İnsanlara hürriyət, millətlərə istiqlal!

Lokal münaqişələrə xaç prizmasından baxanlar

Son günlər Niderland, İsveçrə və Kanada kimi dövlətlər qatı və köhnə əleyhhdarımız Fransaya qoşulub, ölkəmizə qarşı bəyanatlar verirlər. Sanki Fransa lokomotivdir, bunlar da onun vaqonları.

Bunların ümumi adı “Ermənistanın arxasında dayanan ölkələr”dir. Bunu Milli Məclisin dünənki açılış iclasında dövlət başçısı İlham Əliyev ad çəkmədən dedi.

Prezidentin çıxışının həmin parçası beləydi: “Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Bu barədə geniş danışmağa ehtiyac yoxdur”.

Bu barədə geniş danışmağa ehtiyac olmasa da, geniş və açıq-açıq, hər şeyin üstünə öz adını damğa kimi basaraq yazmaq lazımdır.

Hələ uzun illər əvvəl adı çəkilən və çəkilməyən dövlətlərin Ermənistana qahmar çıxmasının mayasında xristian təəssübkeşliyinin olduğunu deyəndə ölkəmizin özündə də bu mülahizəni qılıncla qarşılayanlar, əks arqument kimi Bosniya müsəlmanlarına qarşı qırğın törədən xristian serblərin liderlərinin cəzalandırılmasını misal göstərənlər vardı.

Amma arada ciddi fərqlər vardı. Miloşeviç diktaturası boşnaklara qarşı qırğını Rusiyaya güvənərək, həm də Avropanın düz mərkəzində törətmişdi. Onu nə danmaq olardı, nə də hərbi caniləri cəzasız buraxmaq.

Ermənistanın isə Rusiyaya və Avropaya güvənərək bizə qarşı törətdiyi hərbi cinayətləri (Xocalıda və daha 7 kənddə mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, əsir götürülən 4 minə yaxın adamın izsiz-tozsuz yoxa çıxarılması, keçmiş DQMV-yə daxil olmayan 7 rayonun işğal edilməsi və 30 il işğal altında saxlanılaraq yağmalanması, daha sonra yandırılması və s.) isə qeydə alan belə yox idi.

Aparıcı Avropa dövlətləri, eləcə də okeanın o tayında yerləşən qüdrətli dövlətlər özlərini elə aparırdılar ki, sanki elə belə də olmalı imiş. Hətta ərazisinin 20 faizindən məhrum olmuş Azərbaycanı borclu çıxaranlar, aqressiyada qınayanlar da vardı.

Bu, birmənalı olaraq, bayrağında xaç işarəsi daşıyan dövlətlərin xaçpərəst Ermənistanı özlərinə bir köynək yaxın, əziz saymalarının nəticəsiydi.

Bu siyasəti yalnız aktiv islam həmrəyliyi neytrallaşdıra bilərdi, amma müsəlman ölkələri arasında nə lazımi birlik, nə yetərli aktivlik, nə də həlledici güc yox idi. Hətta bəzi islam ölkələri haqsız olduğu halda nəyə görəsə Ermənistana dəstək verirdilər.

İslam həmrəyliyi amili yalnız bir neçə il əvvəl ortaya çıxdı. Onda da artıq Azərbaycan öz problemini əsasən həll etmiş, 44 günlük müharibədə qalib gəlmişdi. Düzdür, bizə dəstək verənlərin içində Türkiyə və Pakistan kimi müsəlman ölkələri də vardı, amma onların dəstəyi dini təəssübkeşlikdən yox, həm haqlı olmağımızdan, həm də tarixi müttəfiqlikdən irəli gəlirdi.

Əslində, dünya birliyi, böyük dövlətlər lokal münaqişələrdə ədalətli arbitr olsaydılar, öz mövqelərini nə xristian təəssübkeşliyinə, nə də islam həmrəyliyinə əsasən müəyyənləşdirməməliydilər, kimin haqlı, kimin haqsız olmasına baxmalıydılar.

Bunu isə beynəlxalq sənədlər, konvensiyalar bəlirləyirdi. BMT qanunvericiliyinə görə, dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı hüququ var və Ermənistan-Azərbaycan münaqişəsində sərhədi keçilən, ərazü bütövlüyü pozulan tərəf Azərbaycan idi.

Qüdrətli xristian dövlətləri bunu görməzliyə vururdular, danışıqlar zamanı bu detala etina etmirdilər. Onlar ən çox millətlərin öz müqəddəratını təyinetmə hüququna istinad edirdilər və bu zaman daha bir detalı da görməzliyə vururdular. Bu da o idi ki, ermənilər dar bir regionda – Qafqazda artıq bir dəfə öz müqəddəratlarını həll edib, Ermənistan dövlətini yaratmışdılar. Onlara ikinci dəfə belə bir hüquq vermək, dünyadakı digər etnoslara, dövlətçiliyi olmayan 4800 xalqa qarşı haqsızlıq idi. O xalqların arasında elələri var ki, sayca ermənilərdən 5, 10, hətta 50 qat çoxdurlar.

Ayrı-seçkilik göz önündəydi, fəqət bəzi Avropa dövlətləri onu naxışlı pərdələrlə örtürdülər. Məsələn, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq, Allah qoymasa, Ermənistan və Azərbaycan arasında vasitəçilik edirdi. Amma bu dövlətin diplomatlarının iştirakı ilə hazırlanan “sülh paketləri” tam olaraq Azərbaycanın əleyhinə olurdu. Biz 100 faiz güzəştə getməliydik, ermənilər isə “qalib tərəf” idi, bankı, uduşu, kuboku aparmalıydı.

Sonradan Fransanın iç üzü lazımınca açıldı, 44 günlük müharibə zamanı bu ölkə artıq vasitəçi olmadı, Azərbaycana qarşı açıq cəbhə aldı və hələ də o mövqedədir. Rəsmi Parisin bir xaçlı qalxanlar götürüb üstümüzə qoşunla gəlməyi qalıb.

Lokal, hətta qlobal münaqişələrə, toqquşmalara dini təəssübkeşlik prizmasından yanaşmaq ədalətsiz olduğu qədər də zərərlidir. Biz bunun ziyanlarını çox çəkmişik. Bu meyarla “tənzimlənən” münaqişədən heç zaman qalıcı sülh çıxmaz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR