Onlayn ictimai-siyasi qəzet
Vladimir Putinin Slovakiya lideri Robert Fitso ilə görüşündə Rusiyanın Avropaya qarşı “aqressiv planları” barədə deyilənləri tamamilə cəfəngiyyat adlandırması və bu fikirlərin “heç bir əsasının olmadığını” deməsi bir xeyli real sözlərdir.
Gerçəkdən də Rusiyanın Avropaya qarşı aqressiv planları, bu ölkələri işğal niyyəti yoxdur. “Ola bilməz” de yazmaq olar, amma bu, Rusiyadır, hikkəli dövlətdir, prinsipcə, ola bilər.
Elə ona görə də avropalıların nəzəri aqressiyadan xoflanmaları əsassız deyil. Çünki Rusiya özünü son 125 ildə Avropaya bu yöndən göstərib. Avropada Rusiyaya etimad göstərmirlər, ondan qorxurlar, onu etibarlı və mədəni ölkə saymırlar, məkrli, hiyləgər, zorakılığa meylli dövlət sayırlar.
Almaniyanın kansleri Fridrix Merts, Britaniyanın baş naziri Keir Starmer, Fransanın prezidenti Emmanuel Makron, eləcə də Avropanın digər aparıcı ölkələrinin rəhbərləri bu barədə vaxtaşırı danışırlar.
Avropada Rusiyaya bu və ya digər şəkildə rəğbət göstərən siyasilər Macarıstan, Slovakiya və Serbiyanın rəhbərləridir. Onlar da daha çox öz maraqlarını güdürlər və su boğazlarına çıxacağı halda Moskvaya arxa çevirərək, öz başlarının çarəsinə baxacaqlar.
O biri Avropa ölkələri isə Rusiyaya nəinki rəğbət bəsləmirlər, hətta ona nifrət edirlər. Başqa sözlə, Rusiya Avropada təklənib.
Ancaq bu azman dövlətin Baltikyanı ölkələr də daxil, heç bir Avropa ölkəsini işğal edərək, şaquli şəkildə Moskvaya tabe etdirmək planı yoxdur. Rusiya onlar işğal edə bilsə də, idarə edə bilməz. Hələ sovet dövründə Moskva Latviya, Litva və Estoniyadan ciddi soyuqluq görürdü və bu ölkələrə öz patavalı mədəniyyətini diktə edə bilmirdi. Baltiklilər Moskvanı yola verirdilər.
Kreml Avropanın şərqindəki sosialist ölkələrindən də vaxtaşırı itaətsizlik görürdü, bəzən o baş qaldırmaları silahla, qanla ram edə bilsə də, bəzi hallarda əlindən bir şey gəlmirdi. SSRİ-yə daxil olan respublikalardan fərqli olaraq, sosialist düşərgəsi ölkələrində Rusiyanın işğalçı olduğunu ona tez-tez xatırladırdılar.
Maraqlıdır ki, Rusiya hərb maşınının tırtılları altında əzilən Avropa ölkələrindən ikisi məhz Macarıstan və Slovakiya olub (sonuncu Çexiya ilə ittifaqda idi). Bu gün onlardakı Moskva heyranlığı sırf bu səbəbdən heyrət doğurur.
Almaniyanın şərq hissəsinin, keçmiş ADR-ə daxil olan torpaqların əhalisinin də Rusiyaya münasibəti qərb bölgələrində olduğundan fərqlidir, müsbətə doğrudur. Halbuki əksinə olmalıydı. Müharibədən sonra bu bölgələr ta 1989-cu ilə qədər Rusiyanın tapdağı altında olub və Kreml konkret olaraq 1947-ci ilə Şərqi Almaniyada kükrəyən üsyan zamanı almanlara divan tutub.
Almanlar, macarlar, slovaklar ya unutqandırlar, ya da sağı-solu bəlli olmayan bu aqressiv dövlətdən çox çəkinirlər.
Qorxuya qalsa, adı çəkilən xalqlar tək deyillər, isveçlilər və finlər də Rusiyadan bərk qorxurlar.
Finləri anlamaq olar, II dünya müharibəsi zamanı onlarla SSRİ arasında ciddi müharibə olub, qanlı döyüşlər gedib. O zamandan bəri Finlandiya Rusiyanı aqressiv dövlət sayır və ona güzəştə getməli olduğu torpaqları unutmur.
Bu iki dövlətin Rusiyadan xoflanması 2022-ci ildə başlanan Ukrayna müharibəsindən sonra çox şiddətləndi. Həm İsveç, həm də Finlandiya panik halda NATO-ya üzv olmaq üçün müraciət etdilər. Bu ölkələrin siyasətçilərində və media qurumlarında belə bir qənaət hasil olmuşdu ki, bir az da geciksələr, Rusiya onlara da hücum edəcək. Hər iki dövlət NATO-nun qanadı altına sığınaraq özlərini qorumaq istəyirdilər və bir qədər maneə ilə üzləşsələr də (Türkiyə və Macarıstan Skandinaviya dövlətlərini bir az incitdilər), sonda istədiklərinə nail oldular, bir az rahatlaşdılar. Amma “rus xofu” onların canından hələ də çıxmayıb.
Rusiyanın işi isə Avropa ilə deyil. 1941-45-ci illərin 3 il 7 ayında döyüşə-döyüşə gedib Berlin civarına çıxan rus hərb maşını son 3 il 7 ayda Donbasda ilişib, qabağa gedə bilmir, getsə də, çox yavaş-yavaş gedir. Hətta Rusiya əldən verdiyi Kurskdakı qəsəbə və kəndləri geri aldıqca, hərəsini ayrıca bayram edirdi.
Hazırda Kreml əsasən Moldova, Qafqaz və Orta Asiya ölkələri ilə əlləşir, onları öz orbitində saxlamağa çalışır: birinə xox gəlir, o birinə təzyiq edir, bu birini dilə tutur, başqa birini şantaja məruz qoyur və s.
Ancaq maraqlıdır ki, keçmiş SSRİ ölkələri Rusiyadan avropalılar qədər xoflanmırlar və onun yenidən paytaxtlara ordu yeridərək işğal siyasətinə əl atacağından çəkinmirlər.
Əslində Kreml bu respublikaları başqa, bir qədər yumşaq rıçaqlarla öz ətrafında saxlamaq fikrindədir. Avropa ilə müharibə vəziyyətində olan Moskva bir də Qafqazda və Asiyada özünə ikinci, üçüncü cəbhə açmaq niyyətində deyil - ən azı indiki vaxtda.
Bir sözlə, Rusiya öz arealında qorxunc simasını itirməkdədir, Avropa isə Rusiyadan yana patoloji qorxu içindədir.
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ