Onlayn ictimai-siyasi qəzet
Dünyada belə bir presedent varmı ki, silsilə terror aktı törətməklə məşğul olan hansısa separatçı-ekstremist təşkilat qarşısına qoyduğu əsas məqsədə çatsın, vuruşduğu dövlətə güc gəlsin, beynəlxalq miqyasda legitimlik qazansın.
Belə bir təşkilat yoxdur və olmayıb. Həsən Sabbahın “xaş-xaşilər”indən tutmuş ta günümüzdəki “Əl-Kaidə”yə qədər bütün terror təşkilatları tarix baxımından qısa bir zaman kəsiyində effektiv ola, adlarından söz etdirə biliblər, sonra sıradan çıxıb, yox olub gediblər.
Terror yoluyla öz məqsədinə yaxınlaşanlardan biri “İraq-Şam İslam Dövləti” (İŞİD) idi, bir neçə il boyunca Suriyanın və İraqın bir yarısını ələ keçirərək terror dövləti qurmuşdu, amma böyük dövlətlər əl birliyi ilə bu təşkilatın axırına çıxdılar, hazırda yalnız orda-burda gizli hücrələri var.
Düzdür, prinsipcə, Əfqanıstanda boy göstərən “Taliban” da terror təşkilatıdır, ancaq o, separatçı təşkilat deyil, öz ölkəsində hakimiyyətə gəlmək istəyən və iki dəfə bunu bacaran böyük inqilabi hərəkatdır. Sadəcə, bu təşkilat öz məqsədinə çatmaq üçün terrordan yararlanır. Ancaq sabah “Taliban” Pakistanda və ya İranda eyni üsullarla hansısa bölgəni qoparmaq, orada oyuncaq “dövlət” yaratmaq istəsə, uğursuzluğa düçar olacaq.
Ermənistanın Qarabağda separatçı-terrorçuların əliylə qurduğu qondarma “respublika”nın da sonunu gördük. Çox qan tökmüş separatçı-terrorçular axırda öz qanlarında boğuldular. Bir şeyə təəssüf ki, biz onların beynəlxalq səviyyədə mühakiməsinə nail ola bilmədik. Ona görə də hazırda xaricdə havadarları var və onları “milli azadlıq hərəkatının fəalları” sayırlar.
Ancaq fərqi yoxdur, öz məqsədinə çatmaq üçün dinc insanları öldürən, silsilə diversiyalar həyata keçirən bütün təşkilatlar avtomatik olaraq terror təşkilatlarıdır.
Budur, qardaş Türkiyə yenidən terrora hədəf olub, Ankara yaxınlığındakı TUSAŞ aerokosmik korporasiyasının binasında partlayış törədilib, 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
İndilikdə bu terror aktının sifarişçi və təşkilatçılarının kimliyi tam məlum deyil, nə də heç bir təşkilat irəli durub “bu, bizim işimizdir” deməyib.
Ümumiyyətlə, “terrora görə məsuliyyəti öz üzərinə götürmək” trendi əsasən 20-ci əsrdə qalıb. Yeni əsrin terrorçuları belə “alicənablıq” etmirlər, hətta özlərinin törətdiyi terror aktında iştiraklarını da danırlar. Bu, ona görə belədir ki, bu cür “etiraf”lardan sonra total şəkildə hədəfə gəlirlər, dünyanın hər tərəfində təqib olunurlar, bütün hücrələri dağıdılır, liderləri vurulur. Etiraf etməyəndə isə zərbəyə qalmış dövlətin gümanı bir neçə ünvana dağılır.
Bununla belə, hər dövlət yediyi “şillə”nin kimin qolundan gəldiyini dərhal olmasa da, uzun çəkməyən araşdırmadan sonra bilir.
Son 40 ildə Türkiyəyə qarşı bu cür terror aktlarını əsasən PKK terror təşkilatı törədib, daha sonra “Əl-Kaidə” və İŞİD də bir neçə epizodda eyni cinayətlərə qol qoyub.
Son terror aktında isə sanki iki terror qruplaşmasının işbirliyi var. Teraktın Fətullah Gülənin ölümündən və PKK-nın növbəti dəfə ağır zərbə almasından dərhal sonra, eləcə də Türkiyənin dünyadan təcrid olunan Rusiya ilə yaxınlaşması fonunda baş verməsi güman gedən yerləri bir az çoxaldır. Ola bilər, iki-üç terror qruplaşması əməkdaşlıq edib, bir növ “terror koalisiyası” yaradıblar.
Bir çey dəqiddir ki, terror aktını sifariş verənlər və bu işə qol qoyanlar Türkiyənin sarsılmasını, zəifləməsini, bölünməsini istəyən qüvvələrdir.
Fəqət bu üsul Türkiyəni gücləndirirmi, zəiflədirmi? Birmənalı olaraq demək olar ki, bu cür teraktlar Türkiyə dövlətini toparlayır, qətiyyətini artırır, düşmənə qarşı amansız edir, paralel olaraq terror yoluyla əsas məqsədlərinə çatmaq istəyən dairələri hədəfdən uzaqlaşdırır.
Türkiyə terrora baş əymək, onun qarşısından çəkilmək, düşmənlərə qarşı yumşalmaq niyyətində deyil.
Separatçılar “kürd açılımı” illərində daha çox nailiyyət qazanmış, dağlardan enib siyasi dairələrdə mövqe tutmağa başlamışdılar. Mağarada daş üstündə oturmalı olan adamlar TBMM-də rahat kresloda oturur, ancaq yenə də düşməncəsinə davranırdılar, özlərini “müstəqil dövlət qurmuş” kimi aparır, daha çox hüquq və səlahiyyət tələb edirdilər.
Türkiyə dövləti bir də onda ayıldı ki, PKK-ya işləyənlər təkcə ölkə parlamentində təmsil olunmaqla kifayətlənmirlər, əl altından iri şəhərlərdə “siçovul katakombaları” kimi yeraltı bunkerlər tikir, silah toplayır, dövləti tamamən və rəsmən bölmək üçün gecə-gündüz çalışırlar. O zaman Türkiyə dövləti çomağın o biri başını çevirdi. PKK və digər separatçı birliklər yenidən dağlara çəkildi. Dövlət orada da onlara rahatlıq vermədi, məcbur oldular ki, sərhədi aşıb İraqın və Suriyanın şimalında gizlənsinlər.
Uzun sözün kəsəsi, heç bir təşkilat bu üsullarla Türkiyəni qorxuda, zədələyə bilməz. Yalnız belə hadisələrdə qırılan gənc ömürlər olur və xalqda üzüntü yaradır.
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ