İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərəf tutan arbitrlərin əsl üzü – ABŞ və Fransa senatorlarının düdükləri susmur

Biz millət olaraq dünya birıiyinin amorfluğunu, puçluğunu, böyük dövlətlərin ədalətsizliyini, tərəfgirliyini çox gec anladıq.

Uzun illər özümüzü aldatdıq ki, fərasətimiz çatmır, xarici ölkələrdə diaspor təşkilatlarımız, lobbi qruplarımız yoxdur, ona görə Azərbaycan həqiqətlərini dünyaya çatdıra, Qarabaq məsələsində haqlı və zərərçəkən olduğumuzu isbat edə bilmirik.

Heç demə, onlar lap başından bəri hər şeyi, özlərinə lazım olduğu şəkildə bilirmişlər və bizim həqiqətlər onlara lazım deyilmiş.

Elə ona görə də 1992-ci ildə ABŞ Xocalıda 613 insanı bir gecənin içində öldürən, iki o qədərini yaralayan, iki mindən çox dinc sakini girov götürən Ermənistana yox, bizə sanksiya tətbiq etdi.

Məgər ABŞ regionda hansı proseslərin getdiyini, kimin kimi qırdığını, kimin kimə arxalanaraq işğalçılıq siyasəti yritdiyini bilmirdimi?

Əlbəttə, dünyanın ən güclü kəşfiyyat strukturlarına malik olan, istisnasız olaraq BMT üzvü olan bütün ölkələrdə səfirliklər saxlayan ABŞ-ni idarə edənlər hər şeyi bilirdilər.

Sadəcə, biz elə bilirdik ki, ABŞ-də çox şeyi bilmirlər, bilirlərsə də, erməni diasporu və onun saxladığı lobbi güclüdür, Ağ Evin, xarici siyasət idarəsinin qərarlarına təsir edir.

Söz yox, erməni diasporu və lobbisi bir çox ölkələrdə olduğu kimi, ABŞ-də də güclüdür, ancaq o dövlətləri idarə edənlərin könlünün hər zaman o diaspor təşkilatlarının yanında olması da gerçəkdir.

Biz lobbistlərə nə qədər pul xərcləsək də, necə isti əlaqələr qursaq da, Avropa və Amerika bizi həmişə “ögey” saydı və hələ də davam edirlər.

Sadəcə, bir ara qarşılıqlı iltifatlar pik həddə çatmışdı, onda da onlar regional konfliklərdə faydalanmaq, Rusiya və İrana qarşı bizdən maşa kimi istifadə etmək istəyirdilər. Bu, alınmayanda üzləri təzədən çöndü.

ATƏT-in Minsk qrupunda həmsədrlik edən üç ölkənin üçünün də bizə qarşı olması mərhələsinin acı illərini necə yaşayırdıq, yada düşəndə adam indi də mütəəssir olur.

Ən böyük arzumuz o idi ki, o dövlətlərin (ABŞ, Rusiya, Fransa) heç olmasa biri bizdən yana olsun, heç olmasa, biri gerçəkdən neytral olsun.

Amma bu arzu olaraq qalırdı. Rusiya qatı bir erməni himayədarı idi, Fransa uzaqda yerləşsə də, errmənisevərlikdə rusladan da geri qalmırdı. ABŞ isə oynayırdı, gah elə, gah belə davranırdı, “mavi muncuq” siyasəti yeridirdi.

Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həlli ona görə baş tutmurdu. Həmsədrlərin niyyəti Qarabağı bütün beynəlxalq qanunların ziddinə olaraq Ermənistan üçün sənədləşdirmək idi. Ona da təkcə biz razı deyildik. Hamı razıydı, mərhələli həll planı da hazır idi. Bir-birini sevməyən, dünyanın hər yerində gizli və ciddi intriqa aparan bu üç ölkə yalnız Qarabağ məsələsində yekdil və müttəfiq idilər.

Əlac ona qalırdı ki, bu dövlətlərin münasibətləri son dərəcə pisləşsin, mənafeləri sərt şəkildə toqquşsun. Yalnız o zaman Qarabağa nicat yolu görünəcəkdi.

2020-ci ilin payızında, necə deyərlər, istədiyimiz situasiya yetişdi. 30 il Qarabağın açarını cibinin iç cibciyində gizlədən Rusiya bəlli motivlərlə neytral oldu, “Qarabağın açarı”nı masanın üstünə qoydu, “hünərli və çevik olan götürsün” dedi. Bu dəfə biz 1988-94-cü illərdəki kimi deyildik, güclüydük. Həm də çevik tərpəndik. 44 günün içində 32 ilin savaşı bitdi. İndi Qarabağ tam şəkildə özümüzdədir.

Ona görə də ermənilərə Qafqazda ikinci dövlət qurmaq istəyən, daha dəqiqi, Qarabağı bu kiçik ölkəyə birləşdirməklə onu böyütməyi düşünən qüdrətli dövlətlər bizə qarşıdır. Ermənistanı öz Marselindən ayırmayan Fransanın ardınca ABŞ-nin konqresmen və senatorları da dincəlmirlər, ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət edirlər.

1 milyona yaxın azərbaycanlı Ermənistandan, Qarabağdan zorla deportasiya ediləndə, bu “etnik təmizləmə” olmayıb, amma çoxu onsuz da əvvəldən köçüb getmiş 100 min civarında erməni könüllü şəkildə, Ermənistan dövləti tərəfindən səfərbər edilərək bölgədən çıxarılanda “etnik təmizləmə” olur.

Yaxşı ki, ötən ilin sentyabrında Azərbaycanın güc strukturları Qarabağdakı mülki ermənilərlə son dərəcə korrekt davrandılar, bir adama güldən ağır bir söz demədilər, bir adama bir şillə vurmadılar. Ən xəfif bir zoraklıq halına yol verilsəydi, indi onların videogörüntüsü 7\24 dünyanın efir məkanında tirajlanar, vay-nöfsə ərşə qalxardı. Nə ermənilərin, nə də onların havadarlarının əllərində heç bir görüntü və fakt yoxdur, sadəcə, demaqoqcasına “işğal”dan, “müharibə cinayətləri”ndən bəhs edirlər.

Konqresmen Frank Pallone uzun illərdir həyatını “erməni işi”nə həsr edib, ölənə qədər də o istiqamətdə davam edəcək. 2017-ci ildə o, Qarabağa qanunsuz səfər etmişdi, bir daha edə bilməyəcək. Adı Azərbaycanın “qara siyahı”sındadır. Senator Edvard Marki isə sentyabrın 3-də Bostonda erməni icmasının üzvləri ilə keçirdiyi görüşdə COP-29 tədbiri ərəfəsində “etnik erməni siyasi məhbusların azad edilməsi üçün” Bakıya təzyiq edilməsindən danışıb.

Bir sözlə, artıq hər kəsin maskası cırılıb, ölkəmizin dostları da bəllidir, düşmənləri də. Bizə neytral olanlar da ortadadır, radikal ovqata qapılanlar da.

Biz bir daha öz taleyimizi tərəf tutan arbitrlərin öhdəsinə buraxmamalıyıq. Futbol futboldur, adi oyundur, tamaşadır, onda belə tərəfgir hakim üzündən uduzdurulanda həzm etmək olmur, bir də var, qərəzkarlar döyüş meydanında Qarabağ boyda mahalı uduzmağımız üçün, türkün sözü, düdük çalalar. Bunu heç sinirmək olmazdı, olmurdu, ola bilməz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR