İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd sağalsa, bir gün azadlığa buraxılsa...

Öz ailəsini – ata-anasını, bacısını və bacısının övladını amansızlıqla qətlə yetirərək Azərbaycan ictimaiyyətinə şok yaşatmış qatil Əhmədin cəzadan azad edilməsi xalqı yenə şoka salıb.

Bu, səbəbsiz deyil. Ölkədə hələ belə qətliam olmamışdı. İnsanlar cəmiyyət arasında belə şəxslərin sərbəstcə dolaşa biləcəyini düşünərək kütləvi şəkildə qorxmağa başlamışdılar.

Hətta bir çoxları öz əzizlərinə məsləhət görürdülər ki, yollarda, küçədə-bayırda tanımadıqları şəxslərlə sözlü münaqişələrdən uzaq olsunlar, çünki bilmək olmaz, ilk baxışda sakit görünən biri amansız qatil çıxa bilər.

Əhməd ölkə ictimaiyyətini belə xoflandırmışdı. İndi o, cəzasız qalır.

Xalqdan olsa, sırf belə vaqiələr üçün ölüm cəzası bərpa olunar və beləsi edam edilər. Beynəlxalq konvensiyaya qoşulduğumuzdan, edam cəzasına moratorium qoyduğumuzdan bu, mümkün deyilsə, total rəy belədir ki, o zaman bu cür adamlar ömürlük həbsdə qalmalı, cəmiyyətdən birdəfəlik təcrid olunmalıdırlar.

Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri belə bir qərar veriblər ki, Əhməd cinayəti anlaqsız vəziyyətdə törədib, ona görə də ixtisaslaşmış xəstəxanada məcburi müalicə olunmalıdır.

Əslində bu da cəzadır və onun cəmiyyətdən təcrid olunması deməkdir. Bu şəxs həbsxana nəzarətçilərinin nəzarəti altında olmasa da, ixtisaslaşmış xəstəxananın qoldan qüvvətli sanitarlarının və həkimlərinin iradəsi altında olacaq.

Belə xəstəxanalarda çılğınlaşan, əndazəsini aşan pasiyentləri karserə salmırlar, amma köynəyi tərsinə geyindirir, paltarın uzun qollarını arxadan bağlayır, adamı sakitləşdirirlər.

Söhbətdə “müalicə” sözü varsa, demək, pasiyentin sağalması ehtimalı da var. Düzdür, bir çox psixi xəstələr heç vaxt sağalmırlar, sadəcə, müəyyən müddət yaxşılaşırlar, amma belə görünür ki, Əhmədin xəstəliyi ciddi sayılmır, bildirilir ki, o, bu cinayəti anlaqsız vəziyyətdə törədib.

İndi isə, maşallah, anlaqlıdır. Ancaq o, törətdiyi hadisədən peşmandırmı? Məhkəmə boyunca belə bir ifadəyə rast gəlmədik. Bu da o deməkdir ki, adam anlaqsız vəziyyətdə törətdiyi cinayəti hazırda da, anlaqlı olduğu zamanda da haqlı sayır. Yəni lazım gəlsə, yenidən əzizlərini qətlə yetirə bilərmiş.

Hazırda insanları qorxudan da elə budur. Birdən sabah ixtisaslaşdırılmış xəstəxananın həkimləri rəy verdilər ki, Əhməd tam sağalıb, hərəkətlərinə tam cavabdehdir və onu azadlığa buraxmaq olar. O zaman nə olacaq: Əhmədi azadlığa buraxacaqlar, yoxsa törətdiyi qətliama görə yenidən mühakimə edəcəklər?

Söz yox ki, məhkəmə sədarəti belə bir hökm verərkən qanuna əsaslanıb və özbaşına iş görməyib, amma yenə də bu məsələnin perspektivi əndişə doğurur.

İndiyə qədər həbsdən vaxtından tez buraxılan, yaxud layiq olduğu cəzadan daha az, yüngül cəza alan yüzlərlə şəxs qısa müddət sonra daha ağır, bağışlanmaz cinayətlər törədərək, nə qədər günahsız adamı həyatdan qoparıblar.

Türkiyə mediasında demək olar ki, hər gün işlədilən məşhur bir ifadə var: “İctimai asayişi kobud şəkildə pozan, silahı ilə insanlara təhlükə yaradan şübhəli şəxs polis bölməsinə aparılıb, ifadəsi alınaraq, sərbəst buraxılıb”. İki gündən sonra başqa bir xəbər gəlir: “İki gün əvvəl küçədə öz silahı ilə terror rüzgarı əsdirən şübhəli şəxs bu gün iki nəfəri güllələyib”. Demək, belə bir ictimai təhlükəli adamı iki gün əvvəl sərbəst buraxmaq lazım deyilmiş.

Yaxud indiyədək boşanmış və ya boşanma ərəfəsində olan yüzlərlə, hətta minlərlə qadın keçmiş əri tərəfindən ölüm təhdidi aldığını deyərək, hüquq-mühafizə orqanlarına müraciət edib, dövlət strukturları bu şikayət əsasında qanuni tədbirlər görmək əvəzinə, potensial qatillərin ifadəsini alıb buraxır və çox keçmədən onlar zavallı qadınları qətlə yetirirlər.

Yəni ən adi söz çəpləşməsində anlaqsız vəziyyətə düşən, tapançaya, bıçağa əl atan adamların dinc əhalinin arasında sərbəst gəzib-dolaşması cəmiyyət üçün təhlükədir.

Əhməd Əhmədovun tam sağalması halında bir gün onun yenidən, adi mübahisə zamanı anlaqsız olmayacağına və tanıdığı, yaxud tanımadığı adamların qəsdinə durmayacağına heç bir təminat yoxdur.

Ümid ona qalır ki, törətdiyi ağır, bağışlanmaz cinayətə görə ömürlük həbsdə yatmalı olan bu şəxs xəstəxanada ömürlük yatacaq və bir gün “artıq tam sağalıb” rəyi ilə azadlığa buraxılmayacaq. Bəlkə də amansız fikirdir, amma düşünəndə ki, o, doğma bacısının məsum övladını o cür amansızlıqla öldürmüşdü, başqa fikirə yer qalmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR