Onlayn ictimai-siyasi qəzet
Hazırda hərbi qarşıdurma ərəfəsində olan İran və İsraildə medianın əsas mövzusu mümkün qarşıdurma, həmçinin Yaxın Şərqdə davam edən müharibədir.
İsrail mediasının gündəm mövzusu İran casuslarıdır. Mediada yer alan başlıqlarda qeyd olunur ki, İsrail əks-kəşfiyyatı və polis İrana məxfi məlumatları ötürməkdə ittiham olunan 7 İsrail vətəndaşını həbs edib.
“Timesofisrael”, “The Yerusalem Post”, “Haaretz” əsas media orqanları yazır ki, saxlanılan şəxslər əsasən İsrailin həssas hərbi obyektləri və ordu ilə bağlı 600-dən çox məlumatı İran kəşfiyyatına ötürüblər. İran ordusu bu məlumatlar əsasında İsraildə hədəflər müəyyən edib.
İsrail mediasının digər bir əsas xəbəri isə ABŞ-ın İsrailin İranda vurmağa hazırlaşdığı hədəflərlə bağlı məlumatları İran hakimiyyətinə ötürməsi ilə bağlıdır.
Qərb mediasının məlumatına əsasən, Vaşinqton məlum məlumatları sızdıranları ifşa etmək üçün istintaq başladıb. Lakin İsrail mediasındakı yazılar Vaşinqtondan ötürülən məlumatların əsas bir mənada məqsədli şəkildə, İsrailin İrana endirəcəyi zərbənin təsirini azaltmağa hesablanmış addım kimi təqdim edir. Bundan başqa, Türkiyə hakimiyyətini və BMT rəhbərliyini hədəfə alan yazılar da “gözə batır”.
İran mediasında isə diqqətlər daha çox Livan və Qəzzadakı döyüşlərə, “müqavimət qüvvələrinin” İsrail ordusuna hücumlarına yönəlib. Həmçinin İsrailə atılan raketlərə yer verilib. SEPAH-a yaxın “Tasnim” agentliyi Hizbullahın İsraili raket atəşinə tutmasını baş xəbər olaraq verir, eyni zamanda prezident Məsud Pezeşkianın Rusiyaya, xarici işlər naziri Abbas Əraqçinin isə körfəz ölkələrinə səfərinə yer ayırıb.
Ulrtamühafizəkarlara yaxın “Keyhan” qəzetinin baş yazısı daxili sosial-iqtisadi mövzulara həsr olunsa da, ön səhifədə İsrail haqqında yazılara xüsusi yer ayrılıb. Daha bir mühafizəkar sayt “Mehr” agentliyi isə baş yazısını İranın bitməyən problemi olan adalar mövzusuna həsr edib.
İran və İsrail mediasındakı yazılardan belə görünür ki, ən azı bu gün İsrailin İrana zərbə endirəcəyi ehtimalı azdır. Çünki israillilər Vaşinqtonun vurulacaq nöqtələri İrana sızdırmağından danışırlar. İranlılar isə bu məlumatdan sonra sanki bir az rahatlamış kimi görünür. Lakin ümumi mənzərə iki ölkənin müharibə vəziyyətində olduğunu göstərir. Hər iki ölkə mediasının əksər yazıları Yaxın Şərq müharibəsinə həsr olunub.
Kənan Rövşənoğlu,
xüsusi olaraq Musavat.com üçün
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ