İnsanlara hürriyət, millətlərə istiqlal!

Gizli gündəm: şiə qrupları silahı niyə yerə qoyur? ABŞ-İran qarşıdurmasında yeni mərhələ

İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qrup ABŞ-ın “hücum siyasətindən imtina etməsini və diplomatik kanalların açıq saxlanılması” şərti ilə silahlarını yerə qoymağa hazır olduqlarını bəyan edib.

Bu barədə “Reuters” agentliyinin hazırladığı eksklüziv xəbərdə deyilir. Qeyd olunur ki, bu qərarın əsas səbəbi ABŞ-la gərginliyin yeni silahlı toqquşmaya çevrilməsinin qarşısını almaqdır.

Həmçinin Qərb mediası bu addımı ABŞ-ın Yaxın Şərqdə, xüsusilə İraq ərazisində artan hərbi mövcudluğu və İranla ehtimal olunan qarşıdurma fonunda strateji dəyişiklik kimi qiymətləndirir.

İRAN SON.jpg (146 KB)

Qeyd edək ki, xəbərdə 4 iri silahlı qrupun adı keçir. Bunlar: Kətaib Hizbullah, Kətaib Seyyid əş-Şühəda, Nucəba və Ənsarullah əl-Əvfiyə olaraq qeyd olunur. Agentliyin xəbərinə görə, bu qruplaşmaların liderləri ilə baş nazir Sudani arasında ilkin razılaşma əldə olunub.

Məsələ ondadır ki, son günlərdə ABŞ-ın İrana hava zərbələri endirəcəyi ilə bağlı xəbərlər intensivləşib. Paralel olaraq Yəməni də bombalamağa davam edən Vaşinqton son aylarda Bağdada İrana yaxın silahlı qrupları buraxmaqla bağlı təzyiq edir. Hətta ABŞ bu qruplara qarşı hərbi əməliyyat başladacağı ilə bağlı xəbərdarlıq edir.

Məlum olduğu kimi, ABŞ-ın İranla nüvə danışıqlarında 3 əsas şərti var. Birincisi, nüvə fəaliyyətlərinin beynəlxalq, effektiv nəzarətə açıq olması, Tehranın nüvə silahı əldə etməməsi ilə bağlı təminat verməsi. İkincisi, Tehranın ballistik raket proqramını dayandırması, başqa sözlə, İsrail üçün təhlükə yaradan orta və uzaq mənzilli raket istehsalını dayandırması və nəhayət, üçüncüsü, Tehranın Yaxın Şərqdə “müqavimət oxu” adlandırdığı silahlı qruplara (Qərbdə proxy qruplar adlandırılır – K.R.) dəstəyi dayandırması.

Bilindiyi kimi, son Qəzza müharibəsi və Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra İranın Yaxın Şərqdə “müqavimət oxu” ciddi zərbə alıb. Livanda Hizbullahın liderləri öldürülüb, təşkilat hazırda həm İsrail, həm də Livan hökuməti tərəfindən təzyiq altındadır. Həmas isə Qəzzada zəiflədilib, liderlərini itirib və faktiki olaraq mühasirədədir. Suriya isə tamamən itirilib. Hazırda İranın bölgədə iki əsas müttəfiq silahlı qrupu var: Husilər (Yəmən) və İraq şiə silahlı qrupları.

HEMAS SON.jpg (69 KB)

Həm husilər, həm də İraq silahlı qrupları Qəzza müharibəsi zamanı Həmasa dəstək verib, hər iki qrup İsrail ərazisini raket atəşinə tutub. Buna görə də ABŞ hərbi qüvvələri həm husiləri, həm də İraq şiə silahlı qruplarını vaxtaşırı olaraq bombalayıb. Vaşinqton hələ ötən ildən Bağdada təzyiq edərək şiə silahlı qrupları, o cümlədən onların birləşdiyi “Həşd Şabi” könüllü səfərbərlik ordusunun statusunu ləğv etməyə və bu qrupu buraxmağa nail olmağa çalışdı. Ancaq həm İraq ictimaiyyəti, həm də ölkədə ciddi nüfuza malik Nəcəf şiə üləması bəyanat yayaraq “Həşd Şabiyə” dəstək verdikdən sonra Bağdad geri çəkildi.

Ancaq indi situasiya dəyişib. Çünki, birincisi, artıq Qəzza müharibəsinə dəstək vermək mümkün deyil, üstəlik Suriyada hakimiyyət dəyişdikdən sonra İraq silahlı qruplarının Yaxın Şərq münaqişəsinə çıxışı məhdudlaşıb. Üstəlik, Suriya ilə sərhəd gərginliyi, İŞİD-in yenidən fəallaşması ehtimalı və nəhayət, İraq hökumətinə xarici təzyiq görünür ki, şiə silahlı qrupları üçün siqnal olub. Belə görünür ki, Bağdad ABŞ-la qarşıdurmaya getməmək üçün “Həşd Şabi” olmasa da, İrana yaxın hesab edilən qrupları tərk-silah etməyə çalışır.

İraqda İrana bağlı silahlı qruplar nə qədərdir? Bunlar kimlərdir və hansı təşkilatlarda birləşib? Qeyd edək ki, İranın İraqda aktiv hərbi-siyasi fəaliyyəti 2003-cü ildə Səddam Hüseynin amerikalılar tərəfindən devrilməsindən sonra başlayıb. Doğrudur, İran-İraq müharibəsi illərində İraqda Səddam rejiminin təzyiqləri nəticəsində bir çox nüfuzlu din xadimi və siyasətçi ölkəni tərk edərək İrana köçmüşdü. Bunların arasında ən nüfuzlu olanı Həkim ailəsi və onun ali təmsilçisi Ayətullah Baqir əl-Həkim idi. Həkim ailəsinin tərəfdarları hələ İraq amerikalılar tərəfindən işğal edilməmişdən əvvəl “Bədr ordusu” adlı silahlı qrup yaradıb. Daha sonra bu qrup İraqda fəaliyyətə başlayıb. 2003-cü ildə Baqir Həkim terror nəticəsində dünyasını dəyişdikdən sonra onun yerini qardaşı Əbdüləziz Həkim, onu isə hazırda Əmmar əl-Həkim əvəz edir.

AMMAR.jpg (68 KB)

Ümumiyyətlə, 2004 və 2006-cı illərdə İraqda vətəndaş müharibəsi zamanı iki əsas şiə silahlı qrupu fəaliyyət göstərib. Həkim ailəsinin “Bədr milisləri” və Sədr ailəsinin “Mehdi ordusu”. O dövrdə hər iki qrup İrana yaxın hesab olunurdu. İlk dövrlərdə İrandan Sepah Qüds qüvvələrinin xüsusi təlimatçıları Qızıl Aypara Cəmiyyətinin bayrağı altında İraqa gedir və şiə silahlı qrupların formalaşmasına dəstək verirdi.

Bu dövrdən başlayaraq İraq, İranın Yaxın Şərqə açılan “qapısı” və “müqavimət oxunun” əsas hissəsi olmağa başladı. Vətəndaş müharibələri bitdikdən sonra Müqtəda əs-Sədr siyasi fəaliyyəti və İraq dövlət hərbi qüvvələrinin yaradıldığını əsas gətirərək “Mehdi ordusunu” buraxsa da, “Bədr milisləri” qaldı və 2014-cü ildə “Bədr milisləri” və ya “Bədr ordusu” İŞİD-ə qarşı koalisiyanın əsas qüvvəsinə çevrildi.

Bu dövrdə həm yeni silahlı qruplar ortaya çıxdı, İraqda yeni ordu – “Həşd Şabi” yarandı. 2014-cü il iyunun 10-da İŞİD İraqın Mosul şəhərini ələ keçirdikdən sonra Bağdad və Nəcəf-Kərbəla istiqamətində hərəkət etməyə başladı. İŞİD-in ilk qüvvələri artıq Bağdadın 150 kilometrliyinə çatanda məlum oldu ki, İraq ordusu və polisi müqavimət göstərə bilmir. Həmin vaxt Nəcəfdə oturan Ayətullah Əli Sistani fətva verərək əli silah tutan iraqlıların bir qisminin könüllü orduya qatılması çağırış etdi. 3 gün ərzində 100 mindən çox insan orduya müraciət etdi. Tezliklə İraqda Xalq Səfərbərlik Qüvvələri, yəni “Həşd Şabi” yarandı. Və bu zaman yeni silahlı qruplar ortaya çıxmağa başladı. O cümlədən, “Mehdi ordusunu” buraxmış Müqtəda əs-Sədr də yeni Sülh briqadaları – “Sərayə əs-Salam”ı yaratdı.

“Həşd Şabi”nin ehtimal olunan silahlı üzvlərinin sayı 135 min nəfərə çatırdı. Bunların içərisində İrana yaxınlığı ilə tanınan “Kətaib Hizbullah”, “Əsaib Əhli-Haq”, “Ən-Nücəba” – Hizbullah Hərəkatı, Liva Əbəlfəzl əl-Abbas, Liva Zülfiqar və Saraya əl-Xorasan və digər qruplar İrana yaxın və ya Sepahla əməkdaşlıq edən qruplar hesab olunurdu. Bu qrupların ən böyüyü Həkim ailəsinə məxsus “Bədr ordusu” idi. Təxminən 20 min silahlı əsgərinin olduğu Bədr ordusu “Həşd Şabi”nin özəyini təşkil edirdi. “Bədr ordusunun” komandanı Hadi əl-Amiri isə eyni zamanda Həşd Şabinin liderlərindən idi. 2016-cı ildə İraq parlamenti “Həşd Şabiyə” rəsmi ordu statusu verərək baş nazirə tabe olması barədə qanun qəbul etdi. Bununla da “Həşdi Şabi” dövlətdən maaş alan ikinci orduya çevrildi.

SABİ.jpg (84 KB)

Qəzza müharibəsində isə bu qruplar həm birbaşa İsrail ərazilərini hədəfə alır, həmçinin İraq və Suriya ərazisindəki ABŞ bazalarına raket və dron hücumları təşkil edirdi. Lakin belə görünür ki, Vaşinqton Yəmənlə yanaşı İraqdakı İrana yaxın qruplara qarşı hərbi əməliyyatlar planlaşdırır. Bu səbəbdən də Bağdad bu qrupları tərk-silah olmağa razı salıb.

Kənan Rövşənoğlu,
xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR