İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev onlara QALİB gəldi!

Xəbər gəldi: Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb! Məzarlıqda tapılan qalıqların ətrafında qazıntı işləri davam etdirilir. Hesab olunur ki, qalıqlar daha çox olacaq...

İndi yüzlərlə ailədə həyəcan yaşanır, görəsən... 1992-ci ilin 25-26 fevralında erməni faşizminin törətdiyi Xocalı soyqırımından sonra 150 nəfərin taleyi bu günədək naməlum qalıb. Bir çoxlarının nəslini kəsib faşistlər! Ümumilikdə Birinci Qarabağ müharibəsində əsir düşən, girov götürülən 4 minədək insanımızdan xəbər yoxdur bu günədək! İndi görün həmin itkinlərin ailələrində nələr yaşanır. Oğul dərdi çəkməkdən gözləri tutulan, beli bükülən valideynlər heç olmasa bir nişanə axtarırlar itkinindən. Sadəcə məzar yeri olsun, qurban kəsəcəyini əhd edən ailələr var!

ESGERAN.jpg (110 KB)

44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlarda 400-dək insanın qalıqları aşkarlanıb. Hamı gözləyir...

Qarabağın azad olunması, Ermənistanın məğlubiyyəti, Xankəndidəki cinayətkar rejimin məhv edilməsi bu deməkdir: Azərbaycan özünün itkinlərini də özünə qaytarır, təkbaşına! Qarabağı azad etdiyi kimi, xəritələri gizlədilən minaları 342 qurban hesabına aşkarladığı kimi, Ermənistanın vəhşiliyindən fəlakətlər yaşamış sakinləri, onların yaxınlarını yeni tikilən şəhər və kəndlərə qaytardığı kimi!

QAYİDİS SON.jpg (187 KB)

Azərbaycanın öz torpaqlarını həm də bax buna görə azad etməsini istəmirdilər, maneələr yaradırdılar, cinayətlərin izləri aşkara çıxmasın, əbədi ört-basdır edilsin. Bu, təkcə terrorçu, işğalçı Ermənistanın siyasəti deyildi, həm də onun havadarlarının mövqeyi idi. Axı cinayət ortaqlarıdırlar. Ermənistanın nə gücü, imkanı var idi Azərbaycana qarşı belə genişmiqyaslı cinayətlər törətsin, ərazilərini on illərlə işğalda saxlasın?

Prezident İlham Əliyev Qarabağı azad etməklə bu beynəlxalq miqyaslı cinayətkar şəbəkənin əməllərini ifşa etdi. Budur, artıq onların növbəti cinayətləri ortaya çıxır. Xocalı soyqırımını 32 il ərzində tanımayanlar, Xocalıya ədalət istəyən Azərbaycanı xunta rejimini cəzalandırdığına görə ittiham edənlər indi baxsınlar bu insan qalıqlarına! Desinlər, zövq alırlar əməllərindən?! Hərçənd bəziləri üçün heyrət doğuracaq kadrlar deyil, məsələn, Ermənistanın “Böyük bacısı” üçün. Parisin “İnsan Muzeyi”ndə (Musee de l’Homme) yüzlərlə əlcəzairlinin kəllə sümüyü saxlanılır və ziyarətçilərə göstərilirsə, belələri üçün Əsgəranda aşkarlanan insan qalıqları təəccüblü görünməz. Azərbaycanı ittiham edən Fransa dinc insanların sümüklərini auksiona çıxarmaqla, muzeydə eksponat kimi saxlamaqla fəxarət duyur. Azərbaycanın Hərbi Qənimətlər Parkında işğalçı erməni ordusunun hərbçilərinin baş geyiminin nümayişini sinirə bilməmişdilər, ağız-ağıza vermişdilər bu kəllə manyakları!

PAPAQ.jpg (265 KB)

Əsgəran son 30-35 illik dönəmdə “qan çanağı” olub. Azərbaycana qarşı olmazın cinayətlər törədib buradakı terrorçular. Ötən ilin ikinci yarısında Azərbaycan Ağdam yolu ilə Xankəndidəki ermənilərə un yardımı aparmaq istəyəndə də Əsgərandakı qaniçənlər yolu kəsmişdilər. 19-20 sentyabr antiterror tədbirlərindən sonra Əsgəran qalasında Azərbaycan bayrağı dalğalanır! Azərbaycan Prezidenti İlham Əliyev Zəfərimizin Əsgəran səhifəsinə də imza atdı! Bu zəfərin üstündən heç 5 ay keçmədən Əsgəran daxil, Azərbaycanın bütün bölgələrində prezident seçkisinin keçirilməsi təkcə erməni faşizminin gözlərinə dağ basmaq deyildi ki. Bu qalibiyyət bütövlükdə ermənilərdən maşa kimi istifadə edənlərin başına endirilən yumruq oldu. Ona görə də arabir səndələyə-səndələyə qalxırlar, Azərbaycana barmaq tuşlayırlar, hansısa sərsəm iddialar və sənədlərlə çıxış edirlər, erməniləri üstümüzə kükrədirlər, sonra yenə də yerlərində otururlar. Çox ağır zərbə alıblar Azərbaycandan, gözləmədikləri dərəcədə.

Fevralın 7-də keçirilən seçkilərə şər-böhtan atmaq üçün əllərindən gələni edirlər. Qərbin ayrı-ayrı məkrli çevrələrinin ruporu rolunu oynayanlar da gülüş doğuran iddiaları tirajlamağa, seçkinin nəticələrinə xələl gətirməyə çalışır. İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsinin özü belə, ayrı-ayrı paytaxtlara zərbə oldu. Axı onlar on illər boyunca Xankəndidə at oynadıblar. Unutmamışıq, Fransadakı seçkilərdə namizəd olan erməniyanlısı təbliğat kampaniyasına Marseldən yox, Xankəndidən (!!!) başlamaq istəmişdi, buna imkanı çatmadıqda şivən qoparmışdı. Başqa birisi də vaxtaşırı separatçılarla qol-boyun olurdu. İndi artıq Xankəndinin əsl sahibləri qayıdıb, qururlar, yaradırlar, hətta gələcəyə buradan səs verirlər, təbii, erməni yalağından yal içənlər havalanacaqlar!

PREZİ XAN.jpg (91 KB)

Azərbaycanın son 200 illik tarixində ilklərə imza atan, Qarabağ Fatehi adını haqq edən İlham Əliyevin xalqdan aldığı 90 faizdən artıq səsə şübhə etməyə çalışanların arqumentləri yoxdur. Hətta başqa sözləri olmayanda iddia edir ki, İlham Əliyev Razi Nurullayevə, Fuad Əliyevə, digər namizədlərə qalib gəlib, yəni bu, elə də böyük qələbə deyil. Anlamırlar ki, bu tarixi seçkinin favoritinin, qələbəyə haqq edən namizədin kimliyini seçki marafonuna qatılan və prosesə kifayət qədər rəng qatmağa çalışan, töhfə verən rəqiblər də bilirdilər. Sadəcə, seçki prosesi onlara tribuna verdi, özlərini daha çox təbliğ etdilər, xalqa və hətta xarici auditoriyaya tanıtdırdılar, ideyalarını səsləndirdilər, faydalı təkliflərlə çıxış etdilər, xalqın problemlərini dilə gətirdilər, həll yollarını səsləndirdilər. Bunun özü xalqa və dövlətə xidmət deyilmi? Azərbaycanda qaşınmayan yerdən qan çıxartmağa çalışan bəzi çevrələr iddia edirlər ki, namizədlər rəqib olduqlarını sübuta yetirə bilməyiblər. Hə, bu qüvvələrə Azərbaycanda sakit seçki lazım deyil axı, seçki adında toqquşmalar lazımdır, tamaşa istəyirlər, “Ərəb baharı”na bənzər “maraqlı” tamaşalar. Onların bu arzuları da gözlərində qaldı.

POLU.jpeg (196 KB)

Əslində siyasi mədəniyyət nümunəsidir. Baxın, Zahid Oruc qalib rəqibinə, Azərbaycanın daha 7 il başında dayanacaq Liderə zəng edərək inamlı qələbə münasibətilə onu təbrik edib, bildirib ki, xalqın mütəşəkkil dəstəyi ilə xarakterizə olunan seçkilər, bu mərhələdə qazanılan nəticə ölkəmizin gələcək həyatında çox mühüm rol oynayacaq. Həmçinin digər namizədlər Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev, Razi Nurullayev və Fuad Əliyev İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik ediblər, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar. Rəqiblər təbrik edir, daha güclü Azərbaycan uğrunda arzularını çatdırırlar. Bizə güclü Azərbaycan lazım deyilmi? Bizə lazımdır, amma anti-Azərbaycan çevrələrə təbii ki, yox! Bəli, demokratik seçki prinsiplərinə əsaslansaq, İlham Əliyevin seçkidəki rəqibləri digər 6 nəfər idi. Amma açıqlanan 92,05 faizlik qələbə cənab Əliyevin seçki marafonundakı rəqibləri üzərində qazandığı qələbə deyil. İlham Əliyev Azərbaycan seçicisinin möhtəşəm dəstəyini almaqla Fransa prezidenti Emmanuel Makrona, Almaniya Kansleri Olaf Şoltsa, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayna, yenicə seçilməsi ilə Azərbaycana qarşı düşmən mövqeyi ortaya qoyan Avropa Şurası Parlament Assambleyasının prezidenti, yunanıstanlı Teodoros Rousopoulosa, Strasburqdakı anti-Azərbaycan qətnaməsinin ideya müəlliflərindən olan almaniyalı deputat Frank Şvabeyə və digər ermənisifətlərə, ermənipərəstlərə qalib gəldi! Azərbaycanda alternativli, sivil, seçici aktivliyi şəraitində baş tutan seçkinin özü də anti-Azərbaycançılara tərs şillə idi. Onlar düşünürdülər ki, xalq seçkiyə gəlməyəcək. Amma növbələr yarandı növbədənkənar seçkidə! Şvabe və tərəfdarları seçki hesabatını əvvəlcədən hazırlamışdılar, qara hesabatları əllərində qaldı. ATƏT DTİHB-i də müşahidə prosesindən çəkindirə bilmədilər, şantaja əl atsalar da! Qalib Prezidentə təbriklər gəlir, xoş sözlər səslənir! Qarabağın azadlığından sonra Şuşaya diplomatını göndərməyənlərdən təbrik gözləmirik də. Bizimçün Azərbaycandakı seçkiyə münasibətin əsasında Qarabağa, Xankəndiyə, Şuşaya münasibət dayanır. Şuşa, Xankəndi zəfərinə görə bir kəlmə təbrik mesajını əsirgəyənlərdən gələcək təbrik də gəlməz olsun! Əsas odur Azərbaycan xalqı mütəşəkkilliyi ilə onların cavabını verdi, onu növbəti zəfərlərə çatdırmış və növbəti böyük hədəflərə doğru, ən uyğun yollarla aparacaq Liderinə böyük etimad göstərdi. Bu, Vətən uğrunda seçki idi, Vətən müharibəsindəki müharibə kimi! Bu, bir günlük antiterror tədbiləri qədər olduqca önəmli tarixi hadisə idi. Azərbaycan qazandı, təkcə İlham Əliyev deyil! Azərbaycan xalqı həm də QALİB SƏRKƏRDƏSİNin Xankəndidən ucalan SƏSinə SƏS verməklə qazandı! Azərbaycan daxilində bu seçkinin məğlubu yoxdur, hamı QALİBdir! Rəqiblər də, Laçının Zabux kəndində səs verən sadə vətəndaş da! Uduzan düşmənlərimiz və havadarlarıdır! Brüsseldə, Parisdə, Qranadada toplaşıb, Azərbaycan əleyhinə plan quranların arzusu qursağında qaldı 7 fevralda!

ZABUX.jpg (242 KB)

Amma və lakin təəssüf doğuran hallar da var. Məsələn, Ermənistan mediası AXCP sədri Əli Kərimlinin 7 fevral seçkisinin nəticələrini tanımamasını manşetlərdən yayıb. Bu mövqe Vətən müharibəsi zamanı əsgərin silahı yerə atıb, “döyüşmürəm” deməsi kimi acı faktdır. Erməniləri sevindirən, Şvabekimilərin, Azərbaycanın mandatını donduranların fitnəkar mövqeyinə, əlinə işləyən bəyanatdır. Vaxt var idi Qarabağın azad olunmasının yolları barədə bəlağətli nitq söyləyənlərin Qarabağı azad edən, Xankəndidə qurulmuş məntəqədə səs verənin qələbəsini tanımamasına ad qoymaq çox çətindir. Demək Qarabağ uğrunda mitinqlər də, çıxışlar da tamaşa üçünmüş...

Üstəlik, belə bir ərəfədə Avropa İnsan Haqları Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı açdığı dava barədə qərarını elan edib, AXCP sədrinə kompensasiya ödənilməsi barədə hökm verib. Təsadüfdürmü? AŞPA Azərbaycana qarşı savaş açıb, Azərbaycan bu ədalətsizliyə görə Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsindən çıxa biləcəyini anons edərək Strasburqa xəbərdarlıq yollayıb, belə durumda Azərbaycanın partiya sədrinin şikayəti təmin edilib. Normalda adında Azərbaycan olan partiyanın sədri Azərbaycanın yanında olmalı idi, qarşısında yox!

Xatırlayıram, illər öncə seçkilərlə bağlı problemlərə görə yerli məhkəməyə müraciət edəndə Apellyasiya Məhkəməsinin hakiminə bildirmişdim ki, çox istəyirəm ölkəmizdə problemlər həllini tapsın, istənilən halda, mən “Azərbaycana qarşı” girişli şikayət ərizəsinin müəllifi olmağı özümə rəva bilmərəm! Çox təəssüf, Azərbaycana qarşı savaş açanlardan kömək, avro umanlar var ölkəmizdə...

SESVER.jpg (229 KB)

Etiraf etmək çoxmu çətin idi? İlham Əliyev onların da bacarmadığını bacardı...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024