Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin İsveçrə sammitindən bir gün əvvəl Xarici İşlər Nazirliyinə getməsi və orada Ukraynada müharibənin bitməsi üçün irəli sürdüyü şərtlər istənilən dövlət üçün o qədər ağırdır ki, onu hələm-hələm qəbullanmaq mümkün deyil. Putin o şərtləri oxuyanda canımdan bir gizilti keçdi, Tanrı bizi də bu cür ağır sınağa çəkib axı...
Düzdür, bizim torpağımızı işğal edən Ermənistan Rusiya gücündə dövlət deyildi, Putinin Novorossiya dediyi ərazilər kimi Qarabağ heç vaxt bizdən savayı kiminsə sərhədləri daxildə olmamışdı. Amma dünya bu gerçəyi görmək istəmirdi, hər yerdən üzərimizə gəlirdilər, Mİnsk Qrupu adlı yaramaz “üçlük” bizi təslimçiliyə, halal torpaqlarımızdan əl çəkməyə məcbur etmək istəyirdi.
Bunu Ukrayna müharibəsi yenicə başlayanda da yazmışdım: əgər Ukraynada mərhum Heydər Əliyev kimi lider olsaydı, dövlət bu hala düşməzdi. Heydər Əliyev o zaman atəşkəsə razı olmasaydı, dövləti parçalamaq istəyən xarici qüvvələrin daxildəki əlaltılarının əlini kəsməsəydi, Allah bilir, ölkəmiz nə hala gələcəkdi.
Bizə Putin kimi üzümüzə bu cür ağır “hökm” oxumayıblar, amma bağlı qapılar arxasında həm Heydər Əliyevə, həm Prezident İlham Əliyevə bu cür ağır şərtlər irəli sürdüyü bəllidir: “Şuşadan birdəfəlik əl çəkin”, “Laçın koridor olmalıdır, Kəlbəcər boz zona” və sairə...
Ermənistanın arxasında dayanan təkcə Rusiya deyildi, Qərbin bəzi dövlətləri- hansı ki, indi Ukraynanı bu ağır vəziyyətə salıb, qaçmağa yol axtarırlar-Azərbaycanı açlaldıcı sülhə məcbur etmək üçün yaxalarını cırırdılar. Azərbaycan isə bu ağır vəziyyətdən çıxa bildi, əraziləri üzərində tam suverenliyini bərpa etdi. Tanrı bizi 28 illik səbrimizə görə mükafatlandırmadı, dövlət rəhbərinin ağıllı siyasəti, qərrəman oğullarımız sayəsində məğlub durumdan qalib vəziyyətə gəldik.
Amma eyni vəziyyət Ukraynada deyil. Bu bir işğaldır, amma bunu doğuran səbəblər Ermənistan-Azərbaycan münaqişəsinə bənzəməz. Ermənilər tarixən bizə düşmən olmuşdu, ukraynalı və rusiyalı isə bir kökdən gəlmişdilər, ortaq tarixi, Kiyev Rus Dövləti olmuşdu, onların kilsəsi bir idi. Gələcəkdə təkcə Belarusla deyil, Ukrayna ilə də nəhəng slavyan birliyi yarana bilərdi. Amma nifaq toxumunu elə səpdilər ki, indi kilsələri belə ayrıdır. Niyə bunlar baş verdi? Ona görə ki, Qərb bu təhlükəni görürdü, Rusiyanın içərlərinə girib parçalamağa cəhd etdilər, amma alınmadı. Ukrayna isə zəif hakimiyyət səbəbdən Qərbin yalançı vədlərinə aldandı, Avropa Birliyinə, NATO-ya üzvlüklə şirnikləndirildi, nəticəsi də əvvəl Krımın itirilməsi, sonra isə genişmiqyası müharibə oldu...
Putin doğru deyir, əgər Minsk razılaşmasına əməl edilsəydi, bunlar olmayacaqdı. Razılaşma Ukraynadan indi qoparılan ərazilərin dövlətin daxili sərhədlərində qalmasını nəzərdə tuturdu. Qərb imkan vermədi, Ukraynanı müharibəyə hazırladılar, “biz Rusiyanı sanksiyalarla diz çökdürəcəyik, siz müharibəni qazanacaqsınız” vədi verildi. Nəticə göz qabağındadır.
Putinin şərtləri yenə deyirəm, qəbuledilməzdir, amma həm də reallıqdır. Putinin indiki şərtləri Minsk razılaşmasından üç dəfə ağırdır. İndi təkcə Donets və Luqask vilayətlərini istəmir, Zaporojye və Xersonu da ərazisinə qatmaq üçün Ukrayna qoşunlarının çıxarılması şərtini irəli sürür.
Qərb Putini, orada yaşayan xalqları görməzdən gələ, Kremlin “danışan dili” Medvedyevi alkaş hesab edə bilər. Amma xəritədə bu boyda dövləti, onun görünməmiş sanksiyalara dirənişini, nüvə başlıqlarını görməzdən gələ bilıməzsən. Bu da bir gerçəkdir.
Bu gün İsveçrədə başa çatacaq sammitin yekun bəyannamə layihəsinə baxdım. Rusiya işğalçı adlandırılır, Zaporojye atom elektrik stansiyası və Azov dənizindəki limanlar üzərində Ukraynanın nəzarətini bərpa etmək tələb edilir. Yekun sənəddə Ukraynada davam edən münaqişə kontekstində nüvə silahından istifadənin qəbuledilməzliyi vurğulanır. Bundan başqa sənəddə əsirlərin “hamı hamıya” prinsipi ilə qaytarılması və qida təhlükəsizliyi ilə bağlı məsələr yer var.
Nəzərdə tutulan növbəti konfransa ev sahibliyi edəcək ölkəyə gəlincə, Səudiyyə Ərəbistanı bu məsuliyyətli işi üzərinə götürməyə hazırdır, lakin münaqişənin həllinin "çətin kompromisdən" asılı olacağı barədə xəbərdarlıq edib. Əgər Səudiyyənin təşkilatçılı olmasına razılıq verilsə, bu o deməkdir ki, Rusiya mütləq növbəti konfransa dəvət ediləcək. Bu barədə İsveçrədəki sammitdə də bəzi anonslar səslənib.
Bir çox Qərb liderləri çıxışlarında Rusiya prezidenti Vladimir Putinin Ukraynanın bir hissəsinin ona sülh şərti kimi verilməsi tələblərini rədd edib. İspaniyanın baş naziri daha qısa və düzünü deyib: “Bu münaqişədə bir şey aydındır: bir təcavüzkar var, o, Putin, bir qurban var o da Ukrayna xalqıdır”.
Kremlə yaxın ekspertlər indi deyirlər ki, əgər Ukrayna Putinin şərtlərinə razılıq verməsə, gələcək şərtlər daha ağır olacaq. Söhbət bu dəfə Kiyevin də daxil olduğu Malorossiyadan gedir...
...Nə qədər kədərli olsa da, Zelenskinin bu fotosu Ukraynanın bugünü ilə çox səsləşir.
Musavat.com
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ