Onlayn ictimai-siyasi qəzet
Özümə söz vermişəm, neo-falçı Zirəddin nə vaxt müsahibə verərək “dəhşətli proqnozlar”la xalqı qorxudacaqsa, mütləq “elə deyil, düz demir, yalan deyir” kateqoriyalı bir yazı yazacağam. Ola bilər, hətta ayrıca “Neo-falçının növbəti yalanları” rubrikası açım.
Əlimi istənilən müqəddəs kitaba, hətta almanaxlara basıb and içərəm ki, bu adam nəinki gələcəyi, hətta 5 dəqiqə sonranı da görmür, görə bilmir, eləcə, illərdir basıb-bağlayır və belə şeylərə hər şeydən çox inanan insanlar heyrətdən gözlərini bərəldərək, bir az da qorxaraq, ona inanırlar.
Adam sadəcə, pul qazanmağın yolunu tapıb. Bir söz demirəm, Allah biznesini avand eləsin, Rusiyada minlərlə soydaşımızın hərəsi bir yolla başını dolandırır, biri də o olsun. Amma o da çörəyini insanları qorxutmaqdan, ürəkqopmasına salmaqdan çıxarmasın.
Budur, müəllim Rusiyanın hansısa telekanalında yayımlanan və sırf avantüra-kommersiya xarakteri daşıyan "Ekstrasenslərin döyüşü" şousunun altıncı mövsümünün bir verilişində deyib ki, dünyanı böyük bir fəlakət gözləyir. Çox konkret deyib: “Nəsə bir partlayış olacaq, nüvə partlayışından fərqli olacaq”.
Pah, dədənin evi tikilsin! Proqnozda konkretliyə, dəqiqliyə bax! Nöqtə atışı buna deyərlər. “Böyük fəlakət, partlayış olacaq”. Nostradamus belə deyə bilməzdi, oturub katren (şeir) yazadı:
Görürəm qərbdə mən müdhiş fəlakət,
Partlayış, faciə, qan-qada, möhnət.
Səmada göbələk-bulud görünür,
Yarımcan insanlar yerdə sürünür.
Vanqa nənə heyrət içində qalar, deyərdi, ah, gözlərimi açılsaydı, bu müdrik falçının suratını bir görsəydim...
Zirəddinin böyük partlayış görməsi nə deməkdir, bilirsiniz? Bu, o deməkdir ki, falçı soydaşımız Rysiya ordusunun uğursuzluqlarının davamlı olacağı təqdirdə Kremlin Ukrayna ərazisini taktiki nüvə silahı ilə vuracağını görür. O, bir növ həm düşməni xəbərdar edir ki, ağıllı olun, Moskvayla çiling-ağac oynamayın, sağı-solu bəlli deyil, başı çönər, sizi nüvə başlıqlı raketlə vurar. Həm də əlyeri qoyur ki, sabah Putin elə bir şey eləsə, bu çıxıb desin ki, bax, demişdim axı, gördüyüm böyük partlayış bu idi.
Amma bu falçılıq məsələ deyil. ABŞ-ın ,Almaniyanın və İngiltərənin hərbi kəşfiyyatı o “böyük partlayış”ı hələ ilin əvvəlindən “görürlər”. Almaniya o partlayışın öz ərazisində olmaması üçün hər gün Ukraynaya filan şey yardımını dayandırması barədə bəyanat verir.
Keçən dəfə bu mövzuda yazdığım yazıda öz şəxsi proqnozlarımı da qeyd etmişdim. Yadımda qalanlardan bəziləri indi yazım, görün, nə qədəri və necə doğrulub.
Yazmışdım ki, dəniz mövsümü başlayıb, Xəzərdə çoxlu batanlar görürəm. Bu il dənizdə boğulanların statistikasına baxın, görün, nə qədər düz demişəm. Boğulanların sayı 20-ni keçib.
Daha sonra yazmışdım ki, dəhşətli meşə yanğınları görürəm. Odur, Yunanıstanda, Bodrumda, Antalyada nə qədər meşə yandı. Bu günlərdə Havayın Maui adası diricə yanıb, 89 adam ölüb, yüzlərlə adam itkin düşüb. Mən o yanğını hələ iyunda “görmüşdüm”. Necə görmüşdüm, sirrini deyim. Yay mövsümünün fitrətində var, hər il yayda meşələrdə mütləq yanğın olur. Adamların dənizdə batması da o cümlədən. Hər il batırlar. Gələn ilin müvafiq proqnozunu indidən verə bilərəm: 2024-cü ildə Xəzərdə 30 civarında adam batacaq.
Bunu neçə dəfə yazmışam, yenə təkrar edirəm: Çində kömür şaxtasında partlayış, Hindistanda ağır qatar qəzası, Banqladeş sahillərində 300-500 adamın bərədə batması, İtaliya sahillərində miqrantların dənizdə boğulması, Pakistanda məsciddə terror aktı törədilməsi – bunları proqnozlaşdırmaq üçün falçı-malçı olmağa ehtiyac yoxdur. Bunu adi jurnalistlər də edə bilirlər. Çünki rutin şeylərdir, həmişə olur. Zirəddinin proqnozları da elədir. Olacaq şeyləri deyir.
Ancaq ekstra-scammer həmvətənimiz isə bu dəfə söhbətə gözügörünməzi də daxil edib: "Allahın qəzəbi təzahür edəcək".
Müəllim bu dəfə çıxış yolu da göstərib: “Qurtuluşun əsasında yalnız xeyirxahlıq və iman dayanır”. Bunu ilk dəfə məhz Zirəddin deyib. Ondan qabaq nə Volterin, nə Adam Smitin, nə də o biri filosof-yazıçıların ağlına gəlməyib.
Vəssalam. Çox keçməyəcək, bu deyəcək ki, məni göylərdən insanları ayıltmaq, pis yollardan, şərdən çəkindirmək üçün göndəriblər.
Dediyim odur ki, belə söhbətlərə inanmayın. Yox əgər inancınız dərindirsə, inanın, amma ürəyinizə salmayın.
P.S. Elə bu dəqiqələrdə təyyarə qəzası gördüm, amma harada, nə vaxt olacağını, hətta hansı ölkənin hava yollarının təyyarəsi olduğunu yaxşı görmədim.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ