Onlayn ictimai-siyasi qəzet
Uşaq vaxtı, yəni yayda maykalı gəzən dövrümüzdə bir dəfə fikir verdim ki, tay-tuşlarımın hamısının sol çyinindən bir qarış aşağıda nəsə bir çapıq var, damğaya da oxşayır, şüşə kəsiyinin yerinə də.
Böyüklərdən soruşdum, dedilər, bu, peyvəndin izidir, lap körpə vaxtı qızılcaya qarşı vururlar, siz yekəldikcə, onun yeri də yekəlir.
“Peyvənd” kəlməsi ilə ilk tanışlığımız belə başlandı. Ancaq onunla bitib getmədi, vaxtaşırı kəndin xəstəxanasından tibb bacıları gəlir, bizə müxtəlif xəstəliklərə qarşı peyvənd vurub gedirdilər. Yayınmaq, peyvəndləmə kampaniyasından boyun qaçırmaq mümkün deyildi. Buna imkan da vardı, doğma bibim tibb bacısıydı və bizi çox istəyirdi, əgər bu lazımlı bir şey olmasa, vurmazdı.
Ancaq nə o, belə bir şey edirdi, nə də ona “bizim uşağa peyvənd vurma, vurmuş kimi yaz, getsin” deyən yox idi.
Ümumiyyətlə, o vaxtın valideynləri çox məsuliyyətli idilər, özləri uşaq olanda epidemiyalar (malyariya, difteriya-filan) görmüşdülər deyə, sovet hökumətinin peyvəndləmə vasitəsilə epidemiyaların kökünü kəsməsindən məmnun idilər və heç ağıllarına da gəlmirdi ki, bu, Moskvanın məkrli siyasətidir, uşaqları peyvəndləyib qısırlaşdırırlar, gələcəkdə iqtidarsız olmalarına çalışırlar və s.
Allah tərəfi, Moskva da azman ölkənin ucqarlarındakı kənd-kəsəklərdə gənc nəslə qarşı məkrli siyasət yeritmirdi, əksinə, çalışırdı ki, ailələrdə azı 6, çoxu 10+ uşaq olsun, onlar yekəlsinlər, qızlar tarlalarda işləsinlər, oğlanlar əsgərliyə gedərək dünyanın ən böyük ordusunun hərbi hissələrinin kazarmalarını doldursunlar, tikinti batalyonlarında sovet zəhmətkeşləri üçün mikrorayon tiksinlər, hərbi xidmətdən sonra qalıb və bir yerli qız da alıb sovet dövlətinin demoqrafik siyasətinə töhfə versinlər.
Əslində bu da bir növ məkrli siyasət idi, amma nəsil kəsməyi nəzərdə tutmurdu, əksinə, artırmağı hədəfləyirdi. Bu gün Polşa ilə sərhəddəki Köniqsberq (Kalininqrad) şəhərindən ta Yaponiyadan da bir balaca o tərəfdə olan Kuril adalarının Şekotan qəsəbəsinə qədər ucağı-bucağı bilinməyən Rusiyanın istənilən şəhərinə gedək, araşdırma aparaq, məlum olacaq ki, bu şəhərlərdə N qədər ötən əsrin 60-70-80-ci illərində “komsomol putyovkası”yla, ya da öz xətti ilə gəlib məskunlaşan azərbaycanlılar var. Həm də təkcə azərbaycanlılar yox, nə qədər desən, ukraynalı, moldovan, gürcü, erməni, qazax, qırğız, özbək, türkmən, tacik və başqaları.
SSRİ rəhbərliyi onları uşaq vaxtı peyvəndləyərək yekəldib və öz intəhasız ərazisini onlarla məskunlaşdırıb, hazırda onlardan tutulmuş döllərdən əmələ gələn züryətlərin sayı milyonlarla ölçülür və hamısı... rusdur. İçində tək-tək gənc və ya yeniyetmə olar ki, “mənim babam filan millətdəndir” desin – ermənilər xaric.
Dediyim odur ki, sovet dövləti bu peyvənd işinə ona görə ciddi fikir verirdi ki, gələcək nəsillər sağlam olsunlar, qısır olmasınlar.
Namxuda, uşaq vaxtı sol çiyninin endirməsində çapıq gördüyüm adamların içində qısır olanı yoxdur, hamısının 2-3 uşağı, 5-6 nəvəsi var. Şair demişkən, özləri də düşməyiblər ruhdan hələ.
Yəni o vaxtın peyvəndləri o dövrün uşaq və yeniyetmələrinə pis təsir etmədi.
İndi isə vəziyyət dəyişib, baş çönüb. Məktəb yaşlı uşaqların valideynləri düşünürlər ki, bu peyvənd masonların işidir, Amerikanın oyunudur və məqsəd bizim kimi xalqların kökünü təbii yolla kəsməkdir – qısırlaşdıraraq.
Bu fikir ilk dəfə kimin ağlına gəlib, kimlər onu dövriyyəyə buraxıb, tirajlayıb, dilə-ağıza salıb, bilinmir, amma “məkrli iş” məhz budur. Xalqın qəsdinə durmaq belə olur. Peyvənd dozası almamaq üzündən epidemiya başını alıb gedəndə, minlərlə uşağı yataq xəstəsi edəndə (başqa pis nəticələri yazmağa əlim gəlmir), hamının ağlı başına gələcək.
2-3 il qabaq koronavirus pandemiyası zamanı da belə söhbətlər vardı, nə qədər adam qısır və ya iqtidarsız olacağının qorxusundan vaksin vurdurmadı. Bir xeyli adamın bəxti gətirdi, yoluxmadılar və ya yüngül adlatdılar, bəziləri isə sırf vaksin vurdurmadıqlarına görə öldülər. 60-65 yaşlı kişilər vardı, deyirdilər, yox e, əmoğlu, deyirlər, kişiliyə pis təsir edir. Sanki əllərində perspektiv planları vardı, bu yaşdan sonra “komsomol putyovkası” ilə BAM tikməyə gedəcəklər, orada üzüqara qala bilərlər.
Beləcə, köhnə cahillik davam edir və bu millətə nə zaval gəlsə, məhz o cahillik üzündən gələcək.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ