Onlayn ictimai-siyasi qəzet
Bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçirilir. Seçkilər yerli vaxtla saat 8:00-da başlayıb, axşam saat 18:00-dək davam edəcək. Ancaq elan olunub ki, əgər lazım gələrsə, səsvermə vaxtı uzadılacaq. 1-ci turda səsvermə gecə saat 24:00-dək uzadıldı.
Qeyd edək ki, seçki prosesi 1-ci turla müqayisədə hərəkətli başlayıb, artıq səhər saatlarından seçki məntəqələrində kütləvilik müşahidə olunur. Belə görünür ki, hər iki tərəf səsverməyə daha çox insan cəlb etməyə çalışıb. Ümumiyyətlə, iyunun 28-dən sonra 1 həftəlik ikinci tur kampaniyası xeyli dinamik keçib. Namizədlər arasında iki dəfə mərkəzi televiziyada debat baş tutub, həmçinin hər iki namizəd ölkənin həssas bölgələrində görüşlər keçirib. Məsud Pezeşkian Kürdüstan vilayətində, Səid Cəlili isə son görüşünü azərbaycanlıların yaşadığı Zəncanda keçirib.
Seçkilərin 1-ci turunun nəticələrinə əsasən, “islahatçı” Pezeşkian əsasən etnik qeyri-fars bölgələrində irəlidə olub. Məsud Pezeşkian Şərqi, Qərbi Azərbaycan vilayətləri və Ərdəbildə 75 faizdən çox səs alıb. Həmçinin etnik bəlucların yaşadığı Sistan və Bəlucistan, Kürdüstan, İlam, Kirmanşah (son 3 əyalət kürdlərin çoxluq olduğu yerdir) əyalətlərində Pezeşkian 60 faizdən çox səs alıb. Zəncan, Gilan və Gülüstan əyalətlərində isə “islahatçı” namizədin səsi 50 faizdən çox olub.
Səid Cəlili isə mərkəzi və fars əyalətlərində və böyük şəhərlərdə, eləcə də dindarlığın yüksək olduğu regionlarda irəlidə olub. Bu səbəbdən də ikinci turun kampaniyasında etnik regionlar daha çox diqqət mərkəzində olub. Bu, İran üçün yeni siyasi situasiyadır və belə görünür ki, gələcəkdə etnik amil daha çox hiss olunmağa başlayacaq.
Hələlik isə İranın ali dövlət hakimiyyəti seçkilərin daha fəal olması, əhalinin seçkiyə cəlb olunması hədəfinə belə görünür ki, yaxınlaşır. Səhər erkən saatlarda səs verən dini lider Ayətullah Əli Xamenei bildirib ki, əsas məqsəd seçkilərin daha fəal keçməsi və daha çox insanın iştirakıdır. O, 2-ci turda seçici fəallığının yüksək olacağına inandığını deyib.
Belə görünür ki, ali dini hakimiyyət 1-ci turda olduğu kimi, seçici fəallığı mövzusuna daha çox diqqət yetirir.
Qeyd edək ki, birinci tutun nəticələrinə əsasən, “islahat” qanadını təmsil edən yeganə namizəd, azərbaycanlı Məsud Pezeşkian 10,5 milyon səs alıb. Bu, 40 faizdən bir qədər çox edir. Digər 3 namizəd “mühafizəkar” qanadı təmsil edib. Səid Cəlili 9,5 milyon, Məhəmməd Baqir Qalibaf 3,3 milyon, Mustafa Purməhəmmədi isə 206 min səs alıb. Ümumi hesablamaya əsasən, mühafizəkarların səsi 13 milyona yaxındır. Əgər 2-ci turda mühafizəkarların bütün səsləri Cəliliyə gedərsə, bu, 13 milyon səs deməkdir. Bu mənada Cəlilinin 2-ci turda riyazi üstünlüyü var.
Lakin “islahatçıların” 2-ci turda daha çox insanı seçkiyə cəlb etməsi Pezeşkianın səslərini artıra bilər. Mümkündür ki, mühafizəkarların qələbəsini istəməyən rejim müxalifləri, boykot çağırışı edən monarxistlər və digərləri seçkiyə getsin. Bu zaman nəticələr daha fərqli olar. 1-ci turda 40 faizdən bir qədər çox insanın iştirak etdiyini nəzərə alsaq, bu ehtimal o qədər də zəif deyil.
Bütün bunlar İrandakı növbədənkənar prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı proqnoz verməyi çətinləşdirir. Qeyd etdiyim kimi, hər iki namizədin üstün və zəif cəhətləri var və bu, seçki kampaniyası zamanı, teledebatlarda xüsusi olaraq özünü göstərdi. Seçkilərlə bağlı hələlik onu demək olar ki, İran hakimiyyəti bu seçkilərdə ölkə daxilindəki siyasi fəallığı artırmaq üçün lazım olan bütün imkanlardan istifadə etdi və ciddi bir nəticə də oldu. Bu günün sonunda isə qutudan kimin çıxacağı necə deyərlər, sonrakı məsələdir.
29 Oktyabr 2024
21 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
07 Oktyabr 2024
04 Oktyabr 2024
20:23 İsrail-İran gərginliyi zirvədə: İsrail İranı gözlənilməz cavabla hədələyir, İran meydan oxuyur
30 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
27 Iyul 2024
17 Iyul 2024
05 Iyul 2024
27 Iyun 2024
16 Iyun 2024
27 Mart 2024
29 Sentyabr 2023
ŞƏRHLƏRŞƏRH YAZ