İnsanlara hürriyət, millətlərə istiqlal!

4 il öncə bu gün – iki gözümüzün biri sevincdən, biri kədərdən yaşarmışdı

2020-ci ilin bu gününə qədər doğulub böyüdüyüm Füzuli rayonu haqqında yazmaq da, danışmaq da, hətta onu xatırlamaq da çox kədərliydi.

Rayonun yarısı düşmən əlindəydi. Təmas xətti kəndimizdən keçirdi. Erməni hərbçilərin istehkama çevirdiyi səngəri mənim ev tikmək üçün bəlirlədiyim torpaq sahəsinin düz üstündəydi.

Qohum-əqrəbanın, həmkəndlilərin toyuna, şadlıq məclislərinə gedirdik, heç olmurdu ki, yerli müğənnilər mütləq düşmən əlində qalan doğma yerlər haqqında muğamat oxumasınlar. Özü də “Segah” üstə. Tamamən ah-nalə. Bilmirdin toydasan, yoxsa yəhudilər kimi başını “Ağlama divarı”na söykəmisən. Tablaşmaq olmurdu. Hərdən qalxıb ərkim ötən musiqiçilərə deyirdim, bu mərsiyəxanlığı qurtarın, camaatın onsuz da qara qanını heç olmasa toyda qaraltmayın.

Toylarımız, bax, belə keçirdi.

Bir də rəhmətə gedən əzizlərimizi kəndin bir neçə kilometrliyindəki yeni qəbristannlıqda dəfn etmək əzabı vardı. Düşmənin güllə mənzilinə qədər gedir, təpənin başında durur, xaraba qaldığı görünən kəndimizə baxırdıq. Ölü yiyəsi son mənzilə tapşırılan əzizinə ağlayanda vaya gələnlər 2-3 kilometr o tərəfdəki ilk mənzillərinin xarabalığına baxıb ağlayırdılar. Sonra dönüb Quruçay vadisindəki bulaqda əl-üzümüzü yuyur, bir az toxtayır, guya ki, təskinlik tapırdıq.

Vaylar da belə ötürdü.

Ümid isə heç üzülmürdü. 90-95 yaşlı ahıllarımız ümidlə yaşayır, deyirdilər ki, Allah möhlət verib, torpağımıza qayıdana qədər yaşayacağıq. Onların çoxu doğma yurd nisgili ilə köçdü bu dünyadan.

Bu sitəm, qəhr-qubar 2020-ci ilin bu gününə qədər davam etdi. Ancaq bütün xalqımız kimi Füzuli camaatı da oktyabrın 17-də Füzuli şəhərinin düşmən işğalından azad edildiyi barədə xəbəri alanda matəm içindəydi. Bu xəbər xalqın bir gözünü güldürdü, o biri ağlar idi. Çünki həmin gün Qarabağdakı erməni separatçılarının əmri ilə Gəncə şəhərinə növbəti dəfə raket atılmışdı, qocalar, qadınlar, uşaqlar həlak olmuşdu.

Füzulinin işğaldan azad olunması xəbəri matəm havasını bir az yumşaltdı, adamları ovutdu, amma xalq mülki şəxslərin ölümünə üzülməkdəydi.

Bəlkə də Füzulinin işğaldan azad olunması xəbəri bir gün sonra, oktyabrın 18-də elan ediləcək, 1991-ci ilin həmin günündə elan edilmiş müstəqillik bəyannaməsi gününə salınacaqdı. Ordu hissələrimizin artıq Füzuli civarında uğurlu döyüş əməliyyatları aparması, xeyli yaşayış məntəqəsini azad etməsi barədə xəbər oktyabrın ikinci ongünlüyünün ilk günlərindən vardı. Fəqət olmadı, namərd düşmən xalqı Füzuliyə görə iki gözlə sevinməyə qoymadı.

Bir Füzuli deyildi. Hər dəfə hansısa iri yaşayış məntəqəmiz düşmənin tapdağından xilas edilən kimi ermənilər ölkəmizin müharibə bölgəsindən uzaq şəhərlərinə raket atırdılar. Gəncəyə, Bərdəyə, Mingəçevirə, Tərtərə, Beyləqana atılan və mülki insanların ölümünə səbəb olan raketlər sırf ermənilərin qisas almaq hirsinin nəticəsiydi. Hərb poliqonunda müqavimət göstərə bilmirdilər, dovşan kimi qaçırdılar, acıqlarını isə dinc camaatdan çıxırdılar. Separatçıların böyüyü Araik Arutyunyan döşünə döyərək “Gəncə mənim əmrimlə vurulub” deyirdi. İndi Bakıdadır, danışdırıb dişinə döyəsən, deyəcək, belə demək üçün İrəvandan əmr alıbmış, o hücumlardan xəbəri yoxdur.

Bunu bir dəfə də yazmışam, “Füzuli şəhərinin işğaldan azad edilməsi” xəbəri həqiqətin hamısı deyil. İşğaldan azad olunan Füzuli şəhəri deyildi. Rəşadətli ordumuz Füzuli şəhərinin yerini, quru torpağını, daş-çınqıl qalaqlanmış dərə-təpəni azad etmişdi. Şəhər nə gəzirdi? Vandallar bayraq dikəltməyə bir dik tikili qoymamışdılar. 1200 yerlik mədəniyyət sarayını elə yox etmişdilər, bir adam bilməzdi ki, bu xarabalıqda, kol-kos basmış yerlərdə nəsə bir bina olub.

Hələ şəhərin adını da dəyişdirmiş, viranə qoyduqları şəhərə Varanda adı qoymuşdular. İndi orda-burda Laçın, Füzuli, Qubadlı, Ağdam, Zəngilan, Cəbrayıl haqda danışanda “işğal olunan erməni torpaqları” deyə bəhs edirlər. Bəs adam “öz torpağı”nı o günə qoyardımı?

Budur, Füzuli şəhəri də, rayonun kəndləri də özümüzdədir, tikilir, qurulur, hər şey əvvəlkindən də yaxşı olacaq. Amma insanların ömrü getdi axı. Onlar çadır şəhəciklərində, fin qəsəbələrində, tələbə yataqxanalarında yaşlandılar, əzizlərinin məzarları 40 fərqli qəbristanlıqdadır.

Bax, bunu düşmənə bağışlamaq olmur. İnsanın insana edə biləcəyi iki böyük pislikdən biri onu öldürməkdirsə, digəri evini yandırmaq, yuvasını dağıtmaqdır. Erməni separatçılar bizə bu iki böyük pisliyin ikisini də, hətta A.-dan Z.-yə qədər bütün pislikləri ediblər. İndi böyük ölkələrin möhtəşəm paytaxtlarında lüks komfort içində bəslənən siyasi liderlər ermənilərin Qarabağa geri qayıtmasının vacibliyindən danışırlar. Mümkündürmü? Mümkün deyil. Onlar kütləvi şəkildə xalqımızla düşmənçiliyə qol qoyduqları üçün bu mahalda yaşamaq haqqını iiriblər. Bizimlə düşmənçiliyin ən pis variantını aparıblar. Özləri də bilirlər. Məhz ona görə də şələ-külələrini yığışdırıb Qarabağdan salamat getməyi qazanc bildilər.

Heçimiz-köçümüz ayrı yaşasaq, yaxşıdır - ən azı yüz il. Hər şey unudulana qədər. Əgər unudulacaqsa. Zaman tarixi düşmənçilikləri unutdurur. Amma biz bu tarixi olduğu kimi yazmalıyıq ki, gələcək nəsillər ayıq-sayıq olsunlar.

P.S. Bu günü – Füzuli gününü bizə, xalqımıza bəxş edən hər kəsə sonsuz minnətdarlıq düşür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR