İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb cəbhəsi, Şərq cəbhəsi – Raket-raketə duranların davasında məcburən tutduğumuz mövqe

Kazanda qaynayan BRİKS qazanından sonra artıq dünyanın qütbləşməsi barədə daha cəsarətlə danışmaq olar.

İndi dünya əsasən iki hərbi-siyasi qütbə bölünüb. Bunlardan biri ABŞ-nin komandanlıq etdiyi Qərb cəbhəsi (NATO), digər Rusiyanın liderlik etdiyi Şərq cəbhəsidir.

BİRİKS Şərq cəbhəsinə aiddir. Bu blokda Braziliya, İran, Rusiya, Hindistan, Çin, CAR, BƏƏ, Misir, Efiopiya kimi ölkələr birləşib.

Hər iki cəbhəyə rəğbətli olan və onlarla əməkdaşlıq edən ölkələr də mövcuddur.

Bir də ortalıqda qalanlar, bu və ya digər şəkildə neytrallığını qoruyanlar, materiklərin ucqarında, eləcə də arxipelaqlarda olduğu üçün üçdə alacağı, beşdə verəcəyi olmayanlar var. Onları da şərti olaraq Bəxtigətirənlər cəbhəsi adlandırmaq olar.

İdeal durum o olardı ki, biz üçüncü cəbhədə olaq və 100 ildir çəkişən, müharibələr, intriqalar ocağı olan cəbhələrdən uzaq olaq. Ancaq ölkə olaraq yerləşdiyimiz coğrafiyanın gerçəkləri buna imkan vermir. Tərəflərin birində olmağa məcbur, hətta məhkumuq.

Yenə də bir çox ictimai-siyasi fəalların ürəyindən keçərdi ki, biz yüksək dərəcədə inkişaf etmiş, firavan ölkələrin çox olduğu, demokratiya və insan haqlarına riayət sahasəində bəlli məsafə qət etmiş Qərb cəbhəsində yer alaq.

Ancaq reallıq başqadır. Baxaq, görək, bizi orada gözləyən, dəvət edən, yeri gələndə qahmar çıxan varmı? Yoxdur.

Vaxt vardı Qərblə yaxınlaşma müstəvisində biz Cənubi Qafqazda hamıdan öndəydik. Bizimlə düşmənçilik münasibətində olan qonşumuz Ermənistan Rusiyanın Həştərxan vilayəti kimi mövcud olanda ABŞ-nin, eləcə də Avropanın hər cür instituları Bakıda qarışqa kimi qaynaşırdı.

Fəqət o zaman da ABŞ və Avropa Rusiyanın vilayəti kimi yaşayan Ermənistana daha isti yanaşırdı, regionda müttəfiqlərinə çevrilmiş, karbonhidrogen ehtiyatlarının istismarında ortaqlıq etdiyi Azərbaycana ögey münasibət bəsləyirdi.

Qərbə bizim neft və qazımız lazım idi, ölkəmizin inkişafı, demokratikləşməsi lazım deyildi.

Eyni zamanda Qərbə Ermənistanın inkişafı, güclənməsi, böyük dövlət olması, nəhayət, Rusiyadan qopması lazım idi.

Məhz buna görəydi ki, ABŞ və Fransa Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə bitməsini istəyirdi. Sülh sazişinin adı başqa cür olacaqdı, münaqişənin guya ki, “heç-heçə” bitdiyi elan ediləcəkdi, amma Qarabağ əlimizdən çıxacaq, ilk illər yalandan “müstəqil” olacaq, sonra təbii şəkildə Ermənistana birləşdiriləcəkdi.

Plan beləydi və bu plandan Kremlin də xəbəri vardı. Ona görə də Rusiya uzun illər bu münaqişənin sülh yolu ilə tənzimlənməsinə, Qarabağın Ermənistanın vilayəti olmasına imkan vermədi. Ona bəlliydi ki, Ermənistan Qarabağı “artsax” edən kimi sarsaqlayacaq, qaçıb Qərbə qısılacaq.

Acı gerçəklərdən biri də budur ki, Ermənistanın sona qədər sədaqətli olacağına inansaydı, Rusiya Qarabağın Ermənistanın olmasına ikiəlli razı olardı.

Axırda olanlar oldu. 2020-2023-cü illərdə Qarabağda baş verən hərbi münaqişədən sonra biz özümüz də istəmədən dövlətimizi parçalamaq istəyənlərin qarşısında qaldıq. Eyni zamanda biz sırf öz geosiyasi və strateji maraqlarına görə dövlətimizin ərazi itirməsinə mane olan Rusiyanın yanında yer almış olduq.

İndi ABŞ və Fransa Qarabağın öz həqiqi sahibinin, Azərbaycanın olmasının legitimliyini mübahisə predmetinə çevirməyə çalışsa da, Rusiya XİN-in sözçüsü açıq mətnlə deyir: “Xankəndi Azərbaycandır və nöqtə”.

Millət olaraq ürcah olduğumuz konflikt bizi seçmək istədiyimiz yola yox, özümüzü qorumaq üçün məcburən gedəcəyimiz yola düşməyə vadar edib. Əslində isə hansı yolun qanqallığa, hansının gülüstana aparacağı hələ bəlli deyil.

Bizimlə müqayisədə Ermənistanın tarixən özünün olmayan mahaldan – Qarabağdan imtina etməsi asandır. Biz bizə vəd olunan heç bir firavanlığın, təhlükəsizliyin qarşılığında Qarabağdan imtina edə, kiçilib, balaca Qafqaz respublikası olmağa təhəmmül edə bilməzdik.

Biz özümüzü, ərazi bütövlüyümüzü qorumağa məcbur idik və məcburuq. Buna görə də istər-istəməz hələ sülhə gələ bilmədiyimiz ölkənin havadarlarının qarşında yer almalı olmuşuq.

Onların çəkişməsi izə hələ uzun illər davam edəcək – başları çönüb kütləvi qırğın silahına əl ataraq dünyanın sonunu tez gətirməsələr.

İlk baxışdan Qərb cəbhəsi ilə Şərq cəbhəsinin qüdrətləri qeyri-bərabər görünür. Ancaq Rusiyanın zəngin təbii resurslarını, Çinin möcüzəvi inkişafını və hazırda dünyanın 2-ci dövlətinə çevrilməsini, Hindistanın iri addımlarla irəliləməsini nəzərə alanda aydın olur ki, qüvvələr aşağı-yuxarı bərabərdir.

Yenə də umulan odur ki, biz bu iki cəbhənin münaqişəsində fəallardan olmayaq, bir küncdə dayanaraq, öz dərd-sərimizlə məşğul olaq, başımızın çarəsinə baxaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR