İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahillər kütləsini sümürən fəndgirlər

Tacikistanda cadu-piti və falçılıqla məşğul olan 1500 nəfər, eləcə də, 5000-dən çox yarımsavadlı molla xurafat yaydıqları üçün saxlanılaraq qeydiyyata alınıb.

Bu, Tacikistanın prezidenti Emoməli Rahmonun göstərişi əsasında baş verib, əmri daxili işlər orqanı həyata keçirib.

Rahmon belə bir əmri ona görə verib ki, saxlanılan şəxslərin fəaliyyəti cəmiyyətə mənfi təsir edir və mövhumata səbəb olurmuş.

Gerçəkdən də 8 milyon əhalisi olan Tacikistan kimi kiçik ölkədə 1500 nəfərin cadu-piti və falçılıqla məşğul olması, 5 min nəfərin isə savadları olmaya-olmaya din adından sui-istifadə etmələri sıradan bir şey deyil.

Bu, həm o qədər adamın özləri üçün asan qazanc vasitəsi tapmasını, həm də onların xidmətindən istifadə edən cahillərin kütləviliyini göstərir. Beləcə, orataya “Tələb təklif doğurur” düsturu çıxır. İnsanlar yalançı mollaların yazdığı qondarma dualara, falçılara, cadugərlik edənlərə bu qədər ciddi ehtiyac duyarsa, mütləq meydana bu sahədə fırıldaqçılıq edərək pul qazanmaq istəyənlər də çıxacaq.

İndi elə çıxmasın ki, öz ölkəmiz həmin məsələdə çox ağgünlüdür, xeyli öndədir. Elə deyil. Axtarsaq, bəlkə bizdə də o qədər falçı və cadugər, ondan da artıq yalançı mollarlar var. Sadəcə, bizdə eyni faəliyyətlə məşğul olanların nə statistikası, nə də onlara qarşı mübarizə aparılmır.

Yalnız hərdən qalmaqallı məhkəmə proseslərindən yazılmış reportajlardan xəbər tuturuq ki, falçılar kimisə böyük məbləğdə (100-200 min və daha artıq) aldadıb soyublar və fırıldaqçılar məsuliyyətə cəlb edilib.

Az məbləğdə aldadılan minlərlə adam isə şikayətçi olmur. Hətta daha pisi, onlar belə fırıldaqçılara inanmaqda davam edir, hələ onların yanına başqa “klinent”lər də göndərirlər.

Bu faktdır ki, 40 ilin tibb professoruna inanmayan adamlar 8-ci sinifdən sonra orta məktəbdən çıxmış, ən yaxşı halda texniki-peşə məktəbi bitirmiş “ekstrasens”in qəbulunda saatlarla gözləyir, onlara Almaniya və İsraildəki ən peşəkar həkimlərin qonorarı qədər pul-para ödəyirlər.

Hər gün minlərlə qadın hansısa “müşkül”ünü həll etmək (evdən soyumuş ərini evə bağlamaq, ərə getməyən qızının bəxtini açmaq, çəkişmədə olduğu birinə problem yaratmaq və s.) üçün falçıların, cadu-piti “uzman”larının qəbuluna gedir və onlara ətək-ətək pul qazandırırlar.

Bunun başqa adı yoxdur: insanları aldadıb, tovlayıb pullarını almaq dələduzluq cinayətidir, fırıldaqçılara inanaraq o qədər pul vermək isə cahillikdir.

Ola bilər, belə dələduzlarla ünsiyyətdən sonra bəzi adamların işi düzəlir, niyyətləri çin olur, amma bu, o demək deyil ki, həmin hadisə sırf fırıldaqçının gördüyü tədbirlərin nəticəsi olaraq başa gəldi. Fəqət insanlar ağına-bozuna baxmadan, incəliyinə varmadan, belə hadisələri təbliğ edir, başqalarını da falçılara, bu kimi fırıldaqçılara inanmağa sövq edirlər.

Bu, cəmiyyət üçün təhlükəli tendensiyadır. Nəticədə insanlar elmdən, təhsildən uzaqlaşır, xurafata, mövhumata meyllənirlər. Xurafatın hökm sürdüyü cəmiyyətlərdə isə nə hər hansı tərəqqi ola bilər, nə başqa cür inkişaf. Kütləviləşən cahillər ordusu ölkəni yalnız axsada, dünyanın inkişafından geri qoya bilər.

Görünür, Tacikistanda bu təhlükənin yaxınlaşdığını hiss ediblər, ona görə də xurafat yayanlara qarşı mübarizəni gücləndiriblər. Son illərdə bu ölkədə yetişdirilən dini fanatiklərin sədası artıq xarici ölkələrdən gəlir. İlin əvvəlində Moskvada törədilən terror aktını məhz tacik fanatiklər həyata keçirmişdilər. Törətdikləri qətliama görə cənnətə düşəcəklərinə inanan, “bu dünyada isə bir az pul qazanmaq pis olmaz” deyə düşünən cahil terrorçular 145 insanın ölümünə bais oldular.

Elə həmin günlərdən Tacikistan prezidenti ölkə əhalisini dini xurafatla, mövhumatla cahilləşdirənlərə qarşı mübarizə elan edib və gələn xəbərlərdən də görünür ki, taciklər bu istiqamətdə qətiyyətli hərəkət edirlər.

Bizdə də xurafatçıların əl-ayağı yığışdırılmalıdır – bu üsulla şəxsi varidat toplayanlar da, siyasi məqsədlərlə mövhumat təbliğatı aparanlar da.

Onların əməlləri yalnız bir qrup adamlar və müəyyən dairələr üçün faydalı ola bilər, bütövlükdə cəmiyyət üçün zərərlidir, təhlükəlidir.

Hamı da birdəfəlik anlamalıdır ki, on illərlə tibbi labortaroyalarda çalışan ən kamil onkoloqların müalicəsini tapa bilmədikləri xəstəliyi əsgərlikdən qayıdandan sonra 10 il traktorçu işləmiş “ekstrasens” müalicə edə bilməz, ən dərin düşüncə mərkəzlərinin bir il sonranın hadisələrini yüzdəyüz proqnozlaşdıra bilmədiyi halda, ömründə bir kitab arası açmamış bisavad adamın gələcəkdən xəbər verməsi mümkün deyil. Dünyada belə bir qabiliyyət yiyəsi yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR