Onlayn ictimai-siyasi qəzet
Aprelin 12-də Omanda ABŞ-İran nüvə danışıqları başlayacaq.
Danışıqlarda İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ı isə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi təmsilçisi Stiv Uitkoff təmsil edəcək.
Əlbəttə, ilk görüşdən hansısa sensasiyalı nəticənin olacağını gözləmək sadəlövhlük olardı.
Üstəlik, danışıqlarla bağlı bəzi mübahisəli məqamlar hələ də qalır. Bunlardan birincisi danışıq formatıdır. ABŞ tərəfi prezident Tramp səviyyəsində elan edib ki, Oman danışıqları birbaşa olacaq. Yəni İran və ABŞ təmsilçiləri qarşı-qarşıya oturub müzakirələr aparacaq.
İran tərəfi isə bunu inkar edir, danışıqların vasitəli olacağını bildirir. Söhbət daha əvvəl olduğu kimi, ABŞ və İran təmsilçilərinin ayrı-ayrı otaqlarda əyləşməsi və vasitəçilərlə – güman ki, omanlı diplomatların – müzakirə aparmasından gedir.
Yeri gəlmişkən, bu ilin əvvəlində ABŞ-İran danışıqları məsələsi gündəmə gələndə İran tərəfi etiraf etmişdi ki, Omanda vasitəçilər formatında ABŞ-İran danışıqları aparılır.
İkinci - hələ də açıq qalan məsələ danışıqların mövzusudur. İran tərəfi bildirir ki, danışıqların yeganə mövzusu İranın nüvə fəaliyyətləri və ABŞ-ın İrana qarşı sanksiyaları olacaq. Bunu ən son olaraq Əraqçi Əlcəzairdə səsləndirib.
Lakin amerikalılar israr edir ki, danışıqlarda təkcə nüvə məsələsi deyil, daha əvvəl prezident Trampın açıqladığı kimi, İranın ballistik raket proqramı və Yaxın Şərqdə “müqavimət oxu” adlandırdığı silahlı qruplara dəstəyi məsələsi də müzakirə olunacaq. İran tərəfi isə raket proqramı və “müqavimət oxuna” dəstəyin müzakirə mövzusu olmayacağını bildirir.
ABŞ tərəfi danışıqlara Trampın “ənənəvi” metodu ilə hazırlaşıb. ABŞ ordusu İran ətrafına - Yaxın Şərq və Hind okeanı hövzəsinə əlavə gəmilər, o cümlədən, təyyarədaşıyan gəmilər və U-2 strateji bombardmançı təyyarələri yerləşdirib. ABŞ müdafiə naziri Pit Heqset deyib ki, bölgəyə yerləşdirilən hərbi təyyarələrin istifadəsi İranın danışıqlardakı tutumundan asılı olacaq. Yəni dolayısı ilə danışıqlar uğursuz olacağı halda İrana zərbələrin aktual olacağına işarə edib.
İran isə öz növbəsində ABŞ-la danışıqların uğurlu olmasının etimadla bağlı olduğunu deyir. Rəsmi Tehran Donald Trampın 2018-ci ildə prezident olduğu dövrdə İranla “altılıq” ölkələri (ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya) arasında imzalanmış və BMT TŞ tərəfindən təsdiqlənmiş nüvə sazişindən çıxdığını əsas gətirərək ABŞ-ın danışıq və öhdəliklərə sadiq olması şərtini irəli sürür. Həm ali dini lider Ayətullah Əli Xamenei, həm də prezident Məsud Pezeşkian bildirib ki, İran şərəfli bir razılaşma istəyir. ABŞ-ın təhdid və təzyiq siyasətini qəbul etməyəcək.
Qeyd edək ki, bir sıra iranlı və bölgə ekspertləri Oman danışıqlarının müsbət nəticə verməsi ehtimalının az olmadığını düşünür. Çünki bir çoxlarına görə, ABŞ prezidenti Donald Tramp İsrail hakimiyyətinin bütün təzyiqlərinə rəğmən, İranla hərbi münaqişəyə girmək istəmir. Çünki bu halda dünya bazarında neft qiymətlərinin kəskin bahalaşması baş verə bilər ki, bu da Trampın planlarına ziddir. İkinci tərəfdən müharibə bölgədə yeni xaos və fəlakətə səbəb ola bilər, nəhayət, Vaşinqton üçün ağır hərbi xərclər və itkilərə səbəb ola bilər.
İranın isə son illərdə kəskin şəkildə artan sosial-iqtisadi böhrandan çıxmaq üçün sanksiyaların yüngülləşməsinə ehtiyacı var. Sanksiyalar yüngülləşərsə, Tehran yenidən enerji bazarına qayıdar, neft hasilatını artıra bilər. Bu da İranda sosial-iqtisadi böhranın zəifləməsinə səbəb ola bilər.
Digər tərəfdən, İranda mühafizəkar qanad, xüsusən də hərbi elita – SEPAH – dini liderə nüvə silahı yaratmaqla bağlı icazə verməsi üçün təzyiqi artırır. ABŞ-la danışıqların nəticəsiz olması və hərbi eskalasiya İran mühafizəkarlarının mövqelərini gücləndirəcək. Bu səbəbdən də hazırda islahat qanadı və eləcə də mötədil xətt tərəfdarları nüvə danışıqlarının baş tutmasına çalışır. Təbii ki, bu məsələdə Vaşinqtonun hərəkətləri həlledici olacaq.
Xarici faktor kimi İran-ABŞ danışıqlarında İsrail və Rusiyanın mövqeyindən asılı olacaq. Məsələ ondadır ki, Tehran-Vaşinqton danışıqlarında açıq görünməsə də, Moskvanın ciddi təsiri var. Rusiya rəhbərliyi Trampla həm də Yaxın Şərq siyasətində anlaşmalıdır. Burada isə əsas “qırılma nöqtəsi” İrandır. Bu mənada Rusiya çox aşkar şəkildə olmasa da, ABŞ-İran danışıqlarında əsas vasitəçilərdən biridir.
İsrail isə Trampa İrana qarşı daha sərt addımlar atması üçün təzyiq edir. Oman danışıqları ilə bağlı ilkin razılaşma onu göstərir ki, ABŞ rəhbərliyi indiki mərhələdə Netanyahunun İranla bağlı mövqeyini bölüşmür. Lakin bu, İsrail baş nazirinin Tramp üzərindəki təsirinin azaldığı mənasına gəlmir. İsrail rəhbərliyi bütün imkanları ilə danışıqların uğursuz olması və ABŞ-ın İrana qarşı gücdən istifadəsinə çalışır. Lakin Trampın İranla bağlı mövqeyi və eləcə də İsrail daxilindəki siyasi gərginlik “hələlik” Oman danışıqlarının baş tutması ehtimalını yüksəldir.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ