Onlayn ictimai-siyasi qəzet
Açığı, gerçək budur: qanunsuz miqrantlar, müharibə qaçqınları artıq dünyanı bezdirib. Bu xüsusda beynəlxalq vəziyyət də, miqrantlara münasibət də gündən-günə pisə doğru dəyişir.
Srağagün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 milyon suriyalı qaçqının könüllü geri qayıdışı üçün xüsusi proqram tərtib olunduğunu əbəs yerə demədi. Türkiyə artıq qaçqın ordusuna təhəmmül edə bilmir.
Bu, o ölkədir ki, 10 ildir milyonlarla qaçqına qucaq açıb, onları himayə edir, dolandırır, bu uğura milyardlarla dollar xərcləyir. Amma artıq 80 milyonluq ölkə bu yükə tab gətirə bilmir.
Suriyalılardan başqa, son illərdə Türkiyəyə Pakistandan, Əfqanıstandan, İrandan, Yəməndən, Çindən, digər Şərq ölkələrindən yüz minlərlə mühacir sığınıb. Türkiyənin telekanalları artıq İstanbulun “mühacirlər şəhəri” olduğundan, qaçqınlar tərəfindən işğala məruz qaldığından danışır, şəhərin mərkəzi meydanlarında qaçqınların kütləvi şəkildə halay çəkib rəqs etdiklərini göstərirlər.
Bir Türkiyə deyil, Avropanın üç “üzüyumşaq ölkə”sindən ikisi olan Almaniya və İsveç də öz mühacirlər siyasətinə yenidən baxmağa başlayıblar. Artıq bir neçə ildir ki, bu dövlətlər Şərq ölkələrindən, keçmiş SSRİ respublikalarından (Azərbaycan da daxil) gələrək, bu iki ölkənin ərazisinə yerləşmiş mühacirləri müəyyən prosedurlardan sonra deportasiya edir.
O biri Avropa ölkələri isə mühacirləri əvvəldən barındırmırdılar, yaxaladıqları zaman dərhal ölkədən çıxarırdılar. Finlandiya, İslandiya, İsveçrə ilə yanaşı, Şərqi Avropa dövlətləri də nə qədər əsaslı səbəblər olsa da, başqa ölkələrdən gələn vətəndaşları qəbul etmir.
Türkiyə və Almaniya kimi ölkələrin öz yumşaq mühacir siyasətlərinə görə peşman olmalarının fonunda onların bu məsələdə daha uzaqgörən siyasət yeritdikləri aydın olur. Gerçəkdən də, rezin qayıqlarda Aralıq dənizinə çıxan, İtaliya və Yunanıstan sahillərinə yaxınlaşarkən batırılan minlərlə mühacirin ölümünə bais olmaqdansa, yaxşısı bu binəsib insanları yaxın qoymamaq imiş.
İndi də Ukraynadan qaçqın düşən 5,5 milyon insanın problemi bütün Avropanı rəncidə edir. Avropalılar startda ukraynalı qaçqınlara vaxtilə Suriya və İraqdan qaçan miqranlarla davrandıqlarından fərqli yanaşsalar da, artıq qarşılıqlı münasibətlərin getdikcə pisləşməsi müşahidə edilir. Əsas səbəb odur ki, qaçqınların sayı həddən artıq çoxdur və Rusiyanın Ukraynaya hərbi təcavüzü davam etdikcə, qaçqın axınının da arası kəsilmir, kəsiləcək kimi də görünmür.
6-7 il öncə Avropanı qaçqınların ayaqaltısı olmaqdan Türkiyə xilas etmiş, 3 milyon məcburi mühacirə sığınacaq vermişdi. İndi elə bir ölkə yoxdur və bütün yük Ukrayna ilə qonşu olan dövlətlərin üzərinə düşür.
Həm də qaçqın kütləsini artıran yeganə səbəb regionlardakı lokal müharibələr, silahlı konfliktlər deyil, siyasi və hərbi baxımdan sabitlik hökm sürən kasıb ölkələrdən (Hindistan, Banqladeş, Nepal, Pakistan, Myanma, Kamboca və s.) də milyonlarla mühacir müxtəlif vasitələrlə ölkələrindən çıxır, rifah içində yaşayan firavan ölkələrə pənah aparırlar.
Bu isə artıq həmin ölkələrdə də iqtisadi problemlər doğurur. Yüz illərlə böyük əmək sərf edən, çətinliklərdən keçən, yalnız son onilliklərdə özləri üçün rahat həyat quran ölkələrin xalqları isə “gəlmələrin yürüşü”nə dözmür, bunu “istila” kimi dəyərləndirir. Bu üzdəndir ki, son illərdə miqrantlara qarşı açıq çıxışlar edən siyasi partiyalar seçkilərdə daha çox səs alırlar.
Dünya kasıblarının ağlar günüdür. Öz ölkələrində onları kasıblıq, diktatura, müharibə, ölüm təhdid edir, önlərindəki qapılar isə ard-arda üzlərinə bağlanır. Bəs bu insanlar nə etsinlər, hara, kimə pənah aparsınlar?
Ən pisi odur ki, öz ölkəsindən başını götürüb qaçan, başqa ölkəyə yerləşən şəxslər sonradan vətənlərində sülh bərqərar olsa da, geri qayıtmaq istəmirlər. Heç Türkiyəyə sığınmış suriyalıların böyük əksəriyyəti də nəinki könüllü geri qayıtmayacaqlar, hətta iş məcburi qaytarılmağa qalsa, asanlıqla təslim olmayacaqlar.
Qüdrətli dövlətlərin başbilənləri, siyasi dairələri yavaş-yavaş o qənaətə gələcəklər ki, qaçqın selinin qarşısını almaq üçün ən yaxşısı, onu doğuran səbəbləri aradan qaldırmaqdır. Bundan ötrü üçüncü dünya ölkələrində hökmranlıq edən despotik rejimlərə zərbə vurulmalıdır, qəsbkar müharibələr törədən, azsaylı xalqları əzən liderlər sıradan çıxarılmalıdır.
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
28 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ