Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Suriyadakı hərbi qüvvələrinin mövcudluğu Suriya hökuməti ilə əldə olunmuş razılaşma əsasında leqallaşacaq.
Bu razılaşmaya əsasən, Suriyanın şimal-şərqində (kürd ərazilərində) yerləşən ABŞ hərbi bazaları tezliklə boşaldılacaq və yalnız Suriya–İordaniya və İraq sərhədi üçbucağında yerləşən Ət-Tənəf hərbi bazası qalacaq. Deyr əz-Zor, Rəqqa və Həsəkədəki hərbi bazalar tədricən ləğv olunacaq.
Ət-Tənəfdəki hərbi baza ABŞ–Suriya hökumətləri arasında müqavilə ilə rəsmiyyət qazanacaq və bununla da ABŞ-ın Suriyadakı hərbi mövcudluğu hüquqi status alacaq.
“Fox News” telekanalının məlumatına əsasən, son həftələrdə ABŞ Suriyadakı 500 hərbçisini bu ölkədən çıxarıb, Deyr əz-Zor vilayətində iki hərbi bazanı bağlayıb, üçüncü bazanı isə kürd qüvvələrinə – SDQ-yə təhvil verib.
ABŞ Konqresinin respublikaçı üzvü Marlin Stutzman bildirib ki, əsgərlərin çıxarılması İŞİD-ə qarşı koalisiyanın artıq uğurlu nəticə əldə etməsi və yeni Dəməşq hökumətinin ABŞ-la dost münasibətlərə malik olması ilə əsaslandırılır.
Lakin ABŞ qüvvələrinin Suriyadan tamamilə çıxarılması hələ gündəmdə deyil. Dövlət Departamentinin sözçüsü bunu Suriyanı xaos və məzhəbçiliyə sürükləmək istəyən qüvvələrin olması ilə izah edib.
1. İŞİD-in yenidən fəallaşması riski;
2. İrana bağlı silahlı qrupların fəaliyyətinə nəzarət.
Bu məlumatlardan belə görünür ki, ABŞ və Suriya arasında hərbi baza saxlamaqla bağlı razılaşma çox tezliklə rəsmiləşəcək. Beləliklə, Suriyada ABŞ hərbi bazası hüquqi status qazanacaq.
Qeyd edək ki, soyuq müharibə dövründə SSRİ Tartus limanında hərbi-dəniz bazası qurmuşdu. Suriya həmin vaxtdan bəri anti-Qərb cəbhəsində yer alırdı. 2014-cü ildə isə İŞİD-ə qarşı Qərb koalisiyası çərçivəsində ABŞ və Fransa hərbi qüvvələri Suriyanın şimal-şərqinə yerləşmişdi – bu, o dövrkü Suriya hökuməti ilə razılaşdırılmamışdı.
Amma indi situasiya dəyişib. ABŞ artıq Suriyada ikitərəfli razılaşma əsasında yerləşəcək. Bu isə kürd bölgələrindən çıxış qərarının da razılaşdırıldığını göstərir.
Xatırladaq ki, 2018-ci ildə prezident Tramp ordunu Suriyadan çıxarmaq istədikdə, Müdafiə naziri Ceyms Mattis və İŞİD-ə qarşı koalisiyanın nümayəndəsi Bred Makqurk istefa vermişdi. Tramp həmin vaxt geri addım atmışdı. İndi isə görünən odur ki, Dəməşq və Ankara ilə kürd məsələsində hansısa razılaşma əldə olunub.
Bütün bu gedişlər isə göstərir ki, ABŞ Suriyada İran təhlükəsini hələ də əsas məsələ sayır – və ya bu riski öz mövcudluğunu qorumaq üçün əsaslandırma kimi istifadə edir.
Ət-Tənəf bazası Suriyanın cənubuna, İsrail və druzların yaşadığı bölgələrə daha yaxın olduğundan, bu mövqe Vaşinqtonun strateji planlarının bir hissəsi ola bilər.
Nəticə etibarilə, bu hadisələr Yaxın Şərqdə yeni hərbi-siyasi reallığın qurulduğunu göstərir.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ