Onlayn ictimai-siyasi qəzet
İndiyəcən heç kəs bir açıqlaması ilə bir günün içində ölkəmizdə bu qədər məşhur olmayıb. Bu adam rusiyalı deputat Mixail Delyaqindir. İki gün əvvəl onu ölkəmizdə 3-5 adam tanıyırdı, bu gün isə ictimai-siyasi fəal kəsim arasında onu tanımayan yoxdur.
Bunun səbəbi odur ki, Delyaqin ölkəmizə qarşı qudurmuş faşistlərin dilə gətirəcəyi bir söz işlədib, O, Qarabağda öz dislokasiya mövqeyini dəyişdirən ordumuza cavab olaraq Azərbaycanın neft sənayesinin nüvə raketi ilə vurulmalı olduğunu deyib.
Əslində bunu adi bir jurnalist və ya politoloq desəydi, bu ifadəyə fikir verməmək, isterika məhsulu olduğu qənaətinə gəlmək olardı. Amma Delyaqin Rusiya parlamentinin deputatıdır, siyasətçidir, sabah hakimiyyətə gələ, nazir və ya baş nazir ola bilər (Hərçənd bu, sırf nəzəri ehtimaldır).
Ona görə də bizim ölkəmizdə onun hikkəli bəyanatı sərt reaksiyaya səbəb oldu. Müyyən telefon trafikindən, etirazlardan sonra deputat “üzrü günahından betər” qrafasından olsa da, üzr istədi. Bununla da sübut olundu ki, ölkəsində onun ağzının payını verib, başqa sözlə, “adamı sındırıblar”. İndən belə necə mırıldamasının fərqi yoxdur. Ona başa salıblar ki, Azərbaycan strateji tərəfdardır, qaşınmayan yerdən qan çıxarma, onsuz da federasiyamız pis durumdadır.
İndi yüz minlərlə adam Delyaqini ağzının danışığını bilməyən, bisavad, əsəbləri oyaq, hirs-hikkəli, faşist təmayüllü biri hesab edir. Əslində isə elə deyil.
1968-ci il təvəllüdlü Delyaqin orta məktəbi qızıl medalla bitirib, ali təhsil alıb, iqtsadçı ixtisası qazanıb, 30 yaşında artıq iqtisad elmləri doktoru elmi adına yiyələnib.
O, siyasətə çox erkən atılıb, 1990-cı ildə, 22 yaşı olanda artıq Rusiyanın ilyarım sonrakı rəhbəri Boris Yeltsinin komandasına daxil olub. 24 yaşında RF prezidenti yanında fəaliyyət göstərən analitik mərkəzin baş analitiki olub.
Hələ görün, Mixail Delyaqin bu gənc yaşında kimlərin müşaviri və ya köməkçisi işləyib: Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovun, Rusiya baş nazirinin birinci müavini Boris Nemtsovun, Rusiyanın baş naziri Mixail Kasyanovun, baş nazirin birinci müavini Yuri Maslyakovun. Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Sergey İqnatyevin, daxili işlər naziri Anatoli Kulikovun, Bunlardan başqa, o, Rusiya baş nazirinin birinci müavini Aksyonenkonun katibliyinin rəhbərinin müavini vəzifəsində də çalışıb.
22 yaşından siyasi dairələrdə fırlanan, baş nazirlərlə və onların birinci müavinləri ilə işləyən, nazirlərlə oturub-duran Delyaqin çoxdan siyasətdə bişmiş adamdır.
Müşavir və köməkçi vəzifələrində çoxlu şef dəyişməsinə görə hesab etmək olar ki, o, nə qədər savadlı adam olsa da, siyasi səbatlılıq və şəxsi sədaqət baxımından o qədər sürüşkən adamdır. Heç ola bilməz ki, bir adam bir-birindən fərqli dünyagörüş və siyasi baxışlara malik olan şəxslərlə çiyin-çiyinə işləyə bilsin. Bunu Napoleon dövründə Fransada Jozef Fuşe və Şarl Moris Taleyran bacarıb. Amma Delyaqin onlar kimi söz sahibi olmayıb, eləcə kağız-kuğuz işlərinə baxıb.
Hazırda o, “Ədalətli Rusiya” partiyasının üzvüdür və partiyanın Dövlət Dumasındakı fraksiyasının rəhbəri Sergey Mironovun müşaviridir.
Bu partiyaya dair vikipediya materiallarında göstərilir ki, partiya sosial-demokrat yönümlüdür, demokratik sosializm, sosial konservatizm və rus millətçiliyi ideologiyasına sahibdir. Demokratiya və millətçilik. Sosializm və konservatizm. Tamam həftəbecər bir şey.
Bu necə demokratiyadır ki, partiyanın liderlərindən biri müstəqil dövlətin neft sənayesini məhv etməkdən danışır. Bu, heç rus millətçiliyi ilə bir araya sığan bəyanat da deyil. İndiki məqamda rus millətçiliyi tələb edir ki, Qərb dövlətlərinin güclü təzyiqi, sanksiyası qarşısında qalan Rusiya Federasiyası düşdüyü durumdan çıxmaq üçün özünə əlavə düşmənlər qazanmasın, başqa aqressiv və millətçi xalqların mənafeyinə görə öz maraqlarını zərbə altında qoymasın.
Delyaqin isə ermənilərə görə ondan iki dəfə böyük, on dəfə güclü Azərbaycanla, eləcə də hazırda okeanda boğulan Rusiyaya xilasedici kəmər atan Türkiyəyə “sataşır”. Bu, rus millətçiliyindən çox erməni millətçiliyidir. Görünür. Mixail Delyaqin ya yenicə, ya da lap çoxdan qafasını bu ideyaya qapdırıb.
İşin pis tərəfi odur ki, Delyaqanin partiyası da süşürşkən mövqelərə malikdir. Bu partiya gah Putini və Medvedyevi dəstəkləyib, gah da onlara müxalifətdə olub. Partiyanın sədri Sergey Mironov bir ara Rusiya parlamentinin sədri işləyib, prezidentliyə iddia edib.
Bununla belə, Delyaqini uğurlu siyasətçi saymaq olmaz. 54 yaşına çatmış bu şəxs həmişə liderlərin ətrafında 3-cü, 4-cü, rollarda olub, kart atlasındakı 6-lıqdan yuxarı qalxmayıb. O, “Mauqli” cizgi filmindəki pələng Şirxanın yanında tüyünən Tabaki kimi bir şeydir. Sadəcə, tutduğu mövqe elədir ki, belə adamları ağzıbaşına buraxmaq olmaz.
Xalid Kazımlı
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
09 Sentyabr 2024
07 Sentyabr 2024
05 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
24 Avqust 2024
23 Avqust 2024
21 Avqust 2024
19 Avqust 2024
17 Avqust 2024
15 Avqust 2024
14 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
10 Avqust 2024
08 Avqust 2024
06 Avqust 2024
04 Avqust 2024
02 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ