbər şəxslərinə qarşı irəli sürülmüş ittihamlar sırf siyasi xarakterlidirsə, Qarabağ ermənilərinin liderlərinə qarşı irəli sürülən ittihamlar mülki insanların ölümü ilə bağlıdır. Məhz onların əmrləri ilə insanlara qarşı hərbi cinayət törədilib.
Əslində Niderland ədalətli dövlət olsaydı, insanlığa qarşı cinayətlər törətməkdə serbiyalı komandanlardan (Miloşeviç, Karaciç, Mladiç və b.) geri qalmayan erməni cəlladları mühakimə olunmaq üçün Haaqa şəhərində yerləşən məhkəməyə ekstradisiya edilməsini istəməliydi.
Ancaq hərbi caniləri mühakimə etməli olan məhkəməyə ev sahibliyi edən Niderland həmin şəxslərə azadlıq tələb edir, üstəlik, onların basqıya, işğala məruz qaldığı barədə əsassız iddiaları hökumət proqramına salır.
İndi bayraqlarının rəngləri kimi, siyasətləri də bənzər olan bu dövlətlər “işğal”dan danışırlar. Əsl işğal okeanların ötəsindəki məmləkətləri işğal edib əsrlərlə əsarətdə saxlamaq və hələ də onlara azadlıq verməməkdir. Bunu isə Niderland da edib, Fransa da.
Bax, belə davranışlar üzündəndir ki, ildən-ilə bəzi Avropa ölkələrinin ədalətinə, obyektivliyinə inam azalır. Bir vaxtlar onları dünyada haqq-ədalətin keşikçisi, müdafiəçisi sayan insanlar məyus olurlar. Artıq heç kəs onların beynəlxalq münaqişələrdə arbitr, vasitəçi, hətta sülhməramlı olmasını istəmir.
Yeri gəlmişkən, 1995-ci ilin iyul ayında törədilən “Srebrenitsa genosidi” sırf niderlandlı sülhməramlıların mülki insanları serblərə təslim etməsi üzündən baş verib. Fransalı sülhməramlılar isə 1994-cü ilin aprel-iyul aylarında Ruandada qırğına məruz qalan 1 milyona yaxın tutsinin məhvinə görə günahkardırlar.
Bu qədər böyük hərbi cinayətlərdə əli, rolu olan ölkələrin hələ danışmağa dilləri də var.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ