Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı mülki hayların başına corab hörənlərdən biri də öz əməllərinin qarmağına keçdi. Söhbət Fransadakı ifrat sağçı lider - “Milli Birlik” partiyasının lideri Marin Le Penidən gedir. “The Telegraph” yazıb ki, ölkə məhkəməsi onu iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edib.
Üstəlik, Le Pen növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən, həmçinin 5 il siyasətlə məşğul olmaqdan da məhrum edilib. Məhkəmə ermənilərin xalasını Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib. Le Penin Avropa Parlamentinin 3 milyon avrodan (3,3 milyon dollar) çox vəsaiti özünün “Milli Birlik” partiyasının üzvlərinə ödəmək üçün istifadə etdiyi barədə məhkəmə qərarı elan olunub. Beləliklə, Le Peni 2027-ci il prezident seçkilərindən kənarda qaldı.
Xatırlatmaqda fayda var: 2017-ci ilin aprelində prezidentliyə namizədliyini irəli sürən, hətta seçkilərdə ikinci tura çıxan Marin Le Pen keçmişdə qalmış “Dağlıq Qarabağ” münaqişəsinin nizamlanmasının “həll yolunu” təklif edirdi. Fransada nəşr edilən erməni qəzeti “Nouvelles d'Armenie”-yə müsahibəsində münaqişənin nizamlanması üçün “Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğu” haqda sərsəm iddia irəli sürmüşdü. Le Pen belə demişdi: “SSRİ-nin dağılmasından, sonra meydana çıxan sərhədlər beynəlxalq səviyyədə tanınıb, lakin Dağlıq Qarabağın müstəqilliyindən daha çox bölgənin Ermənistana birləşdirilməsinə dair Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşma daha məqbul olardı”.
Düzdür, Azərbaycana qarşı çıxan namizəd təkcə Le Pen deyildi. O zaman keçmiş baş nazir, prezidentliyə namizəd Fransua Fiyon da Azərbaycanı bir il öncəki Aprel döyüşlərində “Dağlıq Qarabağı güc yolu ilə ələ keçirmək cəhdində” ittiham etmişdi. Həyasızcasına iddia etmişdi ki, guya vaxtilə Stalin “Dağlıq Qarabağ”ı Ermənistandan ayırıb “Azərbaycanın tərkibinə verib”.
Fransa prezidenti Emmanuel Makronun özünün Azərbaycana münasibəti bəllidir.
Makronun 44 günlük Vətən müharibəsinin ilk günlərində, Ermənistanın işğalçılıq siyasətinə qarşı təkbaşına ədalətli müharibə aparan Azərbaycanı ittiham etməsi də, Azərbaycanın “Qarabağı işğal etməsinə” (?!-E.P.) imkan verməyəcəyi barədə absurd bəyanatı da, bu günümüzədək Parisin anti-Azərbaycan mövqeyi, Ermənistanı silahlandırmaqda davam etməsi, Avropa İttifaqının hərbi-kəşfiyyat dəstələrini Azərbaycanla şərti sərhədlərdə yerləşdirilməsi də faktdır. Amma zaman gələcək Makron da cəzasına çatacaq, o da öz qazdığı quyudan üzü yuxarı boylanacaq.
İlahi ədalət anlayışı var. Zaman-zaman yazmışıq ki, Ermənistanı və Qarabağdakı separatçıları himayə etməklə avropalı siyasətçilər, amerikalı senator, konqresmenlər erməni diasporundan aldıqları çirkli pulları “yuyurlar”. Bu barədə də vaxtaşırı faktlar ortaya çıxır, ifşa olunurlar. Le Pen ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosini xatırlatdı. İrəvana səfəri zamanı saxta “soyqırım” abidəsi önündə saxta göz yaşları axıtmışdı erməni pullarını “yumaq” üçün, Azərbaycanın ünvanına çərənləmişdi.
Başqa bir nümunə. Bu ilin yanvarında Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert Menendezi 11 il müddətinə azadlıqdan məhrum etdi. Ona korrupsiya, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləmək ittihamları ilə hökm oxunub. 70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilindi. Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub. Üstəlik, Menendezin şərikləri, Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum edildilər.
Düzdür, dünyada ədalət olsaydı, həmin şəxslər və Ermənistanın işğalçı, terrorçu siyasətini, Qarabağdakı separatizmi çirkli pullar qarşılığında himayə edənlər Beynəlxalq Məhkəmə önündə cavab verərdilər. Amma hər halda başqa adlar altında da olsa, bir çoxları cəzalarını alırlar. Son nəticədə yenidən revanşa can atanlar, elə bu saatlarda İrəvanın mərkəzində toplaşıb, növbəti dəfə “Miatsum” tamaşasını səhnələşdirməyə çalışanlar üçün tərs şapalaqdır bu kimi cəzalandırmalar. Nensi Pelosi, Menendez, Le Pen...Siyasi getdikcə genişlənəcək. Avropa İttifaqında, Avropa Parlamentində, Avropa Şurasında Azərbaycana qarşı alçaq iddialarla çıxış edənlərin hər birini qara sonluq gözləyir, gec-tez. Haylar üçün Nensi Pelosi, Menendez, Le Pen nağılları bitdi... Bu, erməni canilərinə və ya ermənipərəstlərin özlərinə dərs olmalıdır. Amma dərs olacaqmı? Az inandırıcıdır. Elə bu günlərdə 60 konqresmen Azərbaycan əleyhinə müraciət göndəriblər. Erməni milyarderlərdən aldıqları pulları yumaq lazımdır axı...
31 Mart 2025
30 Mart 2025
25 Mart 2025
24 Mart 2025
23 Mart 2025
22 Mart 2025
21 Mart 2025
19 Mart 2025
17 Mart 2025
15 Mart 2025
13 Mart 2025
12 Mart 2025
10 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
03 Mart 2025
25 Fevral 2025
24 Fevral 2025
22 Fevral 2025
21 Fevral 2025
20 Fevral 2025
18 Fevral 2025
17 Fevral 2025
13 Fevral 2025
10 Fevral 2025
06 Fevral 2025
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ