Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşması əldə etməyə ümidini itirdiyini deyib. Dünən jurnalistlərlə söhbətində Prezident Tramp bildirib ki, əvvəllər danışıqlar vasitəsilə İranın uran zənginləşdirmə proqramını dayandıracağına ümid etsə də, indi ümidi azalıb.
ABŞ Prezidentinin bu açıqlamasının ardınca dünən gün ərzində dünya mediasında İrana qarşı hərbi əməliyyatla bağlı bir çox xəbərlər yayıldı. Xatırladaq ki, iyunun 15-də Omanda ABŞ-İran danışıqlarının növbəti raundu keçiriləcək. Lakin ötən həftədən bu yana yayılan açıqlama və xəbərlər iki tərəf arasında uzlaşma ilə bağlı ciddi problemlərin olduğunu göstərir.
Yeri gəlmişkən, dünən həm də media ABŞ hökumətinin “İranla yaranmış gərginlik” səbəbi ilə Yaxın Şərq ölkələrində çalışan diplomatik heyətin və bölgədəki hərbi qulluqçuların ailələrini geri çağırması ilə bağlı xəbərlər yayıb. Dövlət Departamenti Bağdaddakı səfirlik əməkdaşlarının çıxarılmasına qərar verildiyini təsdiqləyib. Pentaqon başçısı da bölgədəki hərbi qulluqçuların ailələrinin Amerikaya gətirildiyini bildirib.
ABŞ-ın müdafiə naziri Heqset Senat Komitəsində keçirilən dinləmələrdə bildirib ki, iranlıların nüvə silahına bənzəyən bir şey yaratmağa aparan bir yola getdiyini göstərən çoxlu sübutlar var. Ancaq o, bu sübutlar haqqında detallı məlumat verməyib.
New York Times qəzeti isə ABŞ və Avropadakı mənbələrə istinadən İsrailin yaxın vaxtlarda İrana hücum edəcəyini yazıb. Yeri gəlmişkən, dünən İsrail ordusu baş qərargah rəisi Eyal Zamir İordaniya ilə sərhədə 10 min nəfərlik yeni diviziya göndərilməsi barədə qərar qəbul edib. Bu həm də müharibə hazırlığı kimi qiymətləndirilir.
Dünən həmçinin İran prezidenti Məsud Pezeşkiyan da deyib ki, Tehran ABŞ-ın dinc məqsədli nüvə proqramından imtina tələbini qəbul etməyəcək. Pezeşkiyan bildirib ki, İran nüvə silahı əldə etmək fikrində deyil, ancaq dinc məqsədli nüvə fəaliyyətindən də imtina etməyəcək.
İyunun 15-də Omanda keçiriləcək növbəti ABŞ-İran nüvə müzakirələrində düyünə düşən iki əsas problemli mövzu var.
Birincisi, İranın uran zənginləşdirilməsi proqramının taleyidir. ABŞ Prezidenti elan edib ki, İranın uranı zənginləşdirməsinə icazə verilməyəcək. İran hökuməti isə uranın zənginləşdirmə hüququnu əlində saxlayacağını deyir. Tehran dinc məqsədlər üçün yetəcək həcmdə, yəni 2015-ci il sazişində qeyd edildiyi kimi, uranı 3,67 faiz həcmində zənginləşdirmək hüququna sahib olduğunu və istənilən halda bu hüquqdan imtina etməyəcəyini bildirir. ABŞ tərəfi isə daha əvvəl 3 faizlik zənginləşdirməyə razı olduğunu açıqlasa da, sonradan ümumiyyətlə, dayandırılmasını tələb etdi.
İkinci problemli məsələ isə İranın əlindəki yüksək faizlə zənginləşdirilmiş uranın taleyidir. MAQATE-nin may ayında açıqladığı hesabata əsasən, hazırda Tehranın əlində 408 kiloqram 60 faizdən artıq zənginləşdirilmiş uran mövcuddur. Əgər ABŞ və İran nüvə məsələsində anlaşarsa, İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı 3-cü ölkəyə - güman ki, Rusiyaya - verilməli və əvəzində İrana dinc məqsədlər üçün kifayət edəcək dərəcədə, yəni 3,67 faiz zənginləşdirilmiş uran alınmalıdır.
Yeri gəlmişkən, keçən həftə Tramp və Putin arasında danışıqlarda bu məsələ müzakirə olunub. Rusiya Prezidenti nüvə danışıqlarında vasitəçilik edə biləcəyini deyib. Bu günlərdə isə Rusiya Prezidentinin Tehrana səfəri gözlənilir. Güman ki, bu səfərdə İranın uranının taleyi də müzakirə olunacaq.
Ancaq əgər Omanda iki tərəf razılaşa bilməsə, o zaman danışıqlar dalana dirənəcək və ümumiyyətlə, prosesin dayanması gündəmə gələcək. Bu halda isə İsrailin daha əvvəl elan etdiyi kimi, İrana zərbə endirməsi məsələsi gündəmə gəlir.
İsrail bəyan edib ki, danışıqlar nəticə verməsə, İranın nüvə obyektlərinə zərbələr endirəcək. Bu arada, MAQATE Sədrlər Şurası 19 nəfər lehinə, 11 bitərəf və 3 nəfər əleyhinə olmaqla İran əleyhinə qətnamə qəbul edib. Qətnamədə İranın nüvə fəaliyyəti ilə bağlı öhdəliklərə əməl etmədiyi, həmçinin müfəttişlərin fəaliyyətinə şərait yaratmadığı vurğulanır.
Faktiki olaraq İrana qarşı hərbi müdaxilə üçün siyasi səbəblər yaradılması prosesinin getdiyi görünür. Həm ötən gün ABŞ Senatındakı dinləmələr, daha sonra İsraildə baş nazir Netanyahunun komandası ilə İran müzakirəsi və nəhayət, Trampın ordu komandanları ilə görüşü sanki hərbi müdaxilə üçün hazırlıq prosesinin başladığına işarə edir.
Əlbəttə, mümkündür ki, ABŞ Prezidenti bu şəkildə Oman danışıqları öncəsi İrana təzyiq etməyə çalışır. Çünki hər kəsə aydındır ki, İrana hərbi müdaxilə ilə bağlı hazırlıq uzun zaman apara və ciddi ordu yığılmasını tələb edir. Çünki İranın hərbi gücü və proksi qüvvələrdən alacağı dəstək var. İkincisi isə İran coğrafi olaraq ərazisi böyükdür və nüvə obyektləri ölkənin müxtəlif regionlarına səpələnmiş vəziyyətdədir. Yəni İranın nüvə obyektləri 1981-ci ildə İraqın İsrail tərəfindən vurulan Osirak AES-i kimi bir stansiyadan ibarət deyil.
ABŞ və İsrailin İrana zərbələri İranın ən pis halda İsrail ərazisi və Fars körfəzindəki neft yataqlarını vurması ilə nəticələnə bilər ki, bu da dünyada böyük enerji böhranına səbəb olar. Bu səbəbdən də İran tərəfi ABŞ və İsrailin zərbə təhdidlərini ciddi qəbul etmir. Yüksək rütbəli İran rəsmisi “Reuters” agentliyinə bildirib ki, regionda artan gərginlik bazar günü keçiriləcək danışıqlardan əvvəl İrana psixoloji təzyiq məqsədi daşıyır.
Lakin bir fakt da var ki, Omanda nəticə əldə olunmasa, o zaman danışıqlar faktiki olaraq dayanacaq və belə görünür ki, masada yeganə variant hərbi qarşıdurma olacaq. Çünki 2018-ci ildə Trampın İranla nüvə sazişindən çıxması Tehranın da analoji addım ataraq uran zənginləşdirilməsini 60 faizə qədər artırmasına səbəb oldu. Bu dəfə danışıqların nəticəsiz bitməsi Tehranın qarşısında maneələri götürür. Bu səbəbdən də bazar günü Omanda baş tutacaq danışıqlar hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir.
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ