İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Əsədsiz Suriyaya qayıdır – “Tartus planı” işə düşdü!

Həftənin əsas siyasi hadisələrindən biri də Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaranın Moskvaya səfəri oldu. Rusiya paytaxtında prezident Putinlə və Rusiyadakı Suriya diasporu ilə görüşən Şaranın gündəmində əsas mövzular Suriyadakı Rusiya hərbi bazalarının taleyi, Suriyanın yenidən qurulmasında Moskvanın (həmçinin suriyalı iş adamlarının) iştirakı, Bəşər Əsəd və onunla birlikdə Rusiyada yerləşən keçmiş hakimiyyət mənsublarının taleyi idi.

ss.jpg (109 KB)

Suriya xarici işlər naziri Əsəd Şeybani də bildirdi ki, Suriyadakı Rusiya hərbi bazalarının taleyi ilə bağlı müzakirələr davam edir.

Ancaq söhbət yalnız Rusiyanın Suriyadakı hərbi bazalarının mövcudluğundan getmir. Həm Rusiya, həm də Suriya tərəfi Rusiyanın yenidən Suriyaya qayıtmasından bəhs edir. Məsələ ondadır ki, Rusiyanın Suriyadakı hərbi bazaları – Tartus hərbi dəniz bazası və Xmeymim hərbi hava bazası hələ də Suriyada fəaliyyət göstərir.

5.jpg (39 KB)

Əhməd əş-Şaranın Moskva səfərində isə Rusiyanın Suriyadakı hərbi mövcudluğunun artırılmasından söhbət gedir. Məsələ ondadır ki, Suriya və İsrail arasında təhlükəsizlik zonası məhz Rusiya vasitəsilə təmin olunub.

Ərəb baharı gedişində Suriyada vətəndaş müharibəsi dövründə İranın Suriyada dəstəklədiyi hərbi qruplar vaxtaşırı olaraq İsrail – Colan təpələri ərazisini atəşə tutduğu üçün 2017-ci ilin noyabrında İordaniyanın paytaxtı Əmman şəhərində ABŞ, Rusiya və İordaniya hökumətləri arasında Suriyanın cənubunda təhlükəsiz zonanın yaradılması ilə bağlı razılaşma imzalanıb. Bu razılaşmaya əsasən, Rusiya qüvvələri Suriyanın cənubuna, konkret olaraq Colan təpələri, yəni İsraillə sərhəd istiqamətində yerləşdirilir və İran proksi qrupları buradan çıxarılır. Bu razılaşma sayəsində Suriyanın cənubunda böyük ölçüdə sabitlik əldə olunmuş və gərginlik azalmışdı.
Ancaq Bəşər Əsədin devrilməsi və Rusiyanın qüvvələrini buradan çəkməsi səbəbi ilə 2017-ci il razılaşması da faktiki olaraq qüvvədən düşüb və İsrail yaranmış boşluqdan istifadə edərək Suriyanın cənub ərazilərini, o cümlədən Şeyx dağını ələ keçirib.

İndi isə Əhməd əş-Şara hakimiyyəti İsraillə davam edən gərginlik fonunda Rusiyanın yenidən bölgəyə qayıtması və cənubda təhlükəsizlik zolağı yaradılmasını istəyir. Həmçinin şimalda Rusiyanın yenidən hərbi patrul fəaliyyətini bərpa etməsi və kürdlərlə Suriya hakimiyyət qüvvələri arasında vaxtaşırı olaraq baş verən toqquşmaları önləməsi nəzərdə tutulur.

Maraqlıdır ki, Əhməd əş-Şaranın Moskva səfərindən sonra İsrail KİV-ləri Təl-Əvivin Suriyanın cənubunda geosiyasi vəziyyətin dəyişməsinin qarşısını almaq üçün Rusiyanın bölgədəki mövcudluğunu dəstəklədiyi haqda xəbər yaydı.

İsrail üçün bu addım Türkiyənin Suriyanın cənubuna yerləşməsi qarşısında maneə olaraq görünür.

mOVSuXk9OsaKoZ1YLLIJMuN52BrHLVT4HIQdDz8u_825.jpg (109 KB)

Rusiyanın yenidən Suriyaya qayıdışı Suriya hakimiyyətinin ucuz yanacaq və taxıl əldə etməsi kimi cari iqtisadi maraqlara xidmət etməklə yanaşı, cənubda təhlükəsizlik buferinin yaranması, kürd və İsrail problemi fonunda Dəməşqə əlavə manevr imkanları verə bilər.

Maraqlıdır ki, bəzi ərəb ekspertləri isə ABŞ hökumətinin də Rusiyanın yenidən Suriyaya qayıtmasında maraqlı olduğunu yazır. Bu isə daha çox Rusiya vasitəsilə Türkiyənin Suriyadakı dominantlığının zəiflədilməsi və İran amilinin yenidən güc qazanmasına Rusiya amilinin maneə olacağı proqnozu ilə əlaqələndirilir.

dddddddd.jpg (183 KB)

Ancaq nəticə etibarilə, Bəşər Əsədin devrilməsindən 1 il keçməmiş onun əsas dəstəkçisi olan Rusiyanın yenidən Suriyaya qayıtması bu ölkədə ölçülərin hələ də yerinə oturmadığını, siyasi və hərbi sabitliyin tam şəkildə təmin olunmasının zaman alacağını göstərir.

Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR