Onlayn ictimai-siyasi qəzet
(geopolitik fikirlər)
Ölkəmizdə ədalətin təntənəsi istiqamətində islahatlar davam edir. Misal üçün, AXCP sədri Əli Kərimliyə növbəti dəfə xarici pasport vermədilər. Hökumət onun sağlamlığının qayğısına qalır. Axı Əli bəyə pasport verilsə, o, xaricə çıxar, xaricdə isə hamımıza məlumdur ki, koronavirus tüğyan edir.
Başqa bir önəmli fakt nədənsə cəmiyyətin diqqətindən yayındı, halbuki bunun üzərində dayanmaq lazım idi. Keçən həftənin əvvəlində Nazirlər Kabineti müsadirə edilmiş narkotik maddələrin məhv edilməsi qaydasına dəyişiklik etdi. Artıq həmin narkotiklərdən Ədliyyə Nazirliyinə məxsus itlərin narkotik axtarma təlimlərində istifadə eləmək mümkün olacaqdır. Buna qədər mümkün deyilmiş.
Fövqəladə hadisədir. Hələ dünyanın heç bir dövlətində bu cür ədliyyə görünməmişdir. Şəxsən mən kövrək şəkildə ağlayıram. Bu qədər ədalət bizə çox deyildirmi? İnsaf edin. İnsaf sözünü yazdım, şairdən bir bənd şeir yadıma düşdü: “Ey şəhər müftisi, səndən pərgarıq, Bunca sərxoşluqla səndən huşyarıq. Biz şərab içirik, sən xalq qanını, İnsaf et, hansımız daha qəddarıq?” Həqiqətən, keçmiş zamanlarda müftilər xalqın qanını içirdilər. Dua eləmək lazımdır ki, o qanunsuz zamanlarda doğulmamışıq. Kiminin əvvəli, kiminin axırı...
Sözgəlişi, bu haqda maraqlı anekdot var, bir nəfərin qarmağına sehrli qızıl balıq keçir, balıq deyir məni azad elə, arzunu yerinə yetirim. Adam deyir: “Şahzadə olmaq istəyirəm”. Balıq deyir baş üstə. Adam gözünü yumur, açır, görür yataqda uzanıb, qulluqçu bunu silkələyir: “Əlahəzrət Ferdinand, qalxın! Sarayevoya getmək vaxtıdır!”
Müftilərdən söz düşmüşkən, İrandan xoş xəbər almışıq, orada zənənlərin kəkilini açmağına qadağa artıq yoxdur. Hicab örtməyəni orada tutub döyür, bəzən zənən zəif olanda hətta öldürürdülər. İndi isə deyəsən, öldürməyə hələlik veto qoyulub, Məsud ağa tərəfindən. Lakin Xomeyni ağanın tərəfdarları bununla razılaşmır, qadınlar başı açıq gəzməyə başlasa, İran dövlətinin kökündən sarsılacağını bəyan edirlər. Söhbətin axırı necə olacaq, bilinmir. İnşallah, qonşu və qardaş ölkəmizdə bu yaylıq mövzusuna görə yenidən ixtilaf yaranmasın.
Belə mövzular sabitliyə problem yaradır. Məsələn, qardaş Türkiyədə də bir vaxtlar tərsinə problem var idi, orada başını örtəni tutub döyürdülər. Sonra hökumət dəyişdi, baş örtməyə icazə verildi. İndi Türkiyədə problem müəyyən dərəcədə aşağı düşüb - hazırda gödək don geyinənlərə hücum edirlər. Nə etmək olar, bütün şərq-müsəlman ərazilərində zənənlərin geyim-kecimi 1500 illik dövlətçilik problemidir. Bunun ortaq həllini tapa bilsələr, insan balası kimi yaşamağa başlayacaqlar.
Mən sizə deyim, bu bölgələrdə sonsuz savaşların, axan qanın da səbəbi zənənləri necə geyindirməklə bağlıdır. Üzdən başqa cür, hansısa siyasi, iqtisadi, etnik, torpaq və sairə problemi kimi görünməyinə baxmayın. Hamısının əsasında don və yaylıq durur.
Təsadüfi deyil ki, bu tema bizim gözəl xalq mahnılarımızdan birində elmi şəkildə izah olunmuşdur. Yadınıza salın, duet şəklində oxunur. Öncə qız başlayır: “Anamdan bir yaylıq aldım, Heç bilmirəm harda saldım, Səndədirsə ver yaylığı, Gözəl oğlan, Yaylıq salar ayrılığı”.
Çox geopolitik mahnıdır. Yaylıq harada, kimin bölgəsində düşüb, niyə geri qaytarılmır, ayrılıq haradan başlanır - bütün bu suallar Şərqdə aktualdır. Elə oğlanın yayındırıcı, bəhanəli cavabı da münaqişə alovunu yatırmaq yerinə, alovlandırır: “Kim deyir yaylıq məndədir, Bəlkə düşüb çəməndədir” və sairə. Hələ arada “yaylığını tanı, ay qız” deyərək psixoloji-etnoqrafik tənə edir. Ən dəhşətlisi isə axırda davaya əlavə, müttəfiq qüvvələr cəlb olunur: “Gəlməsə yaylıq qarşıma, Xəbər verrəm qardaşıma”.
Sözü ona gətirirəm ki, ədliyyə sistemində islahatların davam etməsi bizi çox sevindirir.
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ