İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda həbs olunan 7 Çin casusunun ŞOK hekayəsi – Pekin uyğurlardan narahatdır

Mayın 21-də Türkiyə kəşfiyyatı (MİT), polis və prokurorluq xüsusi xidmət orqanı agenti ehtimal olunan 7 Çin vətəndaşını həbs edib.

Yerli medianın məlumatına əsasən, İstanbul, İzmir, Manisa, Balıkesir və Bursada keçirilən əməliyyatlar zamanı ələ keçən şəxslər baza stansiyası qurmuş və saxta məmur sənədləri ilə hökumət məmurları və uyğurlar haqqında məlumatlar toplayırmış.

Musavat.com xəbər verir ki, saxlanılan 7 nəfərdən Türkiyəyə hissə-hissə keçirilmiş texnoloji avadanlıqlar, izləmə cihazları götürülüb.

CİN SON.jpg (36 KB)

Bu cihazlar vasitəsilə uyğurların şəxsi və əlaqə məlumatları topladığı ehtimal olunur.

Qeyd edək ki, son illərdə İstanbulda bu tip “casus ovu” artıq adi hala çevrilib. İstanbul regionun təkcə iqtisadi, siyasi və ya turizm mərkəzi deyil, həm də dünyanın böyük dövlətlərinin xüsusi xidmət orqanlarının əsas fəaliyyət mərkəzlərindən birinə çevrilib.

Yeri gəlmişkən, təkcə son iki ildə Türkiyə xüsusi xidmət orqanları İran, İsrail, BƏƏ kimi bir çox dövlətlərin casus şəbəkələrini həbs edib. Ancaq Türkiyədə Çin agentlərinin ələ keçməsi bir neçə tərəfdən maraq doğurur.

Bilindiyi kimi, Çin ənənəvi kəşfiyyat və ya xüsusi əməliyyatları ən azı Yaxın Şərqdə yeni hadisədir. Bu hadisənin özü göstərir ki, Pekin artıq dünyanın başqa yerlərində də maraqlarını həyata keçirmək üçün xüsusi xidmətlərin işinə ehtiyac hiss edir.

İkinci məqam isə uyğurlar mövzusu ilə bağlıdır. Uyğur mövzusu Çin hakimiyyəti üçün narahatlıq mənbəyi olaraq qalır. Məsələ ondadır ki, Çin dövlətinin uyğurların, xüsusən də Yaxın Şərqdəki fəaliyyətindən narahat olması yeni deyil. Çin hakimiyyəti Türkiyədə gizlənmiş uyğur fəallarını Sincan-Uyğur Muxtar Vilayətində qeyri-sabitlik yaratmağa çalışmaqda ittiham edir. Bununla bağlı daha əvvəl də Türkiyə və Çin arasında diplomatik qalmaqallar yaşanıb. Lakin son illərdə Türkiyə və Çin arasında münasibətlər xeyli dərəcədə yaxşılaşıb və münasibətlər normaldır.

Lakin budəfəki əməliyyat Türkiyədən daha çox Suriyadakı proseslərlə əlaqədardır. Bilindiyi kimi, Suriyada vətəndaş müharibəsi başladığı 2011-ci ildən Bəşər Əsəd hökumətinə qarşı vuruşan silahlı qruplar arasında uyğurlardan ibarət “Türküstan İslam Partiyası” adlı qrup olub.

“Türküstan İslam Partiyası” 1988-ci ildə Çinin uyğurlar yaşayan Sincan vilayətində “Şərqi Türküstan İslam Hərəkatı” adı altında qurulub. Təşkilatın qurucusu və sədri Zeyiddin Yusif olub. 1996-cı ildə qruplaşma Çin hökumətinin təzyiqləri və Talibanın hakimiyyətə gəlməsinin ardınca Əfqanıstana keçərək Vəziristan vilayətinə yerləşib. Əfqanıstanla yanaşı, TİP Pakistanda da fəaliyyət göstərib. 2001-ci ildən sonra Əfqanıstanda Amerika işğalı zamanı Talibanı dəstəkləyib.

Suriyada vətəndaş müharibəsi başladıqdan az sonra, 2012-ci ildə TİP üzvləri Suriyaya gedərək vətəndaş müharibəsinə qoşulub. İlk mərhələdə Suriyaya 2 min uyğur gəlsə də, sonradan sayları sürətlə artıb və “Uyğur mücahidləri” adlı qrupun döyüşçülərinin sayı 20 minə çatıb.

SURİY.jpg (150 KB)

Bunların 20 mini uyğur, qalanları isə özbək, qazax, qırğız və türkmən kimi Mərkəzi Asiya sakinləri olub. 2016-cı ildən etibarən TİP rəsmi olaraq HTŞ ilə müttəfiq olub. Suriyanın şimalında İdlib vilayətində uyğurların yaşayış məntəqələri, kənd və qəsəbələr olub.

Suriyada döyüşlərdə 8 minə yaxın uyğur ölüb, 2500 nəfər isə YPG-yə əsir düşüb. Əfqanıstan müharibəsi zamanı 2002-ci ildə TİP terror təşkilatı siyahısına salınsa da, 2020-ci ildə terrorçu siyahısından çıxarılıb.

2018-ci ildə Çin ordusunun İdlibdə uyğurlara qarşı əməliyyat keçirməyə hazırlaşdığı və bununla bağlı Suriyaya xüsusi təyinatlı qüvvə göndərməyə hazırlaşdığı xəbərləri yayılsa da, əməliyyat sonradan təxirə salındı. Daha sonra Rusiya və Türkiyə İdlibdə atəşkəs əldə etdiyi üçün proses dayandı.

Suriyada Bəşər Əsəd devrildikdən sonra uyğurlar da HTŞ ilə birlikdə qalib qüvvələrin içərisində yer almış oldu.

Lakin bu ilin əvvəlində Qərb ölkələri Suriya hakimiyyətindən əcnəbi cihadçıların, o cümlədən uyğurların Suriyadan çıxarılmasını tələb etməyə başladı. Medianın yazdığına görə, mayın 14-də Ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şara ilə görüşündə Tramp əcnəbi cihadçıları Suriyadan çıxarmağı tələb edib. Bu dövrdə uyğurların Suriyadan çıxarılıb Mərkəzi Asiyada yeni münaqişə ocağına göndəriləcəyi ilə bağlı “ekspert şərhləri” ortaya çıxmağa başladı.

Tramp və Əş-Şaraa arasında görüşdən bir həftə sonra, yəni mayın 20-də Türkiyə mediası Suriyada fəaliyyət göstərən uyğur cihadçı qruplaşması olan TİP-in özünü buraxaraq 84-cü diviziya adı altında Suriya Müdafiə Nazirliyi tabeliyinə keçdiyi haqda xəbər yaydı.

Belə görünür ki, uyğurları çıxarmaqdansa, Əş-Şara sürətli qərar qəbul edərək onları Suriya ordusuna inteqrasiya etməyə qərar verib. Yeri gəlmişkən, Əhməd əş-Şaranın əmri ilə TİP komandiri uyğur Əbdüləziz Davud Xudaverdiyə (ləqəbi general Zahid) briqada generalı rütbəsi verilib. General Zahid 133 saylı diviziyada xidmət edir.

Daha iki TİP komandiri Movlan Tarsun Abdussamad və Abdulsalam Yasin Əhmədə isə polkovnik rütbəsi verilib.

Qayıdaq İstanbula. Trampın uyğurlarla bağlı tələbi və ardınca uyğurların Suriya ordusuna inteqrasiyası ilə Türkiyədə 7 çinli agentin həbsi demək olar ki, bir həftə ərzində baş verib.

CİN YENİ.jpg (126 KB)

Belə görünür ki, Türkiyə və Qərb kəşfiyyatında Çinin uyğurları izləməyə alması barədə xəbərləri olub. Buna görə də Türkiyədə uyğurları izləyən Çin agentləri həbs olunub.

Yeri gəlmişkən, mayın 20-də Türkiyə MİT-in sədri İbrahim Kalın gözlənilmədən Dəməşqə gedərək prezident, XİN rəhbəri və kəşfiyyat rəisi ilə görüşüb.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR