İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qara cümə” pəstəhaları

 

Heç demə, “qara cümə” adlandırılan gün dünyanın çox yerində eyni cür yaşanıb: qələbəlik, izdiham, növbələr, qırğın-qiyamət, qapışma, itələşmə, süpürləşmə və s.

Virtual dostlar yaşadıqları ölkələrdən uyğun şəkillər paylaşıblar, ən firavan ölkələrdə də vəziyyət eyni cür olub, ən kasıb ölkələrdə də. Almaniyada ucuz dönər növbəsinə yüzlərlə adam durubmuş. Şəkli də var.

Türkiyədə ucuz tuman-köynək üstündə necə adamın köynəyi cırılıb, adamlar tumanlarını güclə qoruyublar.

Azərbaycanımızda da izdiham yaşanıb, amma alıcılar tezliklə anlayıblar ki, qırğına ehtiyac yoxdur, qiymətlər dəyişməyib, eləcə malların üstündəki qiymət yarlıqları yenilənib. Yəni bizdəki “psevdo-qara cümə” olub, əsl “blək fraydi” olmayıb.

Salamatı elə bizimkidir, əsl endirim olanda camaat dalaşır, tutaşır.

Oxumuş adamlar deyir ki, yox, bu kasıbçılıqdan və ya görməmişlikdən deyil, psixoloji məsələdir. Belə kampaniyalarda insanların ibtidai və əsas instinktləri cuşa gəlir, heç kəs yaşayış uğrunda müvarizə yarışmasında məğlub olmaq istəmir, hər kəs nəsə qapmaq, qabağa düşmək istəyir. Yəni hamı bu yolla özünə təlqin edir ki, bəd ayaqlarda başının salamatlığını qoruya bilər.

Bu versiya mənim də ağlıma batır. O cür qovğa-mərəkələrdə izdihamın içinə dalan, dirsəklərlə, dizlərlə işləyə-işləyə qabağa keçən, nəsə bir şey qamarlayıb çıxan elə adamlar var ki, cibində, maşınının mücrüsündə bir ətək pulu var, amma fəxr edir ki, 2 manat qabağa düşüb.

Ya da cibində 5 manat pulu olmayan, isti pijamaya ehtiyacı olan elə adamlar var ki, qüruruna sığışdırıb süpürləşən izdihama qoşulmaq istəmir.

Bir ara Gəncədə, Sumqayıtda, Bakıda təşkil edilən 50+ metr uzunluqda torttun dilimlənib paylanması haqq-hesabı yadınızdadırmı? Üstündə qırğın olurdu. Yaşlı qadınların tort davası etdiyi yerdə videoları, fotoları çəkilib paylaşılırdı. Adam baxır, xəcalət çəkirdi. Amma bu, tort görməmişliyi üzündən deyildi, sadəcə, xalqımızda müftə kökün qənimi olmaq kimi bir şakər var, onun inikasıydı.

(Yaxşı ki, o ənənə ləğv olundu, hər dəfə əttökən mənzərələr yaranırdı).

Bu cür sütuasiyarı görəndə yadıma insanların təlaşa qapılmasına, əsas instinktlərinə əsir düşməsinı dair iki epizod düşür. Birini köhnə vaxtlarda da yazmışam.

İndiki cavanlar bilməz, biz tələbə olanda sovet hökuməti elə sentyabrdaca bizi pambıq toplanışına aparırdı. 1-ci kursdaydıq, bizi Quzanlıya aparmışdılar. İlk gün sahədən düşərgəyə qayıdanda axşam yeməyi üstündə dava düşdü. 100-dən artıq tələbə bir-birinə qarışdı. 5-6 mənim kimi 17 yaşlı, arıq, üzünə hələ tük çıxmayan gənc qıraqda qaldıq, əsgərlik çəkib gəlmiş cantaraq tələbə yoldaşlarımız karton qutulardakı çörəyi və kolbasanı dağıtmağa başladılar. Sanardın, partizanlar 1 həftə ac qalandan sonra yemək üstünə çıxıblar, ya da canavar ailəsi çöl donuzu ovlayıb. İki çörək batonunu bağrına basıb ortalıqdan çıxmağa çalışan kim, parta yoldaşının əlindən kolbasa rulonunu burub alan kim... İtələşmə, bağırışma... Nəhayət, ara sakitləşdi. Qida uğrunda mübarizədən qalib çıxanlar əllərindəki çörəkləri və kolbasa rulonları götürüb masa arxasına gəldilər, səliqəylə doğrayıb payladılar. Hamı yedi, doydu, çörək də artıq qaldı, kolbasanın da hamısı yeyilmədi. Amma ertəsi gün elə olmadı. Hamı anladı ki, yemək hamıya çatır, ac qalan da olmur.

Bir dəfə də hələ bolluq zamanı kənddə un üstündə elə qırğının şahidi olmuşam. Un kisələri yüklənmiş maşın Nazimin dükanının qabağında saxladı və yol keçənlər, çəpərdən adlayıb gələnlər 5 ton unu 10 dəqiqəyə boşaltdılar. 4-5 adam un kisələrini maşından atır, onların yerdəki partnyorları qamarlayır, cələkləyib bir küncə çəkirdilər. Kənardan baxana elə gəlirdi ki, yaxın günlərdə böyük aclıq başlayacaq və bu gün fərasətsiz tərpənənlərin hamısı acından öləcək. Maşının həndəvərində başqa rəngdə adam yox idi, hamı ayaqqabılarından saçlarına qədər ağappaq un tozunun içindəydi. Dükançı Nazim əlində dəftərə kimlərin neçə kisə un götürdüyünü qeyd edirdi. Sürücü başını bulayırdı, deyirdi, nə olub, nə xəbərdir, sabah bir maşın da gətirərəm. Nəhayət, maşın boşaldı, tozanaq yatdı. Hesablaşmaq, un kisələrinin pulunu ödəmək vaxtı çatdı. Məlum oldu ki, hərəyə uzağı bir kisə un lazımdır. Hətta 7 kisə unu dartıb bir küncə yığmış adam dedi ki, əslində evdə bir ton buğdası, 5 kisə də unu var, bunları hər ehtimala qarşı götürüb.

O boyda qırğın-qiyamətdən sonra Nazim 4-5 kisə un satdı. Qalan kisələr mağazanın önündə qaldı. Həmin hadisədən sonra 3 ay mağazaya un gətirmədilər və heç kəs acından ölmədi.

Yəni dediyim odur ki, insan oğlunun bu cür emosiyalara qapılması, kütləvi psixoza girməsi an məsələsidir. Bütün millətlərə xasdır. Elə bir Hollivud filmi də var: böyük şəhərdə elektrik verilişi kəsilir, camaat hövllənib marketlərə cumur... Qırğın-qiyamət olur.\

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Noyabr 2024

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024