Onlayn ictimai-siyasi qəzet
Uzun illər öncə Avropanın bəzi böyük dövlətlərinin, üstqurum təşkilatlarının, beynəlxalq institutlarının obyektivliyinə, ədalətinə şübhə edəndə ölkəmizin daxilində qınanırdıq.
Özümüzdə də şübhə vardı: bəlkə qənaətlərimiz, təsbitlərimiz dürüst deyil, biz milli təəssübkeşlik hissi ilə çıxış edirik, tam obyektiv ola bilmirik, əsl gerçək başqadır?
Ancaq zaman keçdikcə, gün kimi ortada olan həqiqətlərə fərqli yanaşmaları gördükcə, anladıq: problem bizdə deyil, həqiqətə kor baxanlarda, gizli şəkildə tərəf tutanlarda, dini təəssübkeşlik hissi ilə beynəlxalq qanunları görməzliyə vuranlardadır.
Hər dəfə Xocalı genosidinin ildönümü ərəfəsində aktuallaşırdı, bu hərbi cinayəti törədənlərin beynəlxalq tribunala verilməsi barədə söz-söhbətlər güclənirdi, ancaq Azərbaycan dövlətinin, qeyri-hökumət təşkilatlarının haqlı çağırışları kar qayaya bağırılan səs kimi udulurdu, əks-səda vermirdi.
Süqut etmiş Yuqoslaviya dövlətinin ərazisində hərbi cinayət törədən serb generallar və siyasi xadimlər Haaqa məhkəməsində mühakimə olunurdu, amma eyni cinayətləri törədən köçaryanlar, sarkisyanlar Avropa dövlətlərinin liderləri tərəfindən yüksək ehtiramla qəbul edilirdi.
Yavaş-yavaş bu qənaət genişləndi, artıq ölkədə əksər ictimai-siyasi fəallar anladı ki, avropalılar bizim Qarabağ probleminə sırf dini prizmadan yanaşır, xristian ermənilərin bu münaqişədən qalib ayrılmasını istəyir, Azərbaycanın işğal edilmiş torpaqlarının hamısını olmasa da, ən azı yarısını Ermənistana birləşdirmək üçün çalışırlar.
Bəlkə indinin özündə də bəzi Avropa dövlətlərinə, Avropanın üstqurum təşkilatlarına və beynəlxalq institutlarına toz qondurmayan həmvətənlərimiz var, amma yüz faiz onlar bunu obyektiv düşündükləri üçün etmirlər, nəyinsə xatirinə edirlər, özləri də bilirlər ki, Avropa Qarabağ məsələsində bizə qarşı həmişə ədalətsiz olub.
Budur, YUNESKO-nun mədəniyyət və fövqəladə hallar təşkilatının direktoru Krista Pikkat müsahibəsində belə bir söz deyib: “Qarabağdakı xristian abidələri 2020-ci ildə baş verən müharibədən ciddi təsirlənib və məhv olma təhlükəsi ilə üz-üzə qalıb”.
İlk haqlı sual budur: Bəs 1991-ci ildən, azərbaycanlıların yaşadığı yaşayış məskənlərinin işğalı başlanandan ta o işğala son qoyulmasının başlanğıc gününə, 2020-ci ilin sentyabr ayının 27-nə qədər YUNESKO harada idi, niyə bölgədə monitorinq aparmırdı?
Qarabağa yolu düşən əcnəbi siyasətçilər və diplomatlar canlı şahiddirlər ki, göz muncuğu kimi saxlanılan bir neçə məsciddən (Şuşada baxımsız, Ağdamda yarıdağılmış halda) başqa yüzlərlə türbə, məscid, məbəd, ocaq, qədim tikililər elə darmadağın ediılib ki, yalnız cüzi nişanələri, bir də vaxtilə çəkilmiş şəkilləri qalıb.
İşğal altında olmuş rayonlarda salamat buraxılan, toxunulmayan, başdaşıları güllələnməyən, uçurulmayan qəbiristanlıq qalmayıb. Ağdamdakı məşhur Qarayazı məzarlığını sonuncu daşından da təmizləyib yerində arpa-buğda əkmişdilər. Məscidlərimizin çoxunu tövlə kimi istifadə edirdilər, hələ şəklini çəkib paylaşır, bizə acıq da verirdilər. Başqa vaxt müsəlman-şiə davası aparan dövlətin bu faktlara göz yumması başqa söhbətdir və onu göstərir ki, islam həmrəyliyi amili xristian təəssübkeşliyinin qarşısında sıfır vəziyyətdədir.
İndi baxaq, görək, bu total dağıntılar, izsilmələr barədə YUNESKO heç olmasa bir dənə sənəd qəbul edibmi, vandalları qınayıbmı? Heç olmasa, YUNESKO-nun bir rəsmi şəxsi bu barədə danışıbmı? Bəlkə belə faktlar var, biz bilmirik?
Ancaq Şuşa 28 illik işğaldan azad edilən günlərdə Avropa mediasında bu şəhərə dair ən tirajlı xəbər Qazançı adlanan erməni kilsəsinin artilleriya atəşi nəticəsində dağılması idi.
Şəkil yazı müəllifi tərəfindən 2021-ci ildə çəkilib
Bir az sonra ortaya çıxdı ki, kilsə dağılıb-eləməyib, bir çovumuş mərmi kilsənin arxa tərəfdən bir hissəsini zədələyib. Azərbaycan dövləti isə Şuşa səmasından barıt iyi çəkilməmiş həmin kilsəni tor hasara aldı və təmirinə başladı. Hazırda kilsə əla vəziyyətdədir və ziyarətçilərin üzünə açıqdır. Sadəcə, “bədnam ziyarətçilər” bu kilsəni ziyarət etmək üçün mənəvi haqlarını itiriblər.
Özü də həmin kilsə Şuşanın köhnə erməni şəhəri olmasına dəlalət etmirdi. Şuşa məşhur qala olandan, bütün Qafqaza səs salandan, Peterburqda belə tanınandan sonra Culfa rayonunun Qazançı kəndində yaşayan ermənilər Şuşaya köçüb, bir məhəllədə yerləşiblər, daha sonra özlərinə kilsə tikiblər və adını da Ğazançetsots (yəni Qazançılı) qoyublar.
Xankəndinin ətrafındakı erməni baba-nənə abidəsi də sağ-salamat durur, dəyib-toxunan olmayıb. Bu tikili bizimki olsaydı, ermənilər onu dərhal iki top atəşi ilə dağıdardılar.
Xocavənd rayonunun Tuğ kəndində yerləşən, əslində qədim alban məbədləri olan tikililər də qaya kimi yerində durur, onlara da dəyib-toxunan olmayıb. Ancaq yəqin ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində tikilmiş bunker tipli istehkamda tövləyə bənzəyən, adı kilsə qoyulmuş yastı-yapalaq tikili dağılıb. Çünki həm qədim abidə deyildi, həm də əcaib bir şey idi.
Uzun sözün kəsəsi, gərək bəşəri dəyərlərə, insan haqlarına, humanizm prinsiplərinə dəyər verən avropalılar belə məsələlərə dair açıqlama verərkən, qərar qəbul edərkən dini təəssübkeşlik hissinə qapılmalarından utansınlar.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ