İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan və Hindistan savaş astanasında: 4-cü müharibə başlayır - Azərbaycan bu dövlətin yanında

Fərqli dinlərə sitayiş edən xalqların nifrət və müharibə tarixi

Hindistan və Pakistan arasında növbəti dəfə müharibə riski yaranıb. Formal olaraq hadisələrə Kəşmirdə 25 Hindistan və 1 Nepal vətəndaşı olan turistin terror aktına məruz qalması səbəb olub. Hindistan bu hadisəni bəhanə edərək Pakistanla şirin su razılaşmasından çıxıb və Hind çayı üzərindəki bəndi bağlayaraq Pakistana su verilişini məhdudlaşdırıb.

Hər iki dövlətin sərhədə hərbi texnika topladığı haqda xəbərlər və görüntülər yayılır. Sonuncu dəfə iki dövlət arasında yenə Kəşmir mövzusunda hərbi gərginlik 2019-cu ildə qeydə alınıb. Lakin böyük hərbi qarşıdurma baş verməyib. Ümumiyyətlə, 1999-cu il sərhəd toqquşmaları istisna olmaqla ötən illərdə Hindistan və Pakistan arasında böyük hərbi qarşıdurma baş verməyib. Ancaq Hindistan vaxtaşırı olaraq Kəşmir silahlılarının hücumlarına görə Pakistanı ittiham edir.

Lakin bir qayda olaraq Kəşmirdə baş verən silahlı hücumlarda Pakistandan gəlmiş və ya Pakistan vətəndaşları da iştirak etsə də, burada birtərəfli olaraq Pakistanı ittiham etmək mümkün deyil. Necə deyərlər, böyük mənzərəyə baxmaq lazımdır.

Məsələ ondadır ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Kəşmir vilayəti 1947-ci ildə Hindistan və Pakistan dövləti yarananda, yəni Hind coğrafiyası şərti olaraq müsəlmanlar və hinduslar arasında bölündükdə mübahisəli ərazi olaraq qaldı. Hər iki dövlət Kəşmirə iddia edirdi. Daha sonra Kəşmirə iddiaçıların sayı 3 oldu və hazırda Kəşmir vilayətinin təxminən 20 faizi, ya da başqa sözlə, 42,685 kv.km-lik hissəsi Çinin tərkibindədir.

Himalay dağlarında bir vadinin adından gələn Kəşmir vilayətinin ümumi ərazisi 222,236 kv.km-dir. Bunun 78,114 kv.km-lik hissəsi Pakistan ərazisinə daxildir. Bu ərazinin 11,639 kv.km-lik hissəsi Azad Kəşmir əyaləti adı verilmiş inzibati bölgədir. Azad Kəşmir ərazisində dörd milyona yaxın əhali yaşayır.

Kəşmirin 101,307 kv.km, yəni 50 faizdən bir qədər az hissəsi isə Cammu-Kəşmir adı ilə Hindistan sərhədləri daxilindədir. Muxtar vilayətin 12,5 milyon (2011-ci ilin statistikasına əsasən – K.R.) əhalisi var. Cammu-Kəşmirin inzibati mərkəzi Sirinqar şəhəridir.

1947-ci ildə Hindistan və Pakistan dövlətləri yarananda hər ikisi Kəşmirə iddia edir. Və nəticədə 1-ci Kəşmir və ya Hindistan-Pakistan müharibəsi baş verir. İki il davam edən müharibə nəticəsində Kəşmirin yalnız kiçik bir hissəsi Pakistanın nəzarətinə keçir. Daha sonra tərəflər atəşkəsə gedirlər. 1952-ci ildə Kəşmir vilayətinin Racasının Hindistana birləşmək haqda qərar qəbul edərək vilayətin yarıya qədərini Hindistana birləşdirir. Pakistana isə Kəşmirin daha az hissəsi düşür, Kəşmirin bir hissəsini isə daha sonra Çin ələ keçirir. Hindistan və Pakistan arasında 1965-ci ildə ikinci, 1971-ci ildə isə üçüncü Kəşmir müharibəsi baş verir. Lakin bu müharibələrdə və daha sonra 1999-cu ildə baş verən hərbi qarşıdurmalar ərazi münaqişəsinə son qoymur.

2019-cu ildə isə millətçi Narendra Modinin hökuməti radikal addım ataraq Kəşmir vilayətinə xüsusi status verən Konstitusiyanın 370-ci maddəsini ləğv edib və bununla da vilayəti mərkəzi hökumətə tabe edib. Hindistan Konstitusiyasının 370-ci maddəsi əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olan Kəşmirə muxtariyyət statusu verirdi.

Kəşmir uğrunda Hindistan-Pakistan müharibələri ilə yanaşı Cammu-Kəşmirin müsəlman əhalisi Hindistan mərkəzi hakimiyyətinə qarşı silahlı müqavimət hərəkətləri təşkil edib, xüsusən də hind millətçiliyinin yüksəlişi və Kəşmirdə müsəlmanların assimilyasiya edilməsi, vilayətin etnik tərkibin dəyişdirilməsi cəhdləri fonunda Kəşmirdə islamçılığın yüksəlməsi müşahidə olunub. Əlbəttə, burada Pakistan islam təşkilatlarının da xidmətləri az deyil. Ümumiyyətlə, Pakistan islam təşkilatları Kəşmir məsələsində daha sərt və mübarizə təbliğatı aparıblar, bu da vaxtaşırı olaraq Hindistan və Pakistan arasında gərginliyə səbəb olub.

Əlbəttə, Hindistan və Pakistan arasında gərginliyi yalnız Kəşmir məsələsi və ərazi mübahisələri ilə izah etmək mümkün deyil. Əlbəttə, Kəşmir münaqişəsi iki ölkə arasında münaqişənin necə deyərlər, simvoluna çevrilib. Lakin bununla belə ortada digər faktorlar var.

Pakistan və Hindistan, daha sonra Banqladeş tarixdən də bilindiyi kimi, 20-ci əsrin əvvəllərində Hind yarımadasında yüksələn etnik və dini millətçiliyin yüksəlişi fonunda ortaya çıxıb. Hind yarımadasının şimal-şərqində Banqladeş (1971-ci ilə qədər Şərqi Pakistan – K.R.), şimal-qərbində isə Pakistan müsəlmanlar yaşayan ölkə olub, Hindistan isə hindusların ölkəsi olub. Ancaq bu bölgü çoxlu sayda dinc insanın ölümü və evlərini tərk etməsi ilə nəticələnib, əslində yüz illərdir yanaşı yaşayan iki xalqın həyatını məhv edib. Bu gün hələ də rəsmi rəqəmlərə görə, 1,5 milyard əhalisi olan Hindistanda vətəndaşların 15 faizdən çoxunu müsəlmanlar təşkil edir. Və hər dəfə Pakistanla gərginlik və ya Kəşmirdə baş verən qarşıdurma Hindistanın müxtəlif bölgələrində yaşayan müsəlmanların hücumlar, döyülmə və öldürülməsi ilə nəticələnir. Hind millətçiliyinin əsas şüarı anti-müsəlman xarakterlidir və bu da vaxtaşırı ağır fəlakətli toqquşmalara səbəb olur.

Hər iki ölkə nüvə silahına malikdir. Hindistan əhalisinin sayı Pakistandan az qala 6 dəfə çoxdur, həmçinin son illərdə artan iqtisadi inkişaf və radikal millətçilik fonunda Hindistan ordusunu xeyli gücləndirib. Pakistan da məhz Hindistanla müharibə vəziyyətinə görə daimi böyük hərbi qüvvə saxlamağa və yeni silah və texnika almağa məhkumdur.

Qeyd etdiyim kimi, Hindistanda artıq 10 ildən çoxdur ki, Narendra Modinin Hindistan Xalq Partiyası iqtidardadır və radikal sağçı partiya tərəfdarları müsəlmanlara qarşı sərt münasibəti təbliğ edirlər. Bu da son illərdə gərginliyi daha da artırır.

PTI04-24-2025-000185B-0_17454830.jpg (49 KB)

Bu münaqişənin daha bir “ayağı” isə regional və qlobal cəbhələşmə ilə bağlıdır. Məsələ ondadır ki, “soyuq müharibə” dövründə Hindistan daha çox SSRİ ilə yaxın münasibətlərə malik olub, hind ordusu sovet silahları ilə silahlanıb. Buna qarşılıq Pakistan da Qərbin müttəfiqi olub, xüsusən də Əfqanıstan kampaniyası zamanı ABŞ-Pakistan müttəfiqliyi daha da dərinləşib. Çünki Pakistan Əfqanıstan müharibəsində sovetlərə qarşı “arxa cəbhə” rolunu oynayıb. Bu səbəbdən də Pakistan ordusu əsasən ABŞ və NATO ölkələri silahları ilə təchiz olunub. Yeri gəlmişkən, Misir və Türkiyə kimi, Pakistan da böyük orduya malik olan və ordunun az qala xüsusi statusu olan ölkələrdən biridir. Misirdə olduğu kimi, Pakistanda da ordu komandanlığı Qərb və xüsusən də ABŞ-la yaxındır.

Lakin son illərdə, xüsusən də amerikalıların Əfqanıstan kampaniyasından sonra Pakistan-Qərb münasibətləri soyuyub. Buna səbəb ABŞ ordusunun pilotsuz aparatlarının Pakistan kənd və qəsəbələrini vurması, iki ölkə arasında koordinasiyanın itməsi göstərilsə də, Qərbin Pakistana iqtisadi dəstəyinin azalması, Pakistanda iqtisadi geriləmə və Çinlə yaxınlaşma kimi səbəblər də var idi. Qərblə münasibətlərdə müşahidə olunan soyuqluq fonunda Pakistanın Şərqin parlayan ulduzu Çinlə yaxınlaşması müşayiət olunmağa başladı. Hindistan isə sürətlə Qərblə yaxınlaşmağa başladı. ABŞ və Avropa ölkələri Hindistanla hərbi əməkdaşlıq müqavilələri imzaladı. Hindistan Çinə qarşı Qərbin Şərqdə yeni müttəfiqi mövqeyinə çıxırdı. 2023-cü ilin sentyabrında Hindistanda G-20 liderləri sammitində ABŞ-ın patronluğu ilə Hindistandan Avropaya Ərəbistan yarımadası və İsraildən keçməklə yeni nəqliyyat dəhlizi sazişinin (IMEC – Hindistan Yaxın Şərq Avropa İqtisadi Dəhlizi) imzalanması Qərbin Hindistan üçün yeni qapısı idi.

Buna qarşılıq Çin əzəli rəqibi, həm də ərazi mübahisələrinin davam etdiyi Hindistana qarşı Pakistanla yaxınlaşdı. Çindən Pakistana 62 milyard dollar dəyərində yeni nəqliyyat yolu (Çin-Pakistan iqtisadi dəhlizi) inşaatı başladı. Bundan başqa, Pakistanın Qvadar limanı Çinin Yaxın Şərqlə enerji və yük daşımaları məsafəsini daha da qısaldacaq və daha təhlükəsiz edəcək.

1631014995_china-pak-_cpec-1.jpg (37 KB)

Əlbəttə, 300-dən çox nüvə başlığına sahib və ümumi əhalisi 1,7 milyard nəfərdən çox olan Pakistan və Hindistan arasında böyük müharibə bütünlükdə planet üçün fəlakətə səbəb ola bilər. Bu səbəbdən də çox güman ki, bundan əvvəlki dəfələrdə olduğu kimi, gərginlik kiçik sərhəd toqquşmaları ilə məhdudlaşacaq. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, ildən-ilə artan kəskin silahlanma və radikal millətçiliyin müharibə ritorikası hər iki ölkədə nifrət və düşmənçiliyi yüksəldib. Bu da fəlakət ssenariləri riskini yüksəldir.

Əlbəttə, Pakistan Azərbaycanla dost və qardaş ölkədir. Azərbaycan beynəlxalq platformalarda Pakistanı dəstəkləyir. Lakin eyni zamanda Ermənistanı silahlandırması və anti-Azərbaycan fəaliyyətlərinə görə, Hindistanla münasibətlərdə zaman-zaman soyuqluq olsa da, rəsmi Bakı son illərdə Hindistanla əlaqələri nizamlamağa çalışır. Təbii ki, böyük müharibə heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil, münaqişənin sülhlə bitməsi ən arzulanan nəticədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR