Onlayn ictimai-siyasi qəzet
Bu gün sabah Rusiya-Ukrayna müharibəsinin 2 ayı tamam olur. İki-üç günə bitəcəyi güman olunan bu savaş artıq dünya müharibəsi statusu almaqdadır. Sadəcə, I və II dünya müharibələri ilə bunun arasında ən ciddi və həlledici fərq odur ki, bu dəfə dövlətlər müharibəyə aktiv şəkildə qoşulmayıblar.
Passiv şəkildə isə artıq Avropanın, demək olar ki, bütün dövlətləri, Atlantik okeanının o tayından ABŞ və Kanada, Uzaq Şərqdən Yaponiya, Okeaniyadan Avstraliya və Yeni Zelandiya, Yaxın Şərqdən İsrail, eləcə də digər dövlətlər Rusiya və Ukrayna müharibəsinə qoşulmuş sayıla bilərlər.
Onların bu müharibədə yalnız hərbi qüvvələrlə, əsgər və zabitlərlə iştirak etmirlər, yerdə qalan hər şey başqa dövlətlərin savaşa qarışdıqlarını göstərir.
Əksər ölkələr Ukraynaya toplam həcmi on milyardları aşan məbləğdə maliyyə vəsaiti, modern silahlar, hər cür hərbi sursatlar, azuqə, geyim, ləvazimatlar göndərir, bu ölkədən qaçqın düşən insanlara humanitar yardım göstərir, sığınacaq verir, bununla da Ukrayna dövlətinin yükünü azaldırlar.
Sayları az olsa da, Rusiyaya da kömək edənlər var. Belarus, Serbiya, Macarıstan, Ermənistan, Suriya Rusiyanın yanındadırlar.
Türkiyə, Azərbaycan, Moldova, Gürcüstan kimi ölkələr hərbi baxımdan münaqişədə tərəf tutmamağa çalışır, problemə humanitar prizmadan yanaşırlar.
Çin və İran qəlbən Rusiyanın tərəfində olsalar da, rəsmi Pekin Qərbin ağır sanksiyalarına məruz qalmamaq, rəsmi Tehran isə indiyəcən əziyyətini çəkdiyi sanksiyalardan canını qurtarmaq üçün Rusiyanın müttəfiqi kimi görünməmək istəyir.
Daha dünya müharibəsi necə olur ki? Birinci dünya müharibəsində 36, ikincidə 70 dövlət iştirak etmişdisə, Rusiya-Ukrayna müharibəsinə bu və ya digər şəkildə qarışan ölkələrin sayı artıq 70-i keçib. Köhnə Avropa ölkələrinin üstünə postsovet ölkələri, keçmiş Yuqoslaviyaya daxil olan ölkələri də gəlsək, babat rəqəm alınar. Görünür, əvvəlki müharibələrin acı təcrübəsi, böyük itkilər və məşum faciələr dövlətləri vadar edir ki, müharibənin qanlı poliqonuna bir az kənardan baxsınlar.
Rusiya təbliğatçıları tok-şoularda, canlı efirlərdə “biz bütün Avropa ilə vuruşuruq” deyərkən haqlıdırlar. Sadəcə, onların yanlışlığı ondadır ki, özlərini aqressiyaya məruz qalmış, təklənmiş tərəf kimi aparırlar. Əslində, təklənmə məsələsi də havayı söhbət deyil. Hazırda Rusiya bütün Avropaya qarşı vuruşduğu kimi, bütün dünya (xırda-para istisnalarla) da Rusiyaya qarşıdır.
Əvvəlki böyük müharibələrdən fərqli olaraq indi dövlətlər bir-birinə rəsmən müharibə elan etmirlər. Deyəsən, artıq buna ehtiyac yoxdur. Onlar sadəcə, tərəflərini, kimin mövqeyində olduqlarını bildirirlər, məsələ bitir. Əgər hansısa dövlət Rusiyaya tətbiq edilən sanksiyaya qoşulursa, o, artıq Rusiyaya müharibə elan etmiş olur. Əraziyə qoşun yeritmək vacib deyil.
Sanksiyalara qoşulmayan dövlətlərin isə bir çoxunun əsl məqsədi Rusiyaya tərəf çıxmaq, onun məğlubiyyətinin qarşısını almaq deyil, iqtisadi, hərbi planda ziyana düşməmək, gələcəkdə, müharibə bitəndən sonra bu dövlətlə daha yaxşı münasibətlərə malik olmaqdır. “Rus ayısı”nın iti caynaqlı pəncəsinin ağır zərbəsindən qorxanlar da var. Bu, kifayət qədər real təhlükədir. Ancaq Polşa, Litva, Latviya, Estoniya, Slovakiya və Finlandiya kimi ölkələr bu perspektivdən çəkinmirlər.
Kollektiv idman oyunlarından fərqli olaraq müharibə meydanına qüvvələr eyni sayda (11:11, 6:6, 5:5) və eyni cür döyüş vasitəsi ilə çıxmırlar, sayı daha çox olan, daha yaxşı silahlanan tərəf qalib gəlir. Azsaylı qoşunla böyük orduya qalib gəlmək kimi nümunəvi və tarixi döyüşlər qılınc-qalxan, ox-yay, əmud-nizə dövründə qalıb. Modern silahlar və onlardan bacarıqla istifadə edən mütəxəssislər olan yerdə parlaq zəkaya malik hiyləgər hərbi strateqlər də zəfərdə həlledici rol oynamırlar.
İndi əsas məsələ güclü koalisiya qurmaq, yaxşı təşkilatlanmaq, ordunu, döyüşən qüvvələri vaxtlı-vaxtında hər şeylə təchiz etməkdir. Bu məsələdə isə kollektiv Qərb daha üstündür. Ona görə də Rusiyanı məğlubiyyətdən yalnız möcüzə xilas edə bilər. Və o möcüzənin adı nüvə silahı ilə şantaj deyil. O şoqəribdən başqa ölkələrdə də var.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
09 Sentyabr 2024
07 Sentyabr 2024
05 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
24 Avqust 2024
23 Avqust 2024
21 Avqust 2024
19 Avqust 2024
17 Avqust 2024
15 Avqust 2024
14 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
10 Avqust 2024
08 Avqust 2024
06 Avqust 2024
04 Avqust 2024
02 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ