İnsanlara hürriyət, millətlərə istiqlal!

1988-ci ilin fevralında seçdikləri taleni yaşayanlar...

 

Hər dəfə yolumuz Qarabağın işğaldan azad olunmuş rayonlarına düşəndə həm adamın ürəyi açılır, həm də qanı qaralır.

Ürəkaçan məqam odur ki, bir qərinəlik aradan sonra doğma torpaqlar yenidən özümüzdədir, tikinti-quruculuq işləri gedir, qismən də olsa, yaşayış var.

Ancaq dağıntının miqyasına baxanda hiss edirsən ki, Qarabağ rayonlarının tam bərpası üçün uzun illər lazımdır. Bu işləri bir neçə ilə yalnız dünyanın ən varlı, ən qüdrətli ölkəsi başa gətirə bilər.

Budur, Füzuli şəhərində artıq 800-dən çox ailə, ümumilikdə 2 min insan yaşayır. Bir-iki aya yenə köç olacaq. Amma bu, bir kəndin adamı deməkdir. Yəni bir kəndi, şəhəri bərpa etmək asandır, dünyadakı 70-ə yaxın dövlətdən böyük olan bir mahalı yenidən tikmək isə çox çətindir.

Dünya birliyi də öncələr vəd etdiyinin əksinə olaraq, nəinki bərpa işlərinə maliyyə köməyi etmir, hətta bir çox qüdrətli dövlətlər girəvələyib ölkəmizə sanksiya tətbiq etmək istəyirlər.

Ona görə ki, Qarabağ münaqişəsi onların istədiyi kimi başa çatmayıb, Ermənistan dövlətini böyütmək istəyənlər bu imkandan məhrum olublar. İndi onların əsas istədiyi odur ki, ötən ilin sentyabrında küyə düşüb Qarabağı tərk edən erməniləri bölgəyə qaytarsınlar.

Bu isə əslində zərərli istəkdir. Bu, münaqişə ocağının üstünün qorlanması, küllənməsi olar, amma on minlərlə insanı “yandırmış” ocağın korun-korun, közərə-közərə davam etməsi deməkdir.

Böyük dövlətlər, daimi havadarlar Qarabağdan qaçqın düşmüş minlərlə erməninin tərəfindədirlər. Onlar 30 il öncə bu əzmkarlıqla Qarabağdan didərgin düşən yüz minlərlə azərbaycanlının yanında olsalar, nə münaqişə bu qədər uzanardı, nə də sonda ermənilər ölkəmizdən köçməyə məcbur olardılar.

Heç kəs bilməsə də, 30 illik qaçqınlıq-köçkünlük həyatı yaşamış azərbaycanlılar bu həyatın nə demək olduğunu yaxşı bilirlər. Ancaq qəribədir ki, onların tam əksəriyyətinin qaçqın ermənilərə yazıqları gəlmir.

Humanizm prinsiplərini əldə rəhbər tutanlarımız da var, deyirlər, sadə xalqın günahı yoxdur, onların haqqı pozulub.

İlk baxışdan elədir. Çünki qərar qəbul edənlər başqadır, sadə xalq isə həmişə yuxarıdan deyilənlərə tabe olur.

57f32a4376880d466dac37ef0f3ccb19.jpg (120 KB)

Ancaq dönüb arxaya, 1988-ci ilin fevralında baş verən hadisələrə baxanda bu fikirin həqiqət payı zəif görünür. Ortada həmin vaxt çəkilmiş şəkillər var və o şəkillərdə on minlərlə mitinq iştirakçısı görünür. Xankəndidə, ətraf rayonlarda yaşayan elə bir ailə olmayıb ki, şəhərin baş meydanındakı izdihamlı mitinqə azı bir nəfərlə qatılmasın, “miatsum” tələb etməsin.

Bu, o deməkdir ki, Qarabağ erməniləri bugünkü aqibətlərini 1988-ci ildə özləri seçiblər. Hələ sonradan kütləvi şəkildə “xalq könüllüləri”, “fədailər” dəstəsi yaradaraq silaha sarılmaları da olub. Yenə elə bir erməni ailəsi olmayıb ki, Azərbaycana qarşı azı bir döyüşçü verməmiş olsun.

Xocalıdan Qaradağlıya qədər hücuma məruz qalmış 10-dan çox yaşayış məntəqəsində öldürülən, girov götürülən minlərlə dinc həmvətənimizin qanı onların əllərindədir.

Bütün bunları düşünəndə Qarabağdan köçmüş ermənilərin indiki halına acımaq olmur. Avropalılar isə belə düşünmürlər. Onlar heç Qarabağda silsiləvi hərbi cinayətlər törətmiş, buna görə Haaqa tribunalının müttəhmlər qəfəsində oturmalı olan erməni liderlərdə günah görmürlər, hətta onların azadlığa buraxılmasını tələb edirlər.

Bir ifadə də var: “Qarabağda ortalığı İrəvandan gələnlər qarışdırdı, ortaya qanı onlar saldı”.

Bu söhbətdə həqiqət payı var. Gerçəkdən də Levon Ter-Petrosyanın rəhbərlik etdiyi təşkilatın və “Krunk” birliyinin üzvləri İrəvandan gələrək yerli xalqı qızışdırdılar, Bakıya qarşı qiyama, üsyana təhrik etdilər.

Yaxşı, bəs görək, elə həmin illərdə Bakıdakı vətənpərvər gənclərdən ibarət təşkilatların üzvləri Vediyə, Göyçəyə, Zəngəzura gedərək yerli azərbaycanlıları İrəvana qarşı ayağa qaldıra bilərdilərmi? Bu bölgələrdə kompakt yaşayan soydaşlarımız yaşadıqları ölkəyə qarşı silaha sarılardılarmı?

Onlar bunu əsla etməzdilər və Bakıdan gələnlərə sərt cavab verər, “gül kimi, iç-içə, qardaşcasına yaşayarıq, niyə araya qan salmalıyıq” deyər, təxribat törətmək istəyənləri qovardılar. Elə Qarabağın özündə də kimlərsə başqa yerlərdən gəlib təşəbbüs qaldırsa, “gəlin erməniləri Qarabağdan qovaq” təklifi versə, sərt reaksiya ilə üzləşərdilər.

Ancaq Qarabağ erməniləri elə bir himə bənd imişlər, dayaq, dəstək gözləyirmişlər kimi, Xankəndinin mərkəzi meydanına toplaşdılar, sonra elliklə səngərlərə girdilər, elə bağışlanmaz hərəkətlərə yol verdilər ki, bu qədər qan-qadadan sonra müstəqillik qazansalar belə, normal, gəlişli-gedişli qonşuluq mümkün olmayacaqdı.

arman.jpg (21 KB)

İndi onlar hərdən İrəvanın mərkəzi meydanına toplaşır, rəsmi şəxslərdən sonrakı aqibətlərinin necə olacağını soruşur, hüquqlarının bərpa olunmasını tələb edirlər.

Onların Qarabağda bərbad etdikləri yerləri bərpa etmək üçün isə, kim bilir, neçə il və neçə yüz milyard pul lazımdır. Bu, gerçək adamın qanını qaraldır.

Ancaq adamın ürəyini açan məqam budur ki, indi Qarabağda hərəkət edərkən kol dibindən çıxan quldurların namərd hücumuna məruz qalacağını gözləmirsən.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR