İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov niyə biz deyəni dedi - Paşinyan üçün növbəti “dərs”in anonsu

Emmanuel Makron Ermənistan prezidenti Vahaqn Xaçaturyanı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bir tərəfə çəkib qulaqlarını nələrləsə doldurduğu anlarda Rusiyanın baş diplomatı Sergey Lavrov Ermənistana və onun Qərbdəki havadarlarına bəzi ismarıclar yolladı. Görün hansı vəziyyət yaranıb ki, 2017-ci ilin yanvarında “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, deyən Lavrov belə, Ermənistanı və “plus”ların yanlış yolda olduğunu söyləyir.  

Təbii ki, Sergey Lavrovu normal mövqeyə gətirən faktorlar var, xüsusilə də Azərbaycanın 44 günlük savaş nəticəsində Qarabağı, Şərqi Zəngəzuru azad etməsi,  üstəgəl, 1 günlük antiterror əməliyyatı ilə xunta rejiminin kökünü qazıması Rusiyanın damarlarından erməni qanı axması ilə fəxr edən baş diplomatını da nəhayət, konstruktiv davranmağa vadar etdi. Lavrov da anlayır ki, Azərbaycan ədalətli mövqeyindən dönən deyil, Rusiya hərbi kontingentinin gözləri qarşısında Qarabağdakı 15-20 minlik işğalçı ordu və onun tör-töküntülərini tərksilah etdisə, ağ bayraq qaldırmağa vadar etdisə, bu bölgədə at oynadan separatçı liderləri qandallayıb Bakıda həbsxanaya atdısa, demək Azərbaycan dövlətinin, onun liderinin mövqeyi ilə hesablaşmaq lazımdır. O da istisna deyil ki, Rusiya XİN rəhbəri həm də Qarabağdakı sülhməramlılarla bağlı finiş xəttinin yaxınlaşdığını unutmadığı üçün çox korrekt davranır, Bakını qıcıqlandırmaq istəmir. Amma eyni zamanda Qərbin oyuncağına çevrilmiş Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanı hövsələdən çıxaracaq addımlar atmır, elan etdiyi prinsiplərə uyğun siyasət yürüdür, Qoşulmama Hərəkatının üzvü olaraq müstəqil şəkildə addımlarını müəyyənləşdirir və atır, kimsədən icazə almadan. Ermənistan isə bir əlində azı 4 qarpız tutmaq istəyir – KTMT, Avrasiya İqtisadi Birliyi, NATO, Avropa İttifaqı adında...Heç birindən də əl çəkmir. Rusiya rəhbərliyi də haqlı olaraq sual edir ki, sən 2049-cu ilədək mənimlə hərbi əməkdaşlıq haqqında müqavilə imzaladığın, KTMT-də, AİB-də təmsilçiliyini davam etdirdiyin halda, hansı ixtiyarla Qərbin qucağına hoppanırsan?! Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin Paşinyana sataşması həm də buradan qaynaqlanır. Özü də diqqət edin, Lavrov Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvlərini 138-dən 209 nəfərə artırdığını rəsmən təsdiqləməsindən sonra İrəvana növbəti dəfə xəbərdarlıq etdi.  

7AOQ7EU2GJIX7M3CKNI7JLZQWI.jpg (3.03 MB)

Lavrov qeyd etdi ki, son günlər Ermənistan və Azərbaycan liderləri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq mövzusuna toxunublar. Baş nazir Paşinyan Ermənistanın qəti şəkildə Zəngəzur dəhlizinin əleyhinə olduğunu deyib. Lavrov bildirib ki, Rusiya Federasiyası, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin əldə etdiyi razılaşmalar çərçivəsində Zəngəzur dəhlizi heç vaxt müzakirə olunmayıb. Amma 2021-ci ildə Ermənistan, Rusiya Federasiyası və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılıb ki, bütün əlaqələr və marşrutlar blokdan çıxarıldıqda, ərazisindən hər hansı bağlanmayan marşrutun keçdiyi ölkələr öz ərazisində bu marşrutlar üzərində suverenlik və yurisdiksiyanı tam saxlayır. Həmçinin 2023-cü ilin iyununda baş nazirin müavinləri səviyyəsində onlar ilk növbədə dəmir yolu ilə bu cür əlaqəni bərpa etmək barədə razılığa gəliblər və bu barədə razılıq əldə olunub, bunu prezident Putin KTMT sammiti çərçivəsində, İrəvanda Paşinyanla ayrı-ayrılıqda səfərdə olarkən müzakirə edib. Lavrov əlavə edib: “Çox yaxşı xatırlayıram ki, çox müsbət qarşılandı, amma sonra hər şey harasa getdi. Təbii ki, biz başa düşürük ki, əldə olunmuş razılaşmalardan belə geri çəkilmələr qeyri-adi deyil və mən bilmirəm ki, bu razılaşmaların kağız üzərində tamamlanmasına nə mane olub. Azərbaycanla Naxçıvan arasında trafikin açılması prinsiplərindən xəbərim yoxdur. Biz ancaq yaxşı bilirik ki, Qərb dostlarının yaxşı məsləhətləri Cənubi Qafqazda həmişə mövcuddur və bu məsləhət bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir. Amma Qərb şuralarının həmişə region ölkələri arasında öz maraqları tarazlığı əsasında razılaşmalar tapmağa deyil, onların geosiyasi məqsədlərini irəli sürməyə yönəldiyi də hamıya məlumdur və mən əminəm ki, bunun heç bir əsası yoxdur”. Rusiya XİN başçısı diplomatik dillə qan qardaşlarına anlatmağa çalışıb ki, Qərb sizi uçurumun başına aparır, Rusiya azca təkan versə, dərənin dibinə yuvarlanacaqsınız.

Prezident İlham Əliyevin mövqeyi qətidir: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir!” Əks təqdirdə, “Ermənistan əbədi dalan kimi qalacaq”. Və sitat: “Dediyim marşrut (Zəngəzur dəhlizi – E.P.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”.

Bu, həm də Rusiya üçün “mövqeyini bildir”, mesajı idi. Realıq budur ki, Zəngəzur dəhlizi Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Paşinyan guya “konstruktiv” görünməyə cəhd edərək, “Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini İran vasitəsilə olduğu kimi təmin etməyə hazırdır”, demişdi.

Nikolun Zəngəzur dəhlizindən “İran yolu”na bənzər şəkildə istifadəyə razılaşdığını deməsi heç Lavrovu da qane etməyib. “Cənab Paşinyanın Ermənistan ərazisindən tranzit üçün eyni şərtləri (Azərbaycandan Naxçıvana İran ərazisindən keçməklə tranzit üçün istifadə olunacaq şərtlər nəzərdə tutulur) istədiyi barədə dediklərində heç bir məntiq görmürəm. Açığını desəm, bu marşrutları müqayisə etmək çətin ki, yersizdir” – deyib Rusiyanın baş diplomatı.

64e5ad15d826b64e5ad15d826c169277.jpg (178 KB)

Təbii ki, Rusiya üçün Azərbaycanın maraqları öndə deyil, özümüzü aldatmamalıyıq. Lavrov anlayır ki, Paşinyan İran nümunəsini ortaya atmaqla təkcə gömrük yoxlaması, maneəsiz gediş-gəlişə imkan verilməməsini nəzərdə tutmur, həm də İran və Azərbaycan arasındakı anlaşmaya uyğun olaraq yüklərin, sərnişinlərin İranın rəsmi qurumları tərəfindən yoxlanışı həyata keçiriləcəyi kimi, Ermənistanın da bu mandata sahib olmasını istəyir. Yəni Paşinyanın ötən ilin sonunda elan etdiyi şəkildə, Zəngəzurdan keçən yüklərin təhlükəsizliyinin Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yoxlanılması arzusu...Bu halda 10 noyabr 2020-ci il Bəyannaməsinin 9-cu bəndi kənara atılmış olur. Həmin bəndi xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Beləliklə, Paşinyan Rusiya sərhəd xidmətini neytrallaşdırmaqla yeri Avropa İttifaqının “müşahidə missiyası”na vermək istəyir, Lavrovun sərt reaksiyası həm də buradan qaynaqlanır. Ermənistan hökuməti ağlını başına yığmasa, növbəti “dərs”ini ala bilər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024