Onlayn ictimai-siyasi qəzet
Bir münaqişəni həll etmək üçün aparılan diplomatiya müharibəsi, hərbi əməliyyatlardan fərqli olaraq, nəinki 44 gündə və ya 4 ildə, heç 44 ildə də bitmir.
Qanlı-qadalı, odlu-alovlu müharibə tez yekunlaşa bilər, fəqət diplomatiya müharibəsi uzun illər davam edəcək, neçə dəfə çıxılmaza girəcək, neçə dəfə tərəflərin mövqeyi yaxınlaşacaq, amma münaqişəni həll etmək tez və asan başa gəlməyəcək.
1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalananda biz ağır durumdaydıq, ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdu, 700 min civarında qaçqın-köçkünümüz vardı, ordu parakəndə idi, döyüş ruhu itirilmişdi, ölkədə siyasi xaos, iqtisadi böhran hökm sürürdü.
6 illik parakəndə müqavimətimizdən sonra bir neçə ayın içində İsrail dövlətinin ərazisi boyda, ancaq ondan qat-qat bərəkətli torpaq işğal etmiş ermənilər eyforiyada idilər və düşünürdülər ki, hər şey bitdi, de-fakto Qarabağ əllərindədir, indi onu de-yure olaraq da özününkülşdirə biləcəklər.
Onlar diplomatik cəbhədə də bizdən açıq-aşkar üstün idilər, həm bacarıqlı, dilbilən, qılıqlı kadrları, ABŞ-da, Fransada yetişmiş diplomatları vardı, həm də böyük paytaxtlarda havadarları çox idi. Ona görə də düşünürdülər ki, Qarabağda qazandıqları hərbi üstünlük diplomatik müstəvidə onların dilini uzun, mövqelərini güclü edəcək və Azərbaycan öz itkiləri ilə barışaraq, təslim olacaq.
Ancaq bir məsələdə ermənilərin əli zəif idi – haqsız idilər, beynəlxalq hüququn müddəaları onların tərəfində deyildi və bizim yeganə üstün cəhətimiz o idi ki, bu münaqişədə haqlı tərəf idik – nə qədər zəif və məğlub durumda olsaq da.
Ona görə də münaqişənin tənzimlənməsinin döyüş meydanlarından diplomatik müstəviyə keçməsi əslində ermənilərdən çox bizə sərf edirdi və sonda nəticələr bizim üçün əlverişli olacaqdı.
Beynəlxalq hüququn müddəlarına görə, dövlətlərin ərazi bütövlüyü pozula bilməzdi və bu müddəa bizdən yanaydı. Başqa bir müddəaya görə, müstəqillik tələb edən etnik qrupun öz müqəddəratını təyin etmə hüququ vardı və ermənilər bir dəfə öz müqəddəratlarını təyin edərək Ermənistan Respublikası təsis etdikləri üçün bu hüquqdan çox yapışa bilmirdilər, üstəlik, Qarabağda yaranmış durum, bölgədə Ermənistan ordusunun hissələrinin yerləşməsi, “DQR” adlanan qondarma təsisatın tam olaraq Ermənistan tərəfindən idarə olunması bir dövlətin başqa dövlətin ərazisini ilhaq etmək niyyətinin göstəricsiydi.
Qarabağ münaqişəsində bu qədər haqsız olan ermənilərin 30 ilə yaxın müddətdə yola gəlməməsi, eyforiyaya qapılaraq, “torpağı almışıq, məsələ bitib” deyə düşünmələri, bizi özlərindən qat-qat zəif, haqırlıqsız, havadarsız saymaları sonda ona gətirdi ki, biz problemi necə həll etməyin yolunu anladıq və ... cəmi 44 günün içində onların bütün “nailiyyət”ləri heç-puç oldu.
Əgər bu, 30 ildə haqsız tərəf biz olsaydıq, heç 3 il də çəkməzdi, Qarabağ və ya hansısa muxtar bölgə əlimizdən de-fakto da gedərdi, de-yure də.
Bununla belə, haqlı olmağımıza baxmayaraq, böyük dövlətlərin permanent təzyiqinə məruz qalan, alçaldıcı sülhə vadar edilən biz idik. Böyük dövlətlər, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa ermənilərə güzəşt getməyimiz üçün ard-arda bir-birindən çox da fərqlənməyən “layihə”lər təqdim edirdilər. Beləcə diplomatik savaş sürüb gedirdi.
Sonra vəziyyət dəyişdi, hərb meydanında üstün tərəf biz olduq, işğal altında olan ərazimizin böyük hissəsini geri qaytardıq, separatçıları, aşağı-yuxarı bir dərəyə yığaraq hərbi baxımdan zərərsiz hala gətirdik, amma bu, heç də hər şeyin bitdiyi anlamına gəlmir. Diplomatik müstəvidə mübarizə davam edir.
30-35 il əvvəl olduğu kimi yenə haqlıyıq, amma bu dəfə haqlı olduğumuz qədər də güclüyük. O vaxt biz ermənilərin hansısa yaşayış məntəqəmizi silah təhdidi altında saxladıqlarından, hansısa yolumuzu kəsdiklərindən şikayətlənirdiksə, indi eyni şeyi ermənilər edirlər. Sonrakı illərdə biz onlara ən yüksək muxtariyyat statusu belə verməyə hazır idik, qapıldıqları qələbə eyforiyası bu təklifi qəbul etmələrinə mane oldu. İndi biz onlara heç bir muxtariyyat statusu vermək fikrində deyilik.
Ümid edək ki, biz Qarabağ münaqişəsinin çözülməsi istiqamətində atdığımız bütün addımlar qələbə eyforiyasının diqtəsi ilə yox, sağlam düşüncə ilə, beynəlxalq hüququn müddəalarına uyğun atılır.
Haqlıykən hasız duruma düşmək olmaz. 1988-ci ilin fevralından bu günə qədər bizim əsas gücümüz haqlı olmağımızda olub.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
09 Sentyabr 2024
07 Sentyabr 2024
05 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
24 Avqust 2024
23 Avqust 2024
21 Avqust 2024
19 Avqust 2024
17 Avqust 2024
15 Avqust 2024
14 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
10 Avqust 2024
08 Avqust 2024
06 Avqust 2024
04 Avqust 2024
02 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ