İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəməşqə qarşı gizli ittifaq: ABŞ, İsrail və qəbilələr Suriyanı bölür!

Bazar günü Suriyanın cənubunda druz azlığın kompakt yaşadığı Suveyda vilayətində başlayan silahlı toqquşma bu gün daha da alovlanıb.

Ötən gün Suveyda vilayətinin eyni adlı mərkəzinə daxil olan Suriya hökumət qüvvələrini bombalayan İsrail ordusu bu gün Suriyanın paytaxtı Dəməşqdə ordu qərargahını və prezident sarayının ətrafını bombalayıb.

Suriya Səhiyyə Nazirliyi Dəməşqdə baş verən partlayışlar nəticəsində 3 nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını açıqlayıb. Bir qədər əvvəl Suriya əhalisinə müraciət edən keçid dövrü prezidenti Əhməd əş-Şara bildirib ki, o, yerindədir və ölkəsini müdafiə edəcək.

Hadisələrin alovlandığı Suveyda şəhərində isə toqquşmalarda ölənlərin sayı 300 nəfəri keçib. İyulun 15-də Suveyda şəhərinə daxil olan Suriya hökumət qüvvələri atəşkəs elan etsə də, axşama doğru şəhərdə vəziyyət dəyişib. İsrail ordusu Suveyda-Dəməşq yolunu və yolda irəliləyən Suriya ordusu texnikasını bombalayıb. Axşam isə yenidən hücuma keçən druz silahlıları şəhərin nəzarətini ələ keçirib. Bu gün səhər yenidən atəşkəs xəbəri yayılsa da, belə görünür ki, şəhərdə döyüşlər davam edir. 

93376_jwqw5lhf56.jpg (46 KB)

Məlum olduğu kimi, hadisə bazar günü Suveyda vilayətində yaşayan bədəvi ərəb qəbilələrindən olan şəxslərin yerli druzlara hücumu ilə başlayıb. Hadisənin kökündə isə məzhəb ayrılığı dayanır. Radikal dini şüarlarla başlayan gərginlik tezliklə silahlı toqquşmaya çevrilib və Dəməşq əraziyə hərbi qüvvə göndərib. Ancaq hadisələr bundan sonra daha da qızışıb. Çünki druz icması elan edib ki, Dəməşqin göndərdiyi qüvvələr radikal islamçı bədəviləri müdafiə edir. Baş verən döyüşlərdə 18 hökumət əsgəri öldürülüb, bir neçə hərbçi isə əsir götürülüb.

Hadisələrin bu şəkli alması İsrailin müdaxiləsi ilə nəticələnib. Təl-Əviv iyulun 15-də Suveyda və ətrafını, 16-da isə Dəməşqi bombalayaraq Suriya hakimiyyətinə xəbərdarlıq mesajı verib. İsrail hökuməti bəyan edib ki, Dəməşqə atılan bombalar Əhməd əş-Şara hökumətinə xəbərdarlıqdır, qüvvələri Suveydadan geri çəksin. İsrail dövlət rəhbərliyi “müttəfiqi” druzları müdafiə etməyə davam edəcəyini bildirib.

Əlbəttə, Suriyada druz kartı İsrail üçün xüsusi əhəmiyyət kəsb edir. İsraildə ciddi sayda druz icması var və onlar İsrail cəmiyyətinə inteqrasiya olunub. İsrail ordusunun elit Colani briqadası druzlardan təşkil olunub. İsrailin baş naziri Netanyahu məhz druz əhaliyə xitab edərək Suriyadakı əməliyyatlara legitimlik qazandırmağa çalışıb. 

1722105682_1722101736158452615_1200x630.jpg (337 KB)

Lakin ən önəmlisi İsrail druzları Suriya ilə İsrail arasında bufer zona olaraq görür. Aprel və mayda baş verən gərginlikdən sonra İsrail mediası Təl-Əvivin druzların Suriyada muxtariyyət əldə etməsi üçün 1 milyard dollar ayırdığı haqda xəbərlər verirdi. İsrail hakimiyyəti anlayır ki, Dəməşqin yeni islamçı hakimiyyətindən ehtiyat edən druzların yeganə sığınacağı İsraildir. Qeyri-sabit Suriyada cənub rayonlarında druz gücünün olması İsrail üçün təbii bufer rolunu oynayacaq. Çünki İsrail ordusu Bəşər Əsədin devrilməsindən sonra Suriyanın cənubundan geniş ərazilər ələ keçirib və Dəməşqdən cənuba doğru əraziləri “təhlükəsizlik” zonası elan edib.

Başqa sözlə, Suriya hakimiyyətinin Bakı danışıqlarında İsrailin Colan təpələri və digər işğal olunmuş ərazilərdən imtina etmək təklifini rədd etməsindən sonra İsrailin Suriya hökumətini bombalaması gözlənilən idi. 

photo_359569.jpg (74 KB)

Lakin məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, Suveyda hadisələrini druzlar deyil, ətrafda yaşayan radikal dinçi qəbilələr başladıb. Üstəlik ABŞ-ın vasitəçiliyi ilə Suriya-İsrail barışıq prosesinin başladığı bir vaxtda. Doğrudur, Bakı danışıqları nəticəsiz oldu, lakin hər kəsə aydındır ki, Suriya-İsrail barışıq prosesinin əsl müəllifi Tramp hökumətidir. Vaşinqton Livan və Suriyanı “İbrahim sazişinə” qoşmağa çalışır. Bu barədə bir qədər əvvəl ABŞ-ın Türkiyədəki səfiri, livan əsilli Tomas Barrak açıqlama verib.

Suriyanın prezidenti Əhməd əş-Şara da apreldə Səudiyyə Ərəbistanında ABŞ prezidenti ilə görüşdən sonra İsraillə normallaşmaya hazır olduğunu elan etmişdi. Çünki bu halda Suriya ABŞ və Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını ləğv edəcəyi, Dəməşqə iqtisadi dəstək verəcəyi haqda vəd almışdı. Məhz ər-Riyadda Trampla görüşdən sonra ABŞ Maliyyə Nazirliyi Suriya dövlətinə qarşı Əsəd dövründə tətbiq olunan sanksiyaları ləğv etdi. İki həftə əvvəl isə ABŞ Dövlət Departamenti Əhməd əş-Şaranın sədri olduğu “Heyət Təhrir əş-Şam” – HTŞ-ni terror təşkilatı siyahısından çıxardı (Əhməd əş-Şara özü terrorçu siyahısından yanvarda çıxarılmışdı - K.R.). Yəni görünüşdə Vaşinqtonun planı işləyirdi, Suriya İsraillə barışığa gedir, əvəzində ABŞ və Aİ Suriyaya qarşı sanksiyaları ləğv edir. 

Screenshot_1.png (709 KB)

Məsələnin daha bir maraqlı tərəfi isə ötən həftənin cümə günü Suriyanın şimal-şərqində kürdlərlə yerli ərəb qəbilə silahlıları arasında gərginliyin baş verməsidir. Cümə günü mediada kürdlər və yerli ərəb qəbilələri arasında toqquşma xəbəri yayıldı, bazar günü isə eyni formada yerli ərəb qəbilələri ilə bu dəfə druzlar arasında toqquşma baş verdi.

Bu iki hadisə və Suriya ətrafında baş verənləri ümumi analiz etdikdə iki mümkün versiya ortaya çıxır.

1-cisi, baş verənlər Suriya hakimiyyətinin özünün planladığı, ölkənin birlik və bütövlüyü üçün ciddi risk daşıyan kürd və druz separatizminə qarşı yerli tayfalar vasitəsilə təzyiq edir, ardınca isə Suriya hökuməti işə qarışıb sabitliyi bərpa edir. Nəzəri olaraq Suveydada oxşar ssenari oldu. Yerli qəbilələr təxribat yaratdı, ardınca Suriya ordusu işə qarışaraq dekabrdan bu yana Dəməşqə tabe olmayan druz şəhərini nəzarətə götürdü. Burada hesaba alınmayan İsrailin müdaxiləsidir. Ya da hesaba alınıb, sadəcə İsrailin destruktiv rolunu ortaya qoymaq. Yeri gəlmişkən, son hadisə Türkiyə və İsrail arasında da gərginliyin yenidən artmasına səbəb olub. 

2-ci versiya, hadisənin İsrail və ya 3-cü dövlət tərəfindən planlanması, ABŞ-ın region planını pozmağa hesablandığı ilə bağlıdır. Mümkündür ki, İsrail Bakıda danışıqların pozulması, yəni Suriya hakimiyyətinin İsrailin tələbini qəbul etmədiyi üçün bu şəkildə etnik və məzhəb kartını işə salıb. Bu ehtimalı qəbul eləmək olar, lakin kürdlərlə ərəblər arasında qarşıdurmanın Bakı görüşündən əvvəl olması bu ehtimalı zəiflədir. Lakin istənilən halda baş verənlərin bir təxribat olduğu aydındır. 

1448d8cec00fdb749dcdf39ce744433b.jpg (175 KB)

Suriyada son baş verənlər bu ölkədə sabitliyin xeyli kövrək olduğunu və bu cür təxribatçı gərginliyin baş vermə riskinin yüksək olduğunu göstərir. Habelə Suriyanın İraqda olduğu kimi, federalizmə yuvarlandığını göstərir.

 

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR