İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əqsa tufanı" niyə qopdu - 7 oktyabr hücumlarının arxasında dayanan sirli səbəblər - TƏHLİL

İlk yayım saatı: 06.10.2024, saat: 17:02

Ötən 1 il ərzində 42 min nəfər, o cümlədən 17 min uşaq və 11 mindən çox qadın öldürülüb

Qəzza müharibəsinin bir ili tamam olur. 2023-cü il oktyabrın 7-də səhər saat 6:30 radələrində Həmas silahlıları zolağın şimal hissəsindən mühafizə divarını keçərək İsrail ərazisinə hücum etdi. “Əqsa Tufanı” adı verilən əməliyyatda 340 nəfərlik Həmas qrupu, eləcə də daha sonra pərakəndə şəkildə İsrail ərazisinə daxil olan silahlı şəxslər Beeri Yahudi qəsəbəsində keçirilən festivalın iştirakçılarına hücum etdi. Basqında İsrail tərəfinin məlumatına görə, 1200 nəfər öldü, 250 nəfər isə girov götürüldü.

2024-01-22_13-06-00_0b31d308-1b5.jpg (67 KB)

Həmas bu hücumun İsrail ordusunun Qüds şəhərindəki əl-Əqsa məscidində fələstinlilərə qarşı zorakılığı və işğala cavab aktı adlandırdı. Hücumun 7 oktyabrda həyata keçirilməsinjn səbəbi kimi həmin gün İsraildə şənbə - tətil günü olması və 50 il əvvəl Misirin İsrailə hücumu ilə başlayan “Youm Kippur” müharibəsinin ildönümü ilə üst-üstə düşməsi göstərildi.

Həmasın İsrailə hücumun səbəbi isə Yaxın Şərqdə ABŞ-nin başlatdığı “İbrahim razılaşmaları” (Abraham Accords) və bölgədə başlayan ərəb-İsrail barışıq prosesi, əslində isə təslimçi (Həmasa görə) prosesi pozmaq idi. 2023-cü il sentyabrın 13-də Hindistanda keçirilən G-20 sammitində BAŞ-ın təşəbbüsü ilə Hindistan və Avropanı birləşdirəcək yeni nəqliyyat dəhlizi İMEC (India-Middle East-Europe economic corridor) razılaşması əldə olundu. Yeni razılaşma Hindistandan yüklərin gəmilərlə Dubaya (BƏƏ), oradan isə dəmir yolu ilə BƏƏ-Səduiyyə Ərəbistanı, İordaniya, İsrailə və Hayfa limanından isə Avropaya çıxışını nəzərdə tutan yeni nəqliyyat dəhlizi idi. Lakin eyni zamanda bu dəhliz ərəb-İsrail barışığının yeni mərhələsi idi. Nəticədə region ölkələri arasında avtomobil və qatar yolları birləşir, siyasi olara isə barışıq prosesi yeni mərhələyə qədəm qoyurdu. Üstəlik sentyabrın 28-də Fələstin administrasiyasının danışıqlara cəlb olunması bir mənada Ramallahı razı salmağa xidmət edirdi.

Lakin Həmasın 7 oktyabrda İsrailə qəfil hücumu bu prosesi baltaladı. Başlayan yeni qarşıdurma ərəb ölkələrini geri çəkilməyə vadar elədi. Çünki Həmasın hücumuna cavab olaraq bir gün sonra İsrail Həmasa qarşı “Dəmir Qılınclar” adlı qisas əməliyyatı başlatdı, oktyabrın 27-də isə İsrail ordusu quru qoşunları Qəzzaya hücum etdi.

41599966_524153204693738_8403845.jpg (66 KB)

Ötən 1 il ərzində Qəzzada davam edən müharibə nəticəsində 42 min nəfər, o cümlədən, 17 min uşaq və 11 mindən çox qadın öldürülüb. Həmçinin İordan çayının qərb sahilində keçirilən əməliyyatlar zamanı 700 nəfərdən çox insan ölüb.

İsrail baş naziri Benyamin Netanyahu hücumdan dərhal sonra qisas sözü verdi, Həmasın cəzalandırılacağını bildirdi. Bundan sonra İsraildə ümumi səfərbərlik elan olundu, həmçinin Qəzzaya bombardmanlar başladı. İsrail hakimiyyəti Qəzzanın nəzarətə götürülməsi, Həmasın və digər silahlı qrupların hərbi imkanlarının məhv edilməsi və zolağın silahsızlaşdırılmasını planlasa da, ötən bir il ərzində buna tamamən nail olmaq mümkün olmadı.

36e9ee573c1e85386e91c47c685f4c89.jpg (67 KB)

Ancaq bunun əvəzinə müharibə coğrafiyası genişləndi. Yəməndə 10 ildir iqtidarı ələ keçirmiş husilər bəyan etdilər ki, Qəzzada atəşkəs elan olunana qədər Qırmızı dənizdən keçən və İsrailə yük aparan gəmiləri hədəfə alacaqlar. Livanda isə Hizbullah Qəzza ilə həmrəylik elan edərək İsrailin şimal sərhədlərini atəşə tutdu.

İsrail ordusu Qəzza zolağının şimalı, mərkəzi və cənubuna daxil olub, bir çox yaşayış məntəqələrini ələ keçirsə də, Həması tamamən yox etmək və girovları azad etmək mümkün olmadı. Ötən müddətdə girovların bir qismi əsir dəyişikliyi zamanı azad edilib, bir qismi İsrail əməliyyatları zamanı azadlığa buraxılıb. Bir qisim girov isə İsrail bombardmanları və döyüşlər zamanı səhvən öldürülüb. Hazırda 70-ə yaxın girovun hələ də sağ olduğu güman edilir. Eyni zamanda Həmasın silahlı gücünün də böyük qisminin hələ də qoruyub saxladığı güman edilir.

Eyni zamanda İsrail Həmas və Hizbullahı dəstəkləməkdə ittiham etdiyi İrana qarşı cəbhə açmağa çalışıb. 2024-cü ilin 1 aprelində İranın Dəməşqdəki səfirliyinin binasını vuran İsrail aviasiyası yüksək rütbəli iranlı hərbçilərin ölümünə səbəb olub.

Buna cavab olaraq aprelin 13-də İran İsraili raket atəşinə tutub. ABŞ, Böyük Britaniya və İordaniya HHM sistemlərinin dəstəyi ilə İsrail ordusu İran raketlərinin böyük hissəsini vurub.

İyulun 31-də isə Tehranda yeni seçilmiş prezident Məsud Pezeşkiyanın inauqurasiya mərasimində iştirak edən Həmas siyasi bürosunun sədri İsmayıl Haniyə öldürülüb. Sui-qəsdin məsuliyyətini kimsə üzərinə götürməsə də, Tehran İsraili ittiham eti. Təl-Əviv isə ittihamları inkar etmək cəhdi belə göstərmədi.

xH1yU4BzPUmgICzxitmJZzJyw5s8jPfn.jpg (128 KB)

Bu il sentyabrın 17-də isə Livanda Hizbullahın istifadəsində olan peycerləri, bir gün sonra isə simsiz rabitə cihazları və günəş enerjisi panelləri partladı. Partlayış nəticəsində 37 nəfər insan öldü, 4 min nəfərə yaxın isə yaralandı. Rəsmi olaraq müəllifi olmasa da, Hizbullah və Livan hakimiyyəti terror aktına görə İsraili ittiham edib. Bundan sonra İsrail Livanın cənub hissəsini, o cümlədən də, Beyrutun Hizbullahın nəzarətində olan rayonlarını vurmağa başlayıb. 27 sentyabrda baş verən bombardman nəticəsində Hizbullahın baş katibi Həsən Nəsrullah, İran ordusunun (Sepah) generalı Nilfurşan və eləcə də Hizbullahın yüksək rütbəli rəsmiləri öldürülüb.

8a2409d1b7e5e38bb4efab055af08d3d.jpg (88 KB)

Bundan sonra İsrail Livanın cənubuna quru əməliyyatı elan edib. Əməliyyatın hədəfi Hizbullahı İsrail-Livan sərhədindən 30 kilometr şimala Litani çayından yuxarıya çıxarmaq və sərhəddə təhlükəsizlik zonası yaratmaqdır. Ötən həftə artıq Hizbullah və İsrail qüvvələri arasında ilk döyüşlər baş verib.

Oktyabrın 1-də isə İran İsmayıl Haniyə, Həsən Nəsrullah və general Nilfurşanın qisası olaraq İsrailə 181 ədəd ballistik raket atıb. İçərisində hipersonik raketlərin də olduğu bu zərbə nəticəsində İsrailin iki hərbi-hava bazası və ordu qüvvələri hədəfə alınıb.

Bunlarla yanaşı eyni zamanda hazırda İraqdakı şiə silahlı qrupları, Yəmən husiləri İsrail ərazisini raket və dronlarla hədəfə alır. Eyni zamanda İsrail aviasiyası vaxtaşırı olaraq Suriya və Yəmən ərazisini bombalayaraq silahlı qrupları hədəfə alır. Eyni zamanda bu ilin yanvarında ABŞ və Avropa İttifaqı ölkələri Qırmızı dənizdə gəmiləri husilərdən qorumaq üçün “Rifah qoruyucuları” koalisiyası yaradıb husiləri raket və aviasiya atəşinə tutub və tutmaqda davam edir.

0.jpg (33 KB)

Belə demək olar ki, hazırda İsrail ordusu 3 “cəbhədə” – Qəzza, Livan və İordan çayının qərb sahilində əməliyyat aparır. Həmçinin Yəmən, Suriya, Fələstin və Livan ərazilərini bombalamağa davam edir. Eyni zamanda İsrail hakimiyyəti bəyan edib ki, İranın 1 oktyabr raket zərbələrinə “ağır cavab” veriləcəyi ilə hədələyib. Yəni müharibənin yaxın günlərdə bitməsi ehtimalı azdır.

ABŞ, Avropa İttifaqı kimi müttəfiq ölkələr İsraili ötən bir ildə Qəzzada atəşkəsə vadar etmək üçün güclü diplomatik cəhdlər etsə də, Netanyahu hökuməti atəşkəs razılaşmasından son anda imtina edib. İsrailin hazırkı hakimiyyəti Qəzzada nəzarəti ələ keçirmək, Həmas kimi silahlı qrupları fiziki olaraq məhv etmək və Fələstin ərazisində silahlı qrupları aradan qaldırmağı hədəfləyir. Bu səbəbdən də Qəzzada məqsədinə çatana qədər atəşkəsə getmək istəmir. Ancaq ideoloji əsasları olan Həmas, İslami Cihad kimi qrupları tamamilə məhv etmək real deyil. Ötən bir ilin təcrübəsi də bunu göstərdi. Müharibənin uzanması isə Qəzza, Livan və İordan çayının qərb sahilində dinc insan tələfatlarının artması ilə müşayiət olunur.

Dünya isə hələ də sülhə yaxın deyil. Qətər (Doha), Qahirə və Parisdə aparılan sülh prosesləri iki dəfə qısa müddətli atəşkəs və girov dəyişikliyini istisna etməklə faktiki olaraq ciddi nəticəyə nail olmayıb. Ərəb ölkələri arasındakı ideoloji çat, Qərbin təsiri və birlik problemləri onları Fələstin məsələsində vahid mövqedən çıxış etməsinə imkan vermir. Öz növbəsində Qərb ölkələri, xüsusən də seçkilər ərəfəsində ABŞ administrasiyası İsrailin hazırkı sağçı hökumətinə lazımı siyasi təzyiq edə bilmir. Bu səbəbdən də Fələstin məsələsində həlledici sülh əldə etmək mümkün olmur. İldən ilə baş verən toqquşmalar daha da amansızlaşır və sülh ümidləri daha da azalır.

Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

29 Oktyabr 2024

21 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

14 Oktyabr 2024

07 Oktyabr 2024

04 Oktyabr 2024

30 Sentyabr 2024

01 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

27 Iyul 2024

17 Iyul 2024

05 Iyul 2024

27 Iyun 2024

16 Iyun 2024

27 Mart 2024

29 Sentyabr 2023