Onlayn ictimai-siyasi qəzet
Hazırda gündəmin əsas mövzularından biri Orta Asiya türk respublikalarının Avropa İttifaqı ilə yaxınlaşması və Kipr barədə qərarıdır. Təbii ki, rəsmi səviyyədə hələlik sakitlik olsa da (bunun səbəbini qeyd edəcəyik – K.R.), ictimai və media səviyyəsində Orta Asiya respublikalarına qarşı sərt bir qınaq, tənqid mövcuddur.
Aprelin 4-də Özbəkistanda keçirilən Orta Asiya və Avropa İttifaqı sammitində Özbəkistan, Türkmənistan və Qazaxıstan BMT TŞ-nin Şimali Kipr Türk Respublikasının qurulmasını qınayan və onu tanımamağa çağıran 541 və 550 saylı qətnaməni qəbul edib, sadiq olduqlarını bəyan etdilər. Üstəlik, artıq yanvardan etibarən Orta Asiya respublikaları Yunan Kiprinə səfir təyin etməyə başlayıb.
Məsələ ondadır ki, bu 3 respublika Türk Dövlətləri Təşkilatının üzvüdür (Türkmənistan müşahidəçi üzvdür – K.R.), hansı ki, Şimali Kipr Türk Respublikası da TDT-nin müşahidəçi üzvüdür. Və Şimali Kiprin əsas dəstəkçisi, onu rəsmən tanıyan yeganə dövlət Türkiyədir.
Mövzu ilə bağlı açıqlama verən ŞKTR-nin prezidenti Ersin Tatar ehtiyatlı şəkildə türk respublikalarını yunan tərəfi ilə əlaqələrdə “diqqətli olmağa” səslədi.
Ancaq qeyd olunduğu kimi, bu hadisə Azərbaycan da daxil olmaqla, türk dövlətlərində ciddi müzakirə və mübahisələrə səbəb olub. Hətta daha irəli gedib Orta Asiya liderlərini xəyanətdə, Avropa İttifaqından pul alaraq bu qərara imza atmaqda günahlandıranlar oldu. Söhbət Səmərqənd Sammitində Orta Asiya respublikalarına Aİ-nin ayırmağı planladığı 12 milyard avroluq sərmayə paketindən gedir.
Orta Asiya “məngənəsi”
Bəs Orta Asiya respublikalarını Avropa İttifaqı ilə bu qədər sürətli yaxınlaşmağa vadar edən nədir? Türk respublikalarının Avropa ilə bu qədər sürətli yaxınlaşması xəyanətdirmi?
Əlbəttə, qlobal siyasətdə xəyanət, “pula satılma” kimi sözlər həddən artıq səthi və emosional yanaşmanın təsiridir. Dövlətlər üçün əsas amil milli maraqlar, yəni dövlət maraqlarıdır. Bu mənada əslində son illərdə sürətli inkişaf yoluna qədəm qoyan Özbəkistan, böyük enerji resursları ilə diqqət cəlb edən Qazaxıstan həm də böyük təhlükə ilə üz-üzədir.
Necə deyərlər, “gözdən-könüldən” uzaq Orta Asiya əgər 20 il əvvələ qədər Rusiyanın təsir zonası sayılırdısa, indi bölgədə daha ciddi təhdidlər var. Şərqdə Çin əjdahası, cənubda isə Taliban Əfqanıstanı var.
Çin haqqında danışmadan öncə bir faktı xatırlamaq lazımdır ki, “cihad islamçılığı” Orta Asiyanın dünyəvi respublikalarının hakimiyyətlərinin başı üzərində hər zaman “Damokl qılıncı” olaraq asılıb. 2021-ci ildə Taliban Əfqanıstanda yenidən hakimiyyəti ələ keçirdikdən sonra həm Özbəkistan, həm də Türkmənistanla sərhəddə gərginlik yaşanıb. İndi hər kəs anlayır ki, “lazımi məqamda” radikal cihadizmi Orta Asiyaya yaymaq o qədər də çətin məsələ deyil. Lakin əsas problem daha dərindədir.
Çin 2000-ci illərin əvvəllərindən etibarən Orta Asiyanı səssiz şəkildə işğal edir. Hazırda Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanın, həmçinin Tacikistanın ən böyük ticarət tərəfdaşı Çindir. Məsələn, 2023-cü ildə bütün Orta Asiyanın Rusiya ilə ticarət həcmi 42 milyard dollar olduğu halda, Çinlə ticarət həcmi 90,7 milyard dollara bərabər olub. Bu məbləğin əsas hissəsi, yəni 62,3 milyard dolları Çinin bölgəyə ixracı olub, 27,6 milyard dollar isə Orta Asiya respublikalarının Çinə ixracı – güman ki, əsas hissəsi xammaldır – olub. Nəzərə almaq lazımdır ki, əsrin əvvəlində, yəni 2000-ci ildə bölgənin Çinlə qarşılıqlı ticarət həcmi cəmi 1,5 milyard dollar olub. Təkcə axırıncı bir ildə Çinin bölgəyə ixracatında 44,7 faiz artım qeydə alınıb.
Çin Orta Asiyadan demək olar ki, xammal alır.
Qazaxıstandan qida, un, neft, Qırğızıstandan qiymətli daşlar və qızıl, Tacikistandan qiymətli mədən mineralları, Türkmənistandan təbii qaz, mineral yanacaq, Özbəkistandan mineral yanacaq, təbii qaz, pambıq və mis alır. Göründüyü kimi, Orta Asiyanın zəngin sərvətləri Çinə daşınır, əvəzində isə Çin milyardlarla dollar dəyərində məhsul satdığı böyük bir bazar əldə edib. Məsələn, bölgədə ən fəal ölkə olan Rusiyanın sərmayələrinin həcmi 4,6 milyard dollar olduğu halda, Çin sərmayəsinin həcmi 15 milyardı ötüb.
Hazırda Türkmənistanın Çinə kredit borcunun həcmi 34 milyard dollar civarındadır.
2023-cü ildə keçirilən Çin–Orta Asiya sammitində 5 Orta Asiya respublikası ilə Çin arasında 50 milyard dollar dəyərində sərmayə müqaviləsi imzalanıb. Özbəkistan 25 milyard, Qazaxıstan 22 milyard, Tacikistan 4 milyard, Qırğızıstan isə 1 milyard dollarlıq sərmayə müqaviləsi imzalayıb.
Çinin Orta Asiyada “yumşaq gücü” də var. Orta Asiya respublikalarında Çin mədəniyyəti və dilini tədris edən 13 Konfutsi institutu və bunların 500 şöbəsi fəaliyyət göstərir. 2023-cü il məlumatlarına əsasən, Çin universitetlərində 15 min qazax, 8 min özbək, 4 min tacik olmaqla ümumilikdə 30 min Orta Asiya gənci təhsil alır.
Bu rəqəm və siyahını daha da böyütmək olar. Amma bütün bunlar bölgədə Çin təsirini anlamaq üçün kifayət qədərdir. Bölgədəki Rusiya təsirini ayrıca yazmağa gərək yoxdur. Regiondakı 70 min əcnəbi şirkətin 25 mini rus şirkətləridir. Rusiya özünün ənənəvi təsir dairəsi hesab etdiyi Orta Asiyanı müttəfiqi Çinə belə güzəşt etmək istəmir. Lakin Çin Orta Asiyada artıq hegemon ölkə rolunu üzərinə götürüb.
Təbii ki, iki hərbi-siyasi və iqtisadi nəhəngin arasında qalan Orta Asiya respublikalarının hakimiyyətləri zəif də olsa, buna qarşı hərəkət edirlər. Son illərdə Orta Asiyada zəif də olsa hiss olunan Çin əleyhdarlığı müşahidə olunur. Lakin bu daha çox məişət səviyyəsindədir. Orta Asiya respublikalarının hakimiyyətlərinin Avropaya yönəlmələrinin əsas səbəbi məhz budur. Yalnız Avropa İttifaqı müəyyən mənada Çini balanslaya bilər.
Orta Asiya liderləri Avropa ilə ticarət həcmini artırmaq və bununla da Çinin ticarət ağırlığını azaltmağa, Avropanın regionda fəallaşmasını təmin etməyi düşünür. Türkiyə və Türk Dövlətləri Təşkilatı aydın məsələdir ki, siyasi və iqtisadi imkanlarına görə nə Avropa İttifaqı, nə də Çinlə qarşı-qarşıya gələcək, bu ölkələrin qarşısını alacaq gücdə deyil. Başqa sözlə, Orta Asiya respublikaları indi xarici təsirə qarşı özünümüdafiə vəziyyəti almağa məhkumdur. Qazaxıstan və Rusiya arasında gərginlik, Taliban və Özbəkistan arasındakı sərhəd toqquşmaları, yaxud da islamçı qrupların təhlükəsi Orta Asiyanı kənar oyunçulara yönəlməyə vadar edir.
Dövlət maraqları isə realistdir, o, mövcud təhlükələri nəzərə almağa məhkumdur. Fikrimcə, Türkiyənin son hadisələrə səssiz qalması və ya Şimali Kipr prezidentinin yumşaq bəyanatı da məhz bununla bağlıdır.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
19 Aprel 2025
16 Aprel 2025
13 Aprel 2025
11 Aprel 2025
09 Aprel 2025
07 Aprel 2025
14 Yanvar 2025
29 Oktyabr 2024
21 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
07 Oktyabr 2024
04 Oktyabr 2024
20:23 İsrail-İran gərginliyi zirvədə: İsrail İranı gözlənilməz cavabla hədələyir, İran meydan oxuyur
30 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
27 Iyul 2024
17 Iyul 2024
05 Iyul 2024
27 Iyun 2024
16 Iyun 2024
27 Mart 2024
29 Sentyabr 2023
ŞƏRHLƏRŞƏRH YAZ