İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkillərdən baxışlar – bir saniyəlik görüntülərlə uzağa getmək...

Rusiya və Azərbaycan prezidentlərinin Tacikistanın paytaxtı Düşənbə şəhərində görüşmələri, iki dövlət arasındakı gərginliyi bəlli bir ölçüdə azaltmaları hər iki ölkənin mediasında geniş işıqlandırılır və bu, təbiidir.

Söhbət iki qonşu arasındakı soyuqluqdan, başlanmış “soyuq müharibə”dən gedirdi və bu, indiki dövrdə həm Rusiyaya, həm də Azərbaycana sərf edən intriqa deyildi.

Gərginliyin yaranma səbəbləri barədə təfərrüata varmağa ehtiyac yoxdur. Son 10 ayda bu barədə min dəfə yazılıb, siyasətlə, ölkənin, dövlətin taleyi ilə maraqlanan hər kəs istisnasız olaraq bunu bilir.

Hamı indiyə qədər cığallıq edən tərəfin də kimliyindən xəbərdardır. Bu, “iki üstəgəl iki”nin cavabı qədər bəsit düstur idi.

İndi şükür ki, ziyanın yarısından qayıtmaq mümkün oldu.

Düşənbə görüşündə verilən sözlər, o cümlədən prezidentlərin anlaşması onu deməyə əsas verir ki, lazımi işlər görüləcək, münaqişə predmeti tamamilə aradan qaldırılacaq, ikitərəfli münasibətlər ötən ilin ortalarındakı vəziyyətə gələcək.

Söz yox, müəyyən umu-küsülərin izi qalacaq, amma dövlətçilik təcrübəsində şəxsi incikliklərin rolu bir yerə qədərdir və həlledici rol oynaya bilməz.

Ona qalsa, bəzi ölkələrin liderlərinin beynəlxalq sammitlərdə başqa ölkələrdən olan həmkarlarına qarşı etdikləri qabalıqlara görə dövlətlərarası münasibətlər pozulmalıydı. Amma bildiyiniz kimi elə şeylər olmur.

İndi müşahidələr göstərir ki, bəzi media qurumlarında, daha çox isə sosial şəbəkələrdə Vladimir Putinlə İlham Əliyevin görüşü zamanı çəkilən şəkillər üzərindən qəribə bir kampaniya start götürüb, müxtəlif rakurslardan çəkilmiş şəkillər müxtəlif cür yozulur.

Bəzən bunu “bədən dili” adlandırır, liderlərin görüş zamanı özlərini nə cür aparmalarına, kimin özünü rahat, kimin narahat hiss etməsinə, hətta dialoq vaxtı kimin qalib, kimin məğlub durumda görünməsinə dair şərhlər verilir.

Belə şeylərə ehtiyac yoxdur və əldə olunmuş kövrək olan anlaşmanın ziddinədir. İki lider görüşüb, anlaşıb, konflikti çözüb, gərginliyi arxada qoyublar - əsas məsələ budur.

Müasir fotokameralar o qədər həssasdır ki, bir saniyədə yeddi şəkil çəkə bilir. İnsan isə danışarkən əl hərəkətləri edir, mimikası dəyişir və bunlar heç də qalıcı bir şey deyil, növbəti saniyədə başqa şəkil alır. Bacarıqlı fotoqraf cəmi bir saniyə çəkən hansısa jestin, qrimasın anını tutur, dondurur və bizə təqdim edir. Biz isə onun üzərində uzaq gedən şərhlər veririk, “filankəsin bədən dili göstərir ki” ilə başlayan cümlələr qururuq.

Məsələn, söhbət əsnasında tərəflərdən biri gözünü qırpa, o biri başını bir saniyəlik aşağı sala, sağa-sola əyilə bilər. Fotoqrafın çəkdiyi şəkildə isə adam həmsöhbətinin qarşısında gözünü yummuş, onun danışdığı zaman başını aşağı salıb onu dinləyirmiş kimi düşəcək. Hələ bir saniyəlik əyilmə jesti şəkildə belbükmə kimi düşə bilər.

Bu, o demək olacaq ki, üzbəüz danışanlardan biri situasiyanın ağasıdır, o biri isə artıq özünü əzdirib?

Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan söhbət edərkən çox əl-qol, boyun, çiyin jestləri edir, mimikası tez-tez dəyişir. O, söhbət edərkən fotokameranı ona tuşlayaraq, yüz dənə xoşagəlməz görüntü əldə etmək olar. (Vovayeviçin belə görüntüləri çoxdur). Ancaq bu, demək deyil ki, Paşinyan dünya ölkələrinin liderləri ilə görüşəndə dizini yerə atıb yalvar-yaxar edir, özünü alçaldır, sındırır. Düzdür, onda başqalarına aşırı iltifat göstərmək xasiyyəti var, amma adamı görüntüləri ilə aşağılamaq düzgün deyil.

Bu, başqa liderlərin görüntülərinə də aiddir.

Ümumiyyətlə, belə piar elementlərinə yer verilməməlidir. Bu, kriminal aləmə məxsus adətdir. O aləmdə iki avtoritetin görüşü zamanı kimin “ötkəm” rolda olduğu, kimin “sındığı”, söz duelindən kimin qalib çıxdığı məsələsi mühüm səciyyə daşıyır. Kriminal jarqonla desək, “strelka”ların sonunun əksər vaxtı qanlı atışmalarla bitdiyini bu mövzuda çəkilmiş yüzlərlə filmdən, eləcə də həyati gerçəkliklərdən bilirik.

Siyasi liderlər isə görüşür, müzakirə aparır, sonda necəsə ortaq məxrəcə gəlir, anlaşırlar. Anlaşa bilməsələr də, daha tapança çıxarıb atışmırlar.

Ona görə də hansısa görüşə, debata siyasi şərh verəndə politoloji terminlərdən istifadə etsək yaxşıdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR