Onlayn ictimai-siyasi qəzet
Ötən günün əsas hadisəsi Təbrizin “Traktor” klubunun İran çempionu olması oldu. 1970-ci ildən bu yana fəaliyyət göstərən (1980-ci illərdə İran-İraq müharibəsi zamanı İranda futbol çempionatı dayandırılıb – K.R.) “Traktor” klubu Qəzvində “Şəms Azər” komandasını 4:0 hesabı ilə məğlub edərək çempionatın bitməsinə iki həftə qalmış qalibiyyətini rəsmiləşdirib və tarixində ilk dəfə İran çempionu olub.
Bununla da “Traktor” klubu həm də 2025–26-cı il sezonunda Asiya Çempionlar Liqasında İranı təmsil etmək hüququ qazanıb. Əlbəttə, ilk hadisə olmaqla birlikdə, ümumilikdə Təbriz klubu üçün böyük bir uğurdur.
Maraqlıdır ki, “Traktor” Təbriz komandası olsa da, dünənki qələbəni İranın Azərbaycan vilayətlərində bütün irili-xırdalı şəhərlərdə əhali kütləvi şənlik mərasimləri ilə qeyd edib. Təbriz, Ərdəbil, Urmiya, Xoy və digər Azərbaycan şəhərlərində “Traktor”un qələbəsi böyük təntənə ilə qeyd olunub, əhali küçələrə axışaraq bayram əhval-ruhiyyəsində olub.
Bu da “Traktor” klubunun İranda Azərbaycan türklərini simvollaşdıran bir komandaya çevrilməsi ilə bağlıdır. Sirr deyil ki, xüsusən də son iki onillikdə “Traktor” İranda Azərbaycan kimliyinin idmanda ifadəsinə çevrilib. Ən böyük azarkeş ordusuna malik komandaya bütün oyunlarda böyük sayda azarkeş dəstəyi var. Hətta dünən Qəzvində (Qəzvin də Azərbaycan şəhəridir – K.R.) keçirilən oyunda stadionun əksər hissəsini məhz azərbaycanlılar, yəni “Traktor” azarkeşləri təşkil edib. Bu barədə dəqiq statistika olmasa da, İranda ən böyük azarkeş ordusuna sahib olan komanda məhz “Traktor”dur. Bu mənada “Traktor” həm də son illərdə İranda yüksələn azərbaycanlı kimliyinin idmanda özünü büruzə verən formasıdır.
Məsələ ondadır ki, son illərdə İranda ərəb, kürd və bəluc etnik qrupları arasında etnik separatizm ciddi şəkildə yüksəlib. Bu qrupların mərkəzi hakimiyyətə qarşı silahlı hücumları, kütləvi etiraz aksiyaları artır. Lakin bütün proqnoz və analizlərin əksinə olaraq, azərbaycanlılar arasında mərkəzi hakimiyyətə qarşı silahlı hərəkat yaranmır. Təbii ki, bununla bağlı bir sıra versiyalar var.
Ancaq bunun əvəzinə İran azərbaycanlıları arasında mədəni və siyasi sahədə kimlik düşüncəsi yüksəlib. “Traktor” futbol klubuna az qala milli məsələ kimi yanaşan düşüncə, necə deyərlər, futbol azarkeşliyi səviyyəsində milli kimlik ifadəsidirsə, son 10 ildə seçkilərdə Azərbaycan dini və təhsil mövzusunda tələblərin az qala bütün prezidentlərin gündəmində olması amili nəzərdən qaçmamalıdır.
Ötən ilin yayında prezident seçkilərində hazırkı prezident Məsud Pezeşkian İslam Respublikası tarixində ilk dəfə olaraq seçkilərdə etnik amildən istifadə etdi. Pezeşkianın azərbaycanlı kimliyi xüsusən də azərbaycanlılar yaşayan bölgələrdə onun yüksək səs almasında rol oynadı. Bu, İranda, əslində isə bütün dünyada yüksələn millətçiliyin İranda özünü büruzə verməsi idi.
Yuxarıda qeyd etdiyim kimi, digər etnik qruplardan fərqli olaraq, azərbaycanlılar milli məsələnin həllini silahlı separatizmdə görmür. Əksinə, indi İran üçün əsas təhlükəyə çevrilmiş kürd separatizmi və onun genişlənməsi qarşısında dayana biləcək əsas güc Azərbaycan millətçiliyi amilidir. Bunu ötən ay Urmiyada baş verən etirazlar da göstərdi.
Ancaq bunun əvəzində İran azərbaycanlıları arasında milli kimlik və Azərbaycan kimliyi yüksəlir və bu özünü “Traktor” klubu azarkeşliyi, seçkilərdə milli şüarlar və mədəni haqların tələbi kimi sivil formalarda göstərir.
Bu səbəbdən də “Traktor” indi İranda həm azərbaycanlılar, həm də qeyri-millətlər, eləcə də hakimiyyət üçün “Azərbaycan” sözü ilə sinonimə çevrilib. “Traktor” futbol klubunun bir digər üstünlüyü isə onun dindar, millətçi, liberal və sair baxışlara malik azərbaycanlıları bir araya gətirmək gücünə malik olmasıdır. Bu mənada indi futbol və konkret olaraq “Traktor” klubu İranda Azərbaycanı simvollaşdırır. Bu xüsusiyyətlərinə görə “Traktor” klubu bir idman klubu və ya futbol komandası olmaqdan çıxaraq kimlik və özünütəsdiq formasına çevrilib.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ